"Çingiz Abdullayevə deyin, məndən kitab yazsın"

  • 03 noy 2016, 07:53
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin adından istifadə edərək dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə davam edib. Hakim Rahib Salamovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin ifadələri zamanı məlum olub ki, özlərini vəzifəli şəxslər kimi təqdim edən Alim İbrahimov və Tərlan Comərdov onların külli miqdarda pulunu ələ keçiriblər. 

Zərəçəkmiş şəxs qismində dindirilən Adil Həsənov  bildirib ki, Adil Həsənov ona bina tikintisi ilə məşğul olduğunu deyib: "Tərlan şərikimin tanışı idi. Ev tikərkən vergi ödənişləri ilə bağlı problemlər yarandı. Tərlana müraciət etdik. O, bu işi həll edə biləcəyini dedi. Biz qanun çərçivəsində işlərin həll olunmasının tərəfdarıydıq. Başımız çıxmadığı üçün ona görə Tərlana güvəndik. O, məni bir nəfərlə tanış elədi. Dedi ki, bu, vergilər nazirinin müavininin müşaviridir. Bütün vergi söhbətlərini həll edəcək. İnanıb, ümumilikdə 123 min manat pul vermişəm”.

Hakim zərərçəkmişdən niyə vergidən yayınmaq istədiklərini soruşub. A.Həsənov bildirib ki, məqsədləri qanusnuz iş görmək yox, sadəcə işlərini tezləşdirmək olub. "Bütün bu işləri qısa zamanda həll edəcəkdilər deyə, şərikimə inanıb bu adamlara pul verdim. Yoxsa kim tanımadığı adama bu qədər pul verərdi? Mən aldadıldığımı biləndə də pulumu şərikimdən tələb etmişəm. Bu iki şəxslə heç vaxt mübahisəmiz olmayıb”.

Zərərçəkmişin ifadəsi zamanı məlum olub ki, təqsirləndirilənlərdən Tərlan Comərdov A.Həsənovu aldatmaq üçün dostu Alim İbrahimovun köməyindən istifadə edib. Belə ki, T.Comərdov Alim İbrahimovu vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi təqdim edib və bildirib ki, vergi ilə bağlı problemlərini o həll edəcək. Nazirliyin vəzifəli şəxsləri ilə əlaqəsinin olduğunu, məsələni həll edəcəyi vədini verdi. Cəmi 123 min pul alıblar. Həmin pulun 49 min manatını və 2 min avrosunu Alim İbrahimova şəxsən Vergilər Nazirliyinin qarşısında vermişəm”. 

O qeyd edib ki, vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi tanıdığı Alim İbrahimovla görüşmək üçün Vergilər Nazirliyinə gedib. Məqsədi elə bu işi kabinetdə həll etmək olsa da, orada öyrənib ki, nazirlikdə belə bir şəxs yoxdur. Lakin bu da Adil Həsənova aldadılacağını hiss etdirməyib. Bir neçə dəqiqə sonra Alim İbrahimov ona zəng edib ki, nazirliyin qarşısında gözləyir. "Çıxanda BMV markalı avtomobildə gördüm. Çox səliqəli geyinmişdi. "Ministr” kimi adam idi. Pulu istəyəndə mən dedim ki, belə danışmamışıq. Ya akt, ya da hesab nömrəsi verməsini istədim. Dedi ki, aramızda olan adama etibarın yoxdurmu? Bu sözdən sonra razılaşdım, dedim ki, gəlmişəm artıq, işi həll edib, gedim”.

Hakim zərərçəkmişdən pulu verən zaman yanında başqa şəxsin olub-olmamasını soruşub. Adil Həsənov deyib ki, maşını idarə edən sürücü olub. Adını bilmədiyi sürücü danışıq zamanı maşından düşüb.

Təqsirləndirilən Alim İbrahimov isə eyni suala gülərək belə cavab verib: "Mən kiməm ki, sürücüm olsun? Həm də mən ondan pul almamışam. Tərlanın da ondan pul almasından xəbərim yoxdur. İşi danışmışdıq, sonra alınmadı” - deyən təqsirlənidirlən özünü nazir müavininin müşaviri kimi təqdim etməsindən danışmayıb. 

Zərərçəkmiş ifadə verərkən təqsirləndirilən Alim İbrahimovun gülərək deyib: "İmkan olsa yazıçı Çingiz Abdullayevə deyin, məndən bir kitab yazsın”.

Daha sonra zərərçəkmiş şəxs qismində Fikrət İbrahimov ifadə verib. Hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olan F.İbrahimov bildirib ki, qardaşı ilə şərikli qapı-pəncərə sexi işlətməklə yanaşı, tikinti materiallarının satışı ilə məşğul olublar. 

Təqsirləndirilən Alim İbrahimov F.İbrahimova özünü prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun mühafizəçilərinin rəisi kimi təqdim edib. "Yaxın dostum Bəhruzla görüşlərdən birində süfrə arxasında Alimin də olduğunu gördüm. Əvvəlcə özünü dindar adam kimi təqdim etdi. Dindən geniş məlumatı var idi. Səliqəli də geyinirdi. Nə təsadüf idisə, görüşlərdə Alim çox vaxt söhbətimizin üstünə gəlirdi. Sonradan özünü Əli Əsədovun mühafizəçilərinin rəisi kimi təqdim elədi. Bir müddət keçəndən sonra mən də düşündüm, bundan xahiş edim ki, Əli Əsədovun tikinti şirkətinə lazım olan qapı-pəncərələri bizdən alınmasında kömək etsin. Bu da razılaşdı”.

Fikrət İbrahimov bildirib ki, ona çox suallar verib, bəzi adamlar haqda soruşub, amma elə konkret və dəqiq cavablar verirmiş ki, şübhələnməyə əsas olmayıb. Onun sözlərinə görə, Alimin ona 28 min manat borcu qalıb: "Mən Alimə başqa tikinti materialları da satdığımızı dedim. Bir gün zəng elədi ki, 120 ton armatur lazımdır. Mən də hər tonunda 20 manat xeyir tutaraq ona verəcəyimi dedim. Alim dedi ki, pulu nağd şəkildə verəcək. Səhəri gün Alim maşınları sexə göndərib. Malı yükləyəndən sonra deyib ki, pul yoxdur. Mənə zəng edəndə dedim ki, pul yoxdusa, boşaldın. 15 dəqiqə sonra Alim zəng elədi. Başladı ki, bəs görün necə böyük adamla iş görmək istəyirsən, amma 120 ton armaturun söhbətini edirsən. Malın qiyməti də 94 min edirdi. Alim 94 minin söhbətini etməməyimi, pulu 1-2 günə verəcəyini dedi. Sonra Alim yoxa çıxdı. Dostum Bəhruza dedim. Bir neçə gün sonra Alimi tapdıq. Pulun bir hissəsini qaytardı. 28 min borcu qaldı”.

Alim İbrahimov Fikrət İbrahimovun da dediklərinə gülərək münasibət bildirib. "Fikrət müəllim kişi adamdır, dediklərinin hamısı doğrudur. Məqsədim malı satıb pul qazanmaq idi. Ancaq mənə də dostum "atıb”. Malı Məşhəddə tanış olduğum Elçin Həmidova vermişəm. Mən də tonunda 20 manat qazanc əldə edəcəkdim. Ancaq Elçin pulun qalanını vermədi. Mən də onu məhkəməyə vermişəm. Məhkəmə qərar çıxarıb ki, Elçin mənə dəymiş ziyanı ödəsin. Ancaq qərar icra olunmur. Mən çalışırdım pulu qaytarım. Anca polis imkan vermədi. Tutub saldılar içəri”.

Məhkəmə noyabrın 10-da davam edəcək. Növbəti iclasda digər zərərçəkmişlər ifadə verəcək.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü T.Comərdov və 1978-ci il təvəllüdlü A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunur. Onlar Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirləndirilirlər. Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər