Əgər prezident atəşkəsə razılaşıbsa,deməli...

  • 05 apr 2016, 22:37
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb 

Atəşkəsin elan olunması sosial şəbəkələrdə sadə insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi insanlar döyüşlərə davam edərək, torpaqlarımızın işğaldan tam azad edilməsini tələb ediblər. 

Lakin sosial şəbəkələrdə politoloqlar atəşkəsə qədər baş verənlərin hansı məsələləri ortaya çıxardığını və savaşın dayandırılmasının nəticələrini şərh ediblər.

Politoloq Elxan Şahinoğlu bildirib ki, cəbhədəki vəziyyəti prezident və müdafiə nazirindən yaxşı bilən yoxdur. O, bildirib ki, əgər prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə qərar verib: "Hələlik, nə əldə etmişiksə, həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır. Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az da irəriləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj Sarkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər və Kreml yaxşı anladılar”.

Ekspert bildirib ki, məsələnin başqa tərəfi də var:"S.Sarkisyanın ölkə daxilində mövqeləri zəiflədi. O, həm 22 il işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrəvandakı əsgər anaları "Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən?” sualı ilə S.Sarkisyana təzyiqlər edəcəklər. Digər tərəfdən Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını S.Sarkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi.

S.Sarkisyanın iki yolu var: Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq ki, bu da uzunmüddətli müharibə ilə yanaşı, Ermənistanın itkilərinin artması demək olacaq. Ya da itirdikləri ilə barışaraq, üstəgəl "münaqişənin” həlliylə bağlı "mərhələli həll” planına "yaşıl işıq” yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi S.Sarkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də ki, S.Sarkisyan "mərhələli həll” planına razılaşacaqsa, ondan sorumazlarmı, "əgər belə idisə, 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?”

Politoloq Fərhad Mehdiyev isə vurğulayıb ki, atəşkəsin mənfi cəhətləri var, məsələn, düşmən yeni mövqelərdə möhkəmlənmə işləri aparacaq: "Biz də möhkəmlənəcəyik. Bununla belə, 3 məsələ bəlli oldu: Ermənilərin ciddi şəkildə burnu sürtüldü. Xarici dəstək olmadan bir heç olduqları məlum oldu. Azərbaycan xalqının döyüş əzmi ortaya qoyuldu. Ermənilər artıq Qarabağda rahat yaşaya bilməyəcəklərini anladılar. Həm ATƏT, həm də Ermənistan bizimlə razılaşmalı olduqlarını gördülər”.

Politoloq bildirib ki, atəşkəsin uzun sürməyəcəyini düşünür. Ermənilər ya kompromisə gedəcək, ya da ki, toplar yenə danışacaq.
 
Demokratik.Az