ABŞ-ın Bakı səfirliyindən Yerevana hansı məlumatı veriblər?

  • 10 may 2016, 23:05

Bu gün, mayın 10-u səhər ABŞ-ın Bakıdakı səfirliyindən virtualaz.org-un və haqqin.az-ın redaksiyasına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin adından ABŞ hökumətinin Ermənistan tərəfindən "DQR”in tanınması məsələsinə münasibətlə bağlı rəsmi məlumat daxil olub. Bir neçə gün öncə virtualaz.org və haqqin.az həmin sualla ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinə müraciət etmişdi.

ABŞ-ın Azərbaycan səfirliyindən təqdim olunmuş məlumatda deyilirdi ki, "heç bir ölkə Dağlıq Qarabağı tanımır. Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir. Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri xoş məram göstərməyə və danışıqlar masası arxasına oturmağa çağırmaqda davam edirik".

Bir qədər sonra ABŞ-ın Azərbaycan səfirliyinin nümayəndəsi dəqiqləşdirdi ki, dərc olunmuş mətn səfirlik tərəfindən deyil, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən təqdim edilib.

Lakin az sonra Ermənistanın "Ermənistan xəbərləri” – news.am agentliyi virtualaz.org-u və haqqin.az-ı yalan məlumat yaymaqda ifşa etməyə cəhd etdi və ABŞ-ın Bakıdakı səfirliyinə istinadən xəbər verdi: "ABŞ-ın Bakı səfirliyindən bildirilir: KİV Dövlət Departamenti nümayəndəsinin bəyanatının bir hissəsini götürərək, onu düzgün yozmaya bilər”.

Lakin virtualaz.org-un və haqqin.az-ın məlumatında heç bir yozum yox idi, dərc edilmiş məlumatda sadəcə olaraq, Amerika tərəfinin təqdim etdiyi bəyanatın mətni yerləşdirilmişdi.

Oxşar xəbərlər