İlham Əliyev Qarabağ ermənilərinin gələcək taleyindən danışdı

  • 28 may 2016, 14:12
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. 

APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında bəyan edib. Dövlət başçısı bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməli, status-kvo dəyişdirilməlidir.
 
"Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur”.
 
Prezidentin sözlərinə görə, Ermənistan qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, Azərbaycan bunu qəbul etməsin və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin.
 
Dövlət başçısı Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək taleyinə də aydınlıq gətirib:
 
"O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır”.
 
Prezident İlham Əliyev xatırladıb ki, apreldə Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır:
 
"Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin”.
 
Dövlət başçısı deyib ki, neçə ildir ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur.
Oxşar xəbərlər