Hacıbala Abutalıbov və onun statussuz Nərminə xanımı...-ASLAN İSMAYILOV YAZIR

  • 29 okt 2016, 15:16
........Aslan İsmayılov...
 
...                                             Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmasının formal xarakter daşıdığı barədə yüzlərcə dəfə yazılıb. Həmişə də qeyd edilib ki, onun vəzifəsi Nərminə adlı xanımın göstərişlərini yerinə yetirməkdir. Çoxları kimi mən də əvvəllər bunun dedi-qodu olduğunu düşünürdüm. Təxminən iki il əvvəl bir nəfər tanışımın sənədləşmə işində iştirak etdim. Edəcəyim çox sadə bir iş idi. Əvvəllər təsdiq olunmuş tikinti sənədlərində dam örtüyündəki dəyişiklikləri qeydə alıb ev üçün mülkiyyətin qeydiyyat sənədlərini almaq. Bu işlə bağlı onlarca dəfə Hacıbala Abutalıbovla danışdım, 5 dəfə rəsmi qəbulunda oldum və hər dəfə yaxın günlərdə düzəliş ediləcəyi deyildi. Ancaq, heç nə dəyişmədi. Sonradan elə həmin binadan tanıdığım bir şəxs bildirdi ki, özünü yorma, o işlər Abutalıbovluq deyil. Sonrakı araşdırmalarım göstərdi ki, həqiqətən tikinti, torpaqla bağlı bütün işlər ancaq Nərminə xanımla razılaşdırıldıqdan sonra həll oluna bilər. Elə bu işlə bağlı görüşdüyüm onlarla insan apardıqları bütün tikinti işləri üçün Nərminə xanım və onun çoxsaylı köməkçilərinə təyinatı bəlli olmayan astronomik məbləğlər ödədiklərini dedilər. Bu barədə nə üçün şikayət etmədiklərini soruşduqda isə hamısı bir ağızdan "MTN-nin torbasını başımızda görmək istəmirik” dedilər. Eyni zamanda hamı bir ağızdan dedi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyev, Baş Prokuror, DİN, ümumiyyətlə kimin haqqında istədiyin tənqidi fikri səsləndirə bilərsən, nə badə bunu Nərminə xanım haqqında edəsən. Reallığın necə olduğunu bildiyimdən bir müddət bu işlə maraqlanmadım. #MTN hadisələrindən sonra, düşündüm ki, torba keçirənlər artıq yoxdur və yenə dəfələrlə H.Abutalıbovun qəbuluna düşmək istəsəm də alınmadı. Həqiqətən hər şeyin Nərminə xanımdan asılı olduğuna əmin olduqdan sonra onunla görüşmək qərarına gəldim. Nərminə xanımın, heç bir rəsmi statusu olmayan vəzifəsinin, heç bir statusu olmayan ofisini axtarıb "CITYCENTRE" deyilən ticarət mərkəzinin arxasında tapdım. Günaşırı heç bir yazısı, işarəsi olmayan həmin ofisə getdim. Ofisin girişi əzəmətli görünsə də oradakı çoxsaylı cavan adamları görəndə özümü kolxoz bazarında hiss etdim. Gəlişimin məqsədini dedikdə hər dəfə cavab eyni oldu: ”biz qəbula ancaq Nərminə xanım, yaxud onun köməkçiləri dedikdə buraxa bilərik”. Kimin telefonunu soruşdumsa yenə cavab eyni oldu, özünüz axtarıb tapın. Necə tapım deyəndə isə biz bilmirik cavabını aldım. Tam səmimi deyirəm, bu müddət ərzində ölkədə bu qədər cəhd etsəm kiminlə istəsəm görüşərdim.
Yazını yazıb, Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova müraciət edirəm, bəlkə onun rəhbərliyi altında fəaliyyət göstərən Korrupsiya İdarəsi həmin sehrli Nərminə xanımın və onun ofisinin təyinatını və qəbul qaydalarını mənə izah edələr.
Oxşar xəbərlər