Milli Şura mitinq keçirib - FOTOLAR

  • 11 sen 2016, 21:13
Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçirilib. 

 

Aksiya saat 17.00-dan 19.00-a qədər davam edib. Mitinqin əsas şüarı "Monarxiyaya yox! Talana son!” olub.

Etiraz aksiyasında "Çörək baha, ət baha, yemək tapmır xalq daha”, "Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, "Siyasi məhbuslara azadlıq" və digər şüarlar qaldırılıb. 

Mitinq zamanı AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Gültəkin Hacıbəyli çıxış ediblər. 

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edib.


 

Bakı Şəhər Baş Polis İdarəsindən Musavat.com-a verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Mitinq başladığı kimi sakit şəkildə bitib. 


Məhəmməd Türkmən
Fotolar müəllifindir 

***

 

Musavat.com-un şərhi:  Mitinqin sayı və bu aksiyanın əhəmiyyəti barədə dərhal müzakirələr başlayıb. Təşkilatçılar eyforik dəyərləndirmələrlə çıxış etdikləri halda, əks tərəfdə olan müşahidəçilər isə iddia edirlər ki, mitinq bir daha cəmiyyətdə qüvvələr nisbətini ortaya çıxardıb. Məsələn, araşdırmaçı jurnalist Eynulla Fətullayev iddia edir ki, aksiya Milli Şuranın fiaskosudur. O, aşağıdakı fotonu Facebook profilində paylaşaraq, yazıb: "Azərbaycanda etirazçı və radikal elektorat genişlənmir. Müxalifətin mitinqində maksimum 4 min insan iştirak edib. Onların da bir hissəsinin xüsusi xidmət və DİN əməkdaşları olmasını nəzərə alıb, nəticə çıxarın... Stadionun küncündən çəkilən foto. Heç stadionun yarısını belə doldura bilməyiblər. Belə çıxır ki, Azərbaycan xalqı ölkədə monarxiya və talanın olmasına inanmır."

Ən nikbin müşahidəçilər, eləcə də bəzi neytral siyasi fiqurlar mitinqdə iştirak rəqəminin 6-7 min nəfəri keçmədiyini iddia edir. 

 

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a  deyib ki,  bu, meydanda keçirilən ən böyük mitinqdir: "Say barədə dəqiq bir şey deyə bilmərəm. Amma mitinq mən gözlədiyimdən daha qələbəlik keçdi, təşkilatçıları təbrik edirəm. Məncə bu aksiya eyni meydanda indiyəcən keçirilən ən böyük aksiyadır. Üstəlik, mənim müşahidələrimə görə, aksiyaya gələnlərin çoxu yeni sifətlər idi. Əvvəlki kimi, yalnız  müxalifət fəallarından ibarət deyildi". 

 

İstənilən halda, Milli Şura və radikal AXCP elektoratının iddia etdiyi kimi, meydanlara heç də yüzminlər çıxmadı. Heç, 10 min etirazçı da, bütün fürsətlər var ikən, Milli Şura ətrafında toplanmadı. Hakimiyyət, çoxlarının gözləmədiyi haılda, aylardır iddialı bəyanatlar verən radikal müxalifətə meydan və imkan təqdim etdi. Onlarınsa, gücü bu qədər oldu! Referendumu isə 5-6 min narazı tərəfdarla durdurmaqsa, xeyli gülməli görünür. 
 
Demokratik.Az
Oxşar xəbərlər