Rəssam danışır: “Qədimdə Azərbaycanda erotik rəsmlər çəkilib”

  • 01 noy 2016, 20:17

Demokratik.Az Kulis Az-la rəssam Yusif Mirzə ilə müsahibəni təqdim edir.

 

- Yusif müəllim, yaradıcılığınızda nə yeniliklər var?

 

- Maraqlı işlər görürəm, düzdür, amma sərgilər, layihələr çox azdır. Bu il yazda Muzey Mərkəzində "Siyasətdən kənar” adlı sərgi oldu, mənim də Dövlət Rəsm Qalereyasındakı əsərlərimdən biri sərgiləndi. Mənim üçün çox xoş oldu ki, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin, mənim çox sevdiyim Müslüm Abbasovla yanaşı "Xatirə” adlı əsərim də sərgiləndi. Mənim üçün böyük şərəfdir. Böyük sənətkarlarla nümayiş olunmağım sübut edir ki, ənənələrdən bəhrələnməyib havayı getməyib. Bu istiqamətdə davam edirəm, qrafik işlərim var, pastel boyalarla işləyirəm.

 

- Hər gün emalatxanada çalışırsız?

 

- İndi bir az dərslərim çoxdur, məktəblilərə rəsm dərsi keçirəm. Yalnız həftə sonları emalatxanaya gedirəm. Amma xeyli işlərim var. Sağlıq olsun, qismət olsa bir sərgi edəcəm.

 

- Nə vaxta planlaşdırırsınız?

 

- Bilirsiniz, indiki dövrdə sərgi təşkil etmək çətindir. Maddi vəsait və enerji tələb olunur.

 

- Rəssamlar İttifaqı sərginin keçirilməsinə kömək etmir?

 

- Rəssamlar İttifaqının imkanları geniş deyil, sadəcə ictimai təşkilatdır, öz üzvlərindən heç üzvlük haqqı da almır. Rəssamlar İttifaqı dövlətin yardımına ehtiyacı olan təşkilatdır. Onların elə imkanı yoxdur.

 

- Bəs necə edəcəksiniz, sponsor?

 

- Bəli, sponsor tapmaq lazımdır. Əvvəllər maraqlı sərgilər olurdu. Mədəniyyət və Turizm Nazirliyinin Novruz bayramında böyük sərgisi olurdu. Orda iştirak edirdik.

 

- Sərgidə iştirak edəndə sizə ödəniş olur?

 

- Əsərlərimizi əsasən Dövlət Rəsm Qalereyası alır, sonra özü lazım olanda sərgiləyir.

 

- Dövlət Rəsm Qalereyası bu əsərləri özü seçir, yoxsa siz təqdim edirsiz?

 

- Qabaqkı kimi senzura, komissiya yoxdur. Kiminsə layihəsi olur və o, rəsmini öz sərgisində görmək istədiyi rəssamın əsərlərini ora daxil edir, kimi görmək istəmirsə onun əsərlərini almır. Heç kəs də bundan incimir.

 

- Dövlət Rəsm Qalereyası əsərlərinizi alanda qiyməti kim müəyyənləşdirir?

 

- Qiyməti adətən onlar müəyyənləşdirirlər. İstəyərdik ki, biz təklif elədiyimiz qiymətlər olsun.

 

- Normal ödəniş olur?

 

- Azərbaycan şəraitində pis deyil. Mədəniyyət və Turizm Nazirliyinə də, Rəssamlar İttifaqına da təşəkkür etmək istəyirəm, mənə bir il Prezident təqaüdü verildi. Bu da rəssama müəyyən qədər köməkdir. Çətin gündə rəssama istənilən kömək, yaradıcılıqlarına adicə maraq onlar üçün təkandır.

 

- Yusif müəllim, bizim xalqın təsviri sənətə münasibəti necədir?

 

- Açığını deyim ki, biz bu sahədə öz işimizi hələ qurmalıyıq. İnsanların zövqünü qaldırmaq lazımdır, bu məsələlərdə geriliyimiz var, kompleks işlər görmək lazımdır. Fikir vermişəm, sərgilərdə ancaq rəssamlar, onların dostları, qohumları olur. Kitab təqdimatlarında da eyni haldır, bilirəm.

 

- Bizimkilər evlərinə niyə rəsm əsərləri almırlar? İmkansızları demirəm, elə ailələr var ki, baxırsan hər hansı dini motiv əsasında hazırlanmış-məsələn, Kəbənin əksi olan saatı-plastmas, banal bir işi divardan asıb, onun heç bir estetik dəyəri də yoxdur. Amma eyni qiymətə, bəlkə də ondan daha ucuz qiymətə olan bir tablo alıb evindən asmır.

 

- Məni Milad bazarlarına tez-tez dəvət edirlər. Orda bizim rəssamların da işlərini görürəm. Bu bədii dəyərinə görə Çində istehsal olunmuş suvenirlərdən qat-qat ucuzdur. Bayaq dedim, sərgilərdə görürsən ki, ancaq rəssamların dostları qohumları iştirak edir. Amma başqa millətlərdə görürsən ki, tamaşaçılar gəlirlər. Başqa ölkələrdə sərgilərdə növbələr olur. Bizdə incəsənətə maraq azdır. Görünür, burda bizim də təqsirimiz var, yaxşı işləmirik. Çox iş görmək lazımdır. Burda müxtəlif faktorlar da var. Televiziyalar sənəti təbliğ etmirlər. Bayağı verilişlər verirlər, efirdə toy edirlər, amma sənət yoxdur. Bu şəkildə bayağılıq olmaz. Sənətə yer ayırmayanda xalqın zövqü korlanır.

 

- Yusif müəllim, xarici ölkələrlə, xüsusən Norveçlə sıx əlaqələriniz var. Sizə xaricdə daha yüksək münasibət göstərirlər, yoxsa bizdə?

 

- Təbii ki, bura mənim vətənimdir. Bir dəfə mənə dedilər ki, xaricdə işləyə bilərsən? Dedim yox, mən bu torpağa bağlıyam, enerjini burdan alıram. Mənim evimdən Xəzərin bir parçası görünür, hər səhər ona baxıram, və enerji alıram. Xarici ölkələrdə sənətimizə böyük maraq var. Azərbaycan unikal yerdə yerləşdiyi üçün ona diqqət edirlər. Norveçdə də Azərbaycana çox böyük maraq var. Mən bir aya yaxın orda qaldım, sərgilər elədim. Finlandiyada rəsmlərim kitab şəklində çap olundu.

 

- Şimali Avropa ölkələri təsviri incəsənətə böyük töhfələr verib. Belə bir halda norveçlilərin bizim rəssamlığa marağı nədən qaynaqlanır? Sizin yaradıcılığında etnoqrafik, milli keyfiyyətlər çoxdur, bəlkə onları cəlb edən budur?

 

- Bir dəfə rəsmlərimə baxan bir şotlandiyalı dedi ki, sən bizim tariximizi yaxşı bilirsən? Dedim ki, əlbəttə bilmirəm. O da cavabında dedi ki, sən bizim yazılardan çox istifadə edirsən. Sən demə məni istifadə etdiyim qədim Orhon-Yenisey yazılarını deyirmiş. Məlum oldu ki, Orhon-Yenisey yazıları qədim türklərdən vikinqlərə keçib, vikinqlərin basqını ilə də keltlərə keçib. Norveçlilər mənə dedi ki, sən rəsmlərində bizim tariximizi göstərirsən. Sənin əsərlərin qan yaddaşımıza təsir edir. Əslində mən öz tariximizlə maraqlanıram. Qobustanı çəkirəm, norveçlilər deyir bizim tariximizdir.  

 

- Hansı əsərləriniz idi?

 

- Qobustanla bağlı əsərlərim idi, Orhon-Yenisey əlifbası əsasında rəsmlər idi. Mən sonra Norveçə gedəndə gördüm ki, orda da qayaüstü rəsmlər var. Yeri gəlib qeyd edim. Səhv etmirəmsə Tretyakov qalereyasında idi, Andrey Rublyovun ikonalarını görmüşdüm. Onun ikonalarında müqəddəslərin başında halələr verilib. Mən ikonalarla bağlı araşdırmalar aparanda məlum oldu ki, onların kökü İrana gedib çıxır. Məlum oldu ki, rus ikonaları da bizim mədəniyyətimizə yad deyil. Deməli ikona yaradıcılığı Qədim Şərqdən yunanlara keçib, ordan da ruslara.

 

- Sonradan bu ənənə Şərqdə yox olubmu, çünki İslam ənənələrində peyğəmbərin rəsminin çəkilməsi demək olar yox idi.

 

- Erkən dövrdə belə idi, orta əsr miniatürlərində peyğəmbərin rəsmini də çəkirdilər. Bu sübut edir ki, dini qadağalar onun qarşısını ala bilmirdi. Xristianlıqda da var idi, çılpaq rəsmlər çəkmək olmazdı. Sənətə sırf sənət kimi yanaşmaq lazımdır. Mənə rast gəlib, Azərbaycanda qədimdə erotik rəsmlər çəkilib. Bu rəsmlər çox olub və sonradan məhv edilib.

 

- Nə vaxt olub?

 

- Arxaik dövrdə bizdə sırf erotik rəsmlər çəkilib. Daşın üzərində çəkiblər. O rəsmi Qala muzeyində o eksponat şəklində nümayiş etdirilirdi.

 

- İstər Pikassonun timsalında Afrika heykəllərinə, Eşerin timsalında Şərq ornamentlərinə, Van Qoqun timsalında yapon qravürlərinə maraq olub və onlar bundan öz yaradıcılıqlarında faydalanıblar. Siz də Qobustan Qayaüstü rəsmlərindən yararlanırsız.

 

- Bizim ən qədim sənət nümunələri Qobustan qayaüstü rəsmləridir. Mən yazılarımın birində demişdim ki, musiqimizin tarixi də Qobustandan, qavaldaşdan başlayır. Miniatür əsərlərdən də, xalçaların elementlərindən də istifadə edirəm. Bunlar müasir sənətlə çox yaxşı səsləşir. Millilik sənətdə olmalıdır, amma dekorasiya, butafor şəklində yox, canında olmalıdır. Mənə bəzən deyirlər kimdən öyrənmisən, deyirəm, Üzeyir Hacıbəyovdan, Qara Qarayevdən, Fikrət Əmirovdan öyrənmişəm.

 

- Şeir, publisistik məqalələr yazırsız.

 

- Şeir də yazıram, esselər də yazıram. Hekayə yazmıram, bircə sizin "Ən qısa hekayə” müsabiqənizə göndərdiyim hekayəni yazmışdım.

 

- O hekayədə mövzu belə idi: Bir nəfər Google Earth proqramında işğal altında olan rayonlarına, kəndlərinə baxır...

 

- Bu mənə tanış hissdir. Tanıdıqlarım, tanışlarım var ki, bu proqram onların arasında çox populyardır, burda öz kəndlərinə, doğulduğu yerlərə baxırlar. Çox ağır itkidir. Ona görə xaricdə yaşamaq dəvətlərini qəbul etmirəm. Çünki artıq vətən itirməyin, yurd itirməyin nə demək olduğunu bilirəm.

 

Bilirsiz rəssamlara poetik şəkildə düşünmək lazımdır. Şeir də bu cür kömək edir. Fikrimi şeir kimi yazdıqdan sonra onları rəsmə çevirirəm. Mən şair dostlarıma məsləhət görürəm ki, rəssamlıqla maraqlansınlar. Rəssam dostlarıma da tez-tez deyirəm ki, kitab oxuyun, poeziya ilə maraqlanın.

 

- Şeirləriniz çoxdur?

 

- Vallah dəqiq sayını bilmirəm. Fikrim vardı, şeirlərimlə rəsmlərimi bir kitabda çap edim. Rəssamların çoxu şeir yazıb. Pikassonun şeirlərini oxumuşam, çox gözəldilər. Tənhalıqdan şeirlər yazırdı.

 

- Halbuki dəfələrlə evlənmişdi.

 

- Hə, qadınlarının sayı yox idi. Mark Şaqalın şeirləri, Mikalancelonun sonetləri var. Əksini də deyim: Pol Elüarın, Ekzüperinin, Apolinerin rəsmləri var. Sənətin sərhədini müəyyənləşdirmək mümkün deyil. Bayaq da dedim, gələcəkdə istəyirəm ki, şeirlərimlə rəsmlərimi bir kitabda birləşdirim. Görək, sağlıq olsun.

 

- Yusif müəllim, başqa istəyiniz, deyəcəyiniz varmı?

 

- Mən sizə təşəkkür edirəm ki, sənət adamları ilə, onların problemləri ilə, yaradıcılıqları ilə maraqlanırsınız. Ən azından sənətimizin, ədəbiyyatımızın təbliğ olunması bizim hamımızın vəzifəsidir. Zənginləşdirə bilmiriksə heç olmasa incəsənətimizi qorumalıyıq və bunu gələcək nəsillərə təqdim etməliyik. Bir də görürsən nə vaxtsa yaşamış bir şairi, yazıçını nədəsə qınayırlar. Hansısa sənət adamının təftiş edilməsi məni çox üzür, çünki sən tarixi təftiş edə bilməzsən, onu dəyişdirə bilməzsən. Bundan sonranı necə yaşamalıyıq, bu barədə düşünməliyik. Heç olmasa sənətimizi, ədəbiyyatımızı olduğu kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq. Yoxsa o nəsillər bizi qınayacaqlar ki, siz bizə nə qoyub getmisiz!

Oxşar xəbərlər