Ermənistan qarışır... baş nazir getdi

  • 09 sen 2016, 09:01

İşğalçı ölkədə baş verən proseslərin arxasındakı məkrli hiylə - Sərkisyan Qarabağ danışıqlarını yubatmaq istəyir? 

 

Ermənistanın baş naziri Ovik Abramyan dünən istefa verib. Bu barədə o, Ermənistan hökumətinin iclası başa çatdıqdan sonra bildirib. Xatırladaq ki, Ovik Abramyan  2014-cü il aprel ayının 13-dən Ermənistan baş naziri vəzifəsində çalışır. Bu vəzifədə o, Tiqran Sarkisyanı əvəz edirdi. 

Erməni KİV-lərinin verdiyi xəbərə görə, İrəvanın keçmiş meri, Rusiyanın "Qazprombank” şirkətinin vitse-prezidenti Karen Karapetyan bu yaxınlarda Ermənistana geri dönüb.

Bildirilir ki, Karen Karapetyan İrəvanın meri vəzifəsindən gözlənilməz istefasından sonra Moskvaya gedibmiş. Serj Sərkisyanın Karen Karapetyanı baş nazir təyin edəcəyi bildirilir. 
Erməni mətbuatı hökumətin bəzi üzvlərinin də vəzifəsindən gedəcəyini yazır. İddiaya görə, Prezident Aparatının rəhbəri Vigen Karapetyan Ermənistanın yeni xarici işlər naziri olacaq. Edvard Nalbəndyan isə Fransaya səfir göndəriləcək. 

Xatırladaq ki, bu yaxınlarda xarici işlər naziri Nalbəndyan Rusiya prezidenti Vladimir Putin tərəfindən "Dostluq” ordeni ilə təltif edilib. Putinin orden verdiyi naziri Serj Sərkisyanın iş başından alması maraq doğurmaya bilməz. 

Bundan başqa, Ermənistanın Gömrük Xidmətinin rəhbəri Ovik Ovsepyanın da vəzifəsindən gedəcəyi bildirilir. 

Hökumət iyerarxiyasında ən vacib və ən yeyintili postlardan biri də Energetika Nazirliyidir. Ermənistan KİV-ləri nazir Levon Yolyanın da vəzifəsindən uzaqlaşdırılacağını yazır.

Mətbuatda yayılan  xəbərə görə, oktyabrda Ermənistanın "Metsamor” AES-ə milyard dollarlıq sərmayə qoyulacağı ilə bağlı xəbərlər dolaşır. Bu isə Ermənistanın rüşvətxor məmur oliqarxiyası üçün xəzinə tapıntısı kimi bir şeydir. Həmin səbəbdən bu vəzifəyə Sərkisyana daha yaxın birinin gətirilməsi gözlənilir.

Ermənistanda baş verənləri şərh edən politoloq Mübariz Əhmədoğlu bildirdi ki, baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi, aprel ayından sonra yaranmış durumla bağlılığı var: "Aprel savaşı Ermənistandaxili siyasi prosesləri müəyyən edən ən ciddi faktora çevrilib. Azərbaycan ordusunun apreldəki uğuru Ermənistanın daxili siyasətini o vaxtdan yerindən oynadıb. Ermənistanda baş verən istefalar həm Qarabağ məsələsi ilə bağlıdır, həm də Sərkisyanın gələn il keçiriləcək parlament seçkilərinə hazırlığı ilə bağlıdır. Sərkisyan partiyasının qalib gəlməsinə və bu yolla baş nazir kimi ölkə rəhbərliyinə davam etməsinə nail olmaq üçün çalışır. Serj Sərkisyan Karen Karapetyanı İrəvan şəhərinin meri təyin etmişdi. Karapetyan keçmiş prezident Robert Köçəryanın qohumudur, qarabağlıdır. Sərkisyan gördü ki, Karapetyan Köçəryanla birləşib onun hakimiyyətinə təhlükə yarada bilər. Buna görə də Karapetyanı həbs etdirmək istəyirdi. Karapetyan Ermənistanı tərk edib Rusiyaya getdi.

”Qazprom"un prezidenti Aleksey Miller isə dərhal ona yüksək vəzifə verdi. O vaxtdan Karen Karapetyan "Qazprom”da işləyirdi. İndi Serj Sərkisyanın ona böyük ehtiyacı yaranıb. Sərkisyan Karapetyanı baş nazir vəzifəsinə gətirməklə Rusiya ilə oyun oynayır, Kremli aldadır. Rusiya Karen Karapetyanın baş nazir təyinatına razılıq verməyib. Kreml əslində istəyirdi ki, Rusiyanın milyarderlərindən olan Samvel Karapetyanın qardaşı Karen Karapetyanı baş nazir vəzifəsinə gətirsin. Bu Karen Karapetyan "Qazprom”da işləyən Karen Karapetyan deyil. Sərkisyanın Rusiyaya qarşı oynadığı oyunlardan biri də ABŞ-a yaxınlığı ilə tanınan Prezident Administrasiyasının rəhbəri Vigen Sərkisyanı xarici işlər naziri gətirməkdir. Sərkisyan görür ki, aprel ayından sonra Qarabağ danışıqlarında Rusiyadan ona təzyiq var, problemin həllinə razılaşması tələb edilir. Ona görə də Sərkisyan ABŞ-a meyllənməyə başlayıb. Serj Sərkisyan Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda bilavasitə iştirak edən Edvard Nalbəndyanı uzaqlaşdırmaqla danışıqlar prosesini yubatmağa, hər şeyi yenidən başlamağa nail olmaq istəyir. Rusiyaya, digər vasitəçilərə və Azərbaycana deyəcək ki, yeni xarici işlər nazirinin prosesin gedişi ilə dərindən tanış olması, hazırlıqlar aparması üçün vaxt lazımdır".

Politoloq qeyd etdi ki, Serj Sərkisyan gələn ilin yazında keçiriləcək parlament seçkilərinədək Qarabağ danışıqlarında tamamilə durğunluq yaranmasını istəyir: "Düşünür ki, danışıqların davam etməsi onu güzəştlərə getmək məcburiyyətinə qoya bilər. Bu isə seçkidə onun uduzmasına gətirib çıxarar. Sərkisyanın məqsədi danışıqları yubatmaqdır. Sərkisyan hesab edir ki, Rusiya işğal olunmuş rayonları alıb Azərbaycana verəcək. Ona görə ABŞ-a yaxın olan şəxsi xarici işlər naziri gətirir və danışıqları yenidən, özü də ABŞ-ın patronajlığı ilə başlasın. Ona görə də söyləmək mümkündür ki, Ermənistanda baş verən istefalar, nazirlərin dəyişməsi Qarabağla bağlı gedən prosesə təsirini göstərəcək. Bununla belə, Sərkisyanın planının sonadək gerçəkləşməsi çətin görünür. Çünki Moskva buna imkan verməyəcək”.

Etibar SEYİDAĞA
Oxşar xəbərlər