Mirşahin Ağayev: “Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz”

  • 15 sen 2016, 18:56
Ali Məhkəmədə Sevda Hüseynovanın sədrliyi ilə ANS telekanalının lisenziyasına xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Bizimyol.info xəbər verir ki, prosesdə ANS-in vəkili Fuad Ağayev vəsatət qaldıraraq bildirib ki, şirkət rəhbərliyi ilə bu gün müqavilə bağlayıb və iş materialları ilə tanış deyil. Bu səbəbdən ona iki həftə vaxt verilməsini istəyən vəkil məhkəmə prosesinin təxirə salınmasını istəyib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Məmmədov etiraz edərək, vəsatətin prosesin uzadılmasına xidmət etdiyini bildirib. Hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunduğunu açıqlayıb və bildirilib ki, növbəti məhkəmə iclasının tarixi barədə tərəflərə məlumat veriləcək. 

ANS-in vitse-prezidenti Mirşahin Ağayev prosesdən sonra jurnalistlərə açıqlamasında deyib ki, həmişə məhkəmədən haqq, ədalət gözləyirlər. "Ümid edirik ki, Azərbaycan məhkəməsi qanunların və hüququn mücəssiməsi kimi öz sözünü deyəcək. Biz də şirkət, vətəndaş olaraq, bundan ancaq udacağıq. Buna çox böyük ümid bəsləyirəm. Son hadisələr də göstərir ki, gedən proseslər ümidsiz olmağa əsas vermir. İnanıram ki, ANS məsələsi sıradan məsələ deyil. Bu Azərbaycanın rəmz, müstəqilliyimizin simvolu, 25 illik tarixi olan qurumun və demokratiyanın 25 illiyi məsələsidi. Bunun sıradan məsələ olmadığını həm də ANS-in yaşadığı tarix, keçdiyimiz keşməkeşli yollar, iştirak elədiyimiz proseslər sübut eləyir. Buna inanıram ki, Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz. Bizə belə danışmağa əsas verən başqa bir səbəb də var. Artıq Türkiyənin də bu məsələni araşdırması nəticəsində bəzi informasiyalar yaranıb. Bu informasiyalardan birini bu yaxınlarda Türkiyədə hakimiyyətə yaxın mənbələrdən biri olan "Star” qəzetində oxuduq. Orada açıq mətnlə bildirilir ki, ANS-in "FETO-METO” məsələlərində heç bir günahı yoxdu. Düşünürəm ki, bu məsələlərin araşdırılması üçün çox gözəl siqnaldı. Arif adamlar, ağıllı qurumlar bundan yaxşı istifadə eləməlidilər”.

Qeyd edək ki, ANS-in bağlanmasına səbəb telekanal əməkdaşının Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibə götürməsi olub. 

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının iclasında ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilib, həmçinin "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb və lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət edilib. 

29 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda müraciətə baxılıb və təmin edilib. ANS həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

Oxşar xəbərlər