“Qara işlər” rüşvət, “ağ işlər” evin tikintisidir

  • 05 sen 2016, 21:50
Paytaxtda, yalan olmasın, əhalinin sayından iki dəfə artıq mənzil var. Bunu "Bizim Yol” əməkdaşının bir neçə aydır ən müxtəif saytlar və Bakının rayonlarında faktiki gördüyü mənzərə deməyə əsas verir. Rəsmi olaraq mənzil sahələri bunun qat-qat altındadır. Amma qanunsuz tikililər, gecəqondular son vaxtlar şəhərimizdə vüsət alıb. Belə tikililər istisnasız olaraq paytaxtın bütün rayonlarında mövcuddur və durmadan da artır. Amma ən çox müşahidə olunanlar Binəqədi, Abşeron, Xırdalan, Xətai rayonunun Zığ və Hövsan bölgəsi, Sabunçu, Yasamal rayonlarıdır. Digərlərində gecəqondu və ya qanunsuz tikililərin artmaması həmin rayonların rəhbərlərinin heç də nümunəvi olduğu səbəbindən deyil, onlarda sadəcə torpaq qalmayıb, hər yer zəbt olunub, artıq tək-tük satılır. Qiyməti 100 mindən yuxarı evlər var ki, kupçası yoxdur. 

Binəqədidə bələdiyyələr qanunsuz torpaq paylamaqla məşğuldurlar 

Alıcı qismində əvvəlcə qanunsuz tukililərin ən çox olduğu Binəqədi rayonunda rieltorlarla (istərsəniz vasitəçi deyin, istərsəniz də makler) danışdıq. Elanlarda çox gözəl təsvir edirlər, amma getdiyinizdə gecəqondu məhəlləsində yarı-yarımçıq qanunsuz tikililərlə rastlaşırsız. Bu rayonda nəinki sürücülər rieltor xidməti göstərirlər, hətta sakinlər belə harada ev satıldığından xəbərdardırlar və aparıb sizə göstərəcəklər. Çünki, hər gün kimsə nəsə tikib satır. Qanunsuz tikililərin sayı günü-gündən artığından vasitəçilərin özləri belə hamısından xəbər tuta bilmirlər. Heç birinin də sənədi-sübutu yox. Qiymətləri ən yaxşı halda 20 mindən başlayır. Əmlakçı Qulam (özünün müəllim olduğunu dedi) təriflədiyi bir məhəlləyə apardı, rəsmən gecəqondu məhəlləsi idi. Yan-yana sırayla tez-tələsik tikilən barakları nümayiş etdirdi. Bünövrəsi necə qoyulub bilmirəm, amma görünüşləri ümidverici deyildi. Zövqsüz divar kağızları, ucuz materiallar özləri "ev” haqqında məlumat verirdilər. Qiyməti də 24 min manat. 

Bir başqasına keçdik, zavodun həyətində tikilib, o "ev” tikiləndə heç icra, polisi demirik, zavodun gözətçiləri hara baxırmış? Maraqlandıq, evin sənədi bələdiyyədəndir. Binəqədidə iki bələdiyyə sədri də qadındır. Deməli, həmin torpaqları bu xanımlar paylayırlar. Sonra sürücü Yaşar bizə bələdçilik etdi. Onun da göstərdiyi "ev”lər bərbad vəziyyətdə idi. Hər kəs həyətində balaca bir yer tapıb bir baraka tikir, beləcə pul qazanır. Getdiyimiz həyətdə ev sahibi iki "ev” tikib satmışdı, dedi bir az da yer qalıb, orada da bünövrəni qoyub. Təklif etdiyi isə az qala öz evinə yapışmış, birotaqlı dörd divar idi. 16 minə deyirdi. Bu, haradasa üç ay əvvəl olmuşdu. Əmlakçılar daşınmaz əmlakın ucuzlaşdığını deyirlər, amma təhlil etdiyimiz elanlar əksinə, qiymətlərin bahalandığını deməyə əsas verir. Sənədləri yoxdu. Dedilər icranı, polisi "görəndən” sonra problemlə üzləşmirsiz, istədiyiniz yerdə tikin. 

Xətaidə gecəqondulara "dur” deyən icra başçısına ehtiyac var 

Xətai rayonunda Əmlakçı Ramin həm daşınmaz əmlakın alqı-satqısını aparır, həm də ev tikib satır. Özlərinin xeyli torpaq sahəsi varmış, heç birinin də sənədi yoxdur. Bir evin neçəyə başa gələcəyini soruşduq. Dedi, icra, polis - hamısı puldu. WhatsApp-dan göndərdiyi səs yazısının stenoqramı belədir: "2 sot torpaq sahəsi minimum 10 min manat edir. Bunun 1 sotunda ev tikəcəksiz, onun üçün icraya 3 min manat, polisə də 1500 manat vermək lazımdır. 14500 elə getdi torpaqla itə-qurda. Birinci "çernıy işlər” başlayır, sonra da "belıy işlər”. Ona görə də bir 30 min manat pul lazımdır. Öz hesabına tiksən baha-başa gələcək”. 

Amma hər kəs necə gəldi tikir. Daşı, kubiki bir-birinin üstünə qoyub elə bilirlər ki, evdir. Yeri qanunsuz verirlər, bunu anladıq, amma sonradan tikintinin keyfiyyətinə də nəzarət edən olmur. Bu gün Naximov küçəsində az qalıblar dənizin içində ev tiksinlər. Gecəqondular düz dənizəcən uzanır. Suyu da çirkab içində. Kimin nə zibili varsa dənizə töküb. Gördüyümüz mənzərədən şoka düşdük. Burada hansı ağılsız tikintiyə icazə verir, çox maraq edirik. İsa da "ev” tikirdi. Hələ ki, "pod mayak” idi. Amma yaddan çıxarıb mətbəx, hamam üçün yer qoymamışdı. Adamın tikintiyə aidiyyatı yoxdu. Bununla belə, başa çatdırıb birinə satmağı planlaşdırırdı.   

"Siz gedəndən sonra qapını kəsərəm...”

Elektrotokda həyət evlərinin demək olar hamısı qanunsuz tikilib. Ev yox, koma desək haqqını vermiş olacağıq. Sənaye bölgəsində bu qədər tikilinin necə aparıldığı təəccüb doğurur. Bir tərəfdən də zavodların səsindən durmaq olmur. Burada ev adıyla satılan it damlarını görəndə dəhşətə gəlməmək mümkün deyil. Torpağın sahibi gəlib qiymətləri sadalamağa başladı. Amma gözümüzə ev-filan dəymirdi, soruşduq "ev haradadır”, anbar kimi istifadə olunan taxtadan, dəmirdən quraşdırılmış sığınacaqları göstərdi. Daha çox həyətdə ağaca bağlanan itin damına oxşayırdı. Heç bir sənədi də yoxdu. Dedik, yaxşı bu torpağın sizə aid olduğu nə ilə bilinir? Yəni bunu biri alacaqsa pulu niyə sizə verməlidir? "Yoldaşım kənarlarına çəpər çəkib”, dedi. Yəni, çəpər çəkilibsə, artıq sahibi odur. Amma torpaq üçün məmurlara pul verdiklərini də dedi.    

Yeni Günəşlidə 16 mərtəbəli binada da mənzillər satışa çıxarılıb. Ona da gedib baxdıq. Mayil evi o qədər tərifləmişdi ki! Burada şərik olduğunu deyən adamın davranışları şübhəliydi. Şübhələrimizi onunla bölüşəndə, "əgər aldatmaq istəsəm, siz gedəndən sonra qapını kəsib yenisini qoyaram, içəri girə bilməzsiniz”, dedi. Sonradan internetdə adreslə axtarışdan məlum oldu ki, həqiqətən də bu binada bir mənzili bir neçə adama satıblar. Bunun üçün çox böyük davalar gedib. Bina özü də mübahisəliymiş, hətta şərikıər arasında ölüm hadisəsi baş verib. Sahibkarın oğlu gedib atasının ortağına silah çəkib, onu da düz tuşlamayıb, yanındakı qohumunu qətlə yetirib. Bina çox keyfiyyətsizdir, qırmızı kərpiclə tikilib, daş adında nəsə yoxdur. Heç düzəməlli qapı-pəncərə də salmayıblar. Burada bir mənzilin ikinci, üçüncü adamlara satışı davam edir. Adamın özü də, oğlu da həbsdədir (dedilər bu yaxınlarda çıxaracaqlar, "danışılıb”), digər ortaq yaralıdır, meydan 3-5 adama qalıb. 
 
Demokratik.Az
Oxşar xəbərlər