İstanbulun “ürəyindən” vurulduğu məkandan reportaj - Eksklüziv (FOTO - VİDEO)

  • 26 mart 2016, 16:12
Taksim terrorunun şahidlərindən və turistlərdən ilginc açıqlamalar, sərt mesajlar; "Yeni Müsavat” terrorun baş verdiyi şəhərdən yazır 


Ötən həftənin şənbə günü İstanbulun İstiqlal caddəsində baş verən terror hadisəsinin xofu sanki aradan qalxmışdı."Yeni Müsavat”ın reportyor qrupu dünən (23 mart, 2016) Taksim meydanında çəkiliş aparıb, insanlarla söhbət edəndə, buna bir daha əmin oldu. Meydan, orada yerləşən mağazalar, kafelər... insanlarla dolu idi. Onların böyük əksəriyyətini isə turistlər təşkil edirdi. Xatırladaq ki, hadisənin baş verdiyi məkana həmin gündən etibarən çoxlu sayda insan baş çəkib. 

Bundan başqa, ərazidəki otelçilər və satıcılar da böyük bir türk bayrağının ətrafında "Ərəb burada”, "Laz burada”, "Kürd burada” yazılı lövhələrlə toplaşıb, terroru qınayırlar. Avropa ölkələrinin İstanbuldakı baş konsullarının da terrora "yox” demək üçün Taksim meydanında qol-qola girib yürüş yapmaları gündəmi zəbt edən olaylardan olub. 

Brüssel terrorundan sonra yenidən qanlı olayların mərkəzi kimi xatırlanaraq gündəmə gələn Taksim meydanında bir neçə saatlıq müşahidələrimiz zamanı isə olduqca ilginc mənzərələrlə qarşılaşdıq. Öncə ondan başlayaq ki, küçəyə müşahidəçi gözü ilə baxarkən hər şeyin unudulması, insanların əvvəlki əhvalda yaşaması təəssüratı yaranır. Küçə musiqiçiləri çalıb-oxuyur, turistlər alış-verişdə, kafedə əylənirlər. Amma mikrofonu, diktofonu uzatdığımız bir çox satıcılar "bələdiyyədən danışmağa icazə vermirlər” deyərək, müshaibədən imtina edirlər. Məcburən tələbə kimi sənədli film hazırladığımızı deyib, baş vermiş olaylara münasibət öyrənirik. 

YAŞLI GÜLSATAN "BİZİM MƏMLƏKƏT GÖZƏL, SÖYLƏ HARA GEDİM?” DEYƏ SORUŞUR... 


Öncə yaşlı gülsatan kişi ilə söhbətləşirik. Danışır ki, terror baş verən saatlarda Taksim meydanında olmayıb: "Mən işə axşamlar çıxıram. Amma baş vermiş hadisəni eşidəndə qorxudan o biri dünyaya gedib gəldim. İflic oldum sanki. Beynim getdi”. 
Bununla belə, müsahibimiz bu hadisənin onları qorxutmadığını dedi: "Hər gün gəlib gedəcəm. Onsuz da əvvəl-axır öləcəm. Nədən qorxum? Bizim məmləkətimiz çox gözəl. Söylə, hara gedim? Ən gözəl yer burasıdır”.

UKRAYNALI TURİSTDƏN SOYUQ TƏHLİL: "HEÇ BİR ŞƏHƏR TERRORDAN SIĞORTALANMADIĞI ÜÇÜN SƏYAHƏTDƏN QORXMAQ DOĞRU DEYİL”

 

Küçədə çəkiliş apararkən qulağımıza bir neçə rus kəlməsi dəyir, yanımızdan ötüb keçən bir sarısaçlı xanımın öz rəfiqəsi ilə rus dilində danışdığını eşidirik. Yaxınlaşıb tanışlıq verəndə isə məlum olur ki, o, Ukraynadan gəzinti üçün İstanbula gəlib. Anna adlı gənc xanım 1 həftədir ki, burdadır: "Turist kimi, dostlarıma baş çəkməyə gəlmişəm. İstanbul gözəl şəhərdir. Baş verən hadisə səfərimizə bir qədər kölgə saldı, kədərlənirik. Otelimiz Taksimdədir. Amma hadisə baş verən yerlə 15 dəqiqəlik məsafədədir. Və bu hadisə baş verəndə biz otelimizdə yatırdıq. 15 martda gəlmişik. Gələndə çox xoşumuza gəldi. Şəhər kontrastlarla zəngindir, maraqlıdır. Amma bu hadisə bizim bura gəlişimizə kölgə saldı. Çalışırıq ki, burda qalan günlərimizdə baş verənləri unudaq”.

Anna danışır ki, terror baş verəndən bir gün əvvəl Taksimdə gəzintiyə çıxıblar: "Bütün gün gəzirdik. Bu da bir şansdır ki, hadisə günü yox, ondan bir gün əvvəl burda olduq”.

Ukraynalı turist üçün İstanbul hətta bu hadisədən sonra da qorxulu şəhər deyil: "Dünyadakı heç bir şəhər terrordan sığortalanmayıb. Brüsseldə də belə hadisə baş verib, Fransada da. İstənilən şəhərdə belə olay ola bilər. Düşünürəm ki, biz İstanbula yenə gələcəyik. Çünki şəhər həqiqətən çox gözəldir. İnsanlar da, hər şey də. Terrorizm müasir dünyanın bəlasıdır. Dünyanın hər bir ölkəsində baş verə bilər. Buna görə də hansısa ölkəyə getməklə bağlı tabu qoymaq doğru deyil”.

DOSTU TERROR ZAMANI YARALANAN ONUR: "TERRORÇULARA GÜZƏŞTƏ GETMƏMƏK LAZIMDIR”


 

Yerli satıcılar üçünsə bu hadisənin izləri ağır keçib. Onlardan biri də qovurulmuş  şabalıd  satışı ilə məşğul olan gənc Onur Akdağdır. Müsahibimiz 5 ildir ki, burda çalışır, şabalıd satır: "Hadisə zamanı burda deyildim, dostum burda idi. Partlayış zamanı o, yaralandı, indi xəstəxanadadır. Bu olaydan sonra qalıb davam etməkdən qorxmadıq. Öyrəşmişik artıq. Qəribə gəlmir. Riskli ola bilər, amma çörək puldur. 

Hər sabah 10-da açırıq, gecə 1-də, 2-in yarısı bağlayırıq. İstanbul hər zaman təhlükəli şəhər olub əslində. Təkbaşına yaşadığın zaman problem  deyil. Amma ailənlə olduğun zaman sıxıntılıdır. Belə hadisələr baş verə bilər, amma bunlara güzəştə getməmək lazımdır. Onların məqsədi də budur zatən. Bu dəfəki terror hadisələri zamanı turistlər hədəf alındı. Məqsəd odur ki, turisrlər zərər görsün, gözləri qorxsun və gəlməsinlər. Bilirsiz ki, turist gəlmədiyi zaman İstiqlal küçəsi də bitir. Yerli camaatımız maaşla dolanır. Turist gəlmədiyi zaman böyük sıxıntıdır. Amma bunlara güzəştə getməyəcəyik. Olayın olduğu gün dostumuza xəstəxanada baş çəkdik, axşam isə işə çıxdıq. Hadisələrin satışlara təsiri oldu. Amma bilmirəm, deyəsən turistlər də öyrəşib artıq, adiləşib. Dünyanın hər yerində terror olduğu üçün sıxıntı yoxdur”.

Burada bir haşiyə çıxım. Məsləyi jurnalist olan biri kimi məni bu situasiyada ən çox təəccübləndirən məqam insanların mikrofon, kamera qarşısında danışma qabiliyyəti oldu. Bilirsiz yəqin, bizim insanımıza mikrofon uzadanda mövzunun nə olduğunu bilmədən belə buna etiraz edir, danışanda isə cümlə quruluşu, söz ehtiyatının zəifliyi ilə insanı təəssüfləndirir. Türkiyə insanı isə danışanda sanki mahir siyasətçi, natiqdir. Çəkinmir, komplekssiz şəkildə danışır, arqumentlərini səsləndirir.  

SATICI PESSİMİZMİ – ÇOX TEZ UNUDULUR, BU DƏFƏ DƏ BELƏ OLACAQ

Ayaqqabı mağazasında satıcı işləyən Ali bəy də hadisə baş verən dəqiqələri belə anladır: "Səsi eşidən kimi çıxdıq. Gördük ki, bir çox insan yerlərdədir. Təbii ki, bayıra da çıxa bilmirsən. Öncə mağazanı bağladıq. Polis, təcili yardım maşınları gəldi. İnsanlar bir az qorxur. Amma bu qorxu ilə də yaşanmır. Səhəri gün yenə də bu küçə fəal idi. Müştərilərin sayında azalma var. İnanmıram ki, bundan da az olsun.Çünki biz millət olaraq unutqanıq, hər şeyi çox tez unuduruq.  Kəskin reaksiyanı ilk gün verir, sonra hər şeyi yaddan çıxarırıq. Bu, burda deyil, başqa bir yerdə də ola bilər. Amma çıxış yolu nədir, bilmirəm. Tam bir çıxış yolu yoxdur əslində”.

Yuxarıda da qeyd etdiyimiz kimi,Taksim meydanı yenə də qonaqların əhatəsində idi. Elə yanımızdan ötən səslərə "qulaq müsafiri” olmaqla bu mozaikanı müəyyənləşdirmək olurdu. Farslar, iranlılar, ingilislər, almanlar... 

İranlı Məsud da xanımı və iki uşağı ilə bir gündür ki, İstanbuldadır. Müsahibimiz İstanbuldakı terror hadisəsi ilə bağlı öncədən məlumatlı olub: "Həm oxudum, həm də eşitdim təbii ki. Amma qorxmadım. Terror hər yerdə ola bilər. Terorristlər zalım insanlardır. Amma Allaha təvəkkül”.
   
"HADİSƏDƏN SONRA DÜKANDA İKİ GÜN TƏMİR GETDİ...İŞLƏYƏ BİLMƏDİK”

Parfümeriya satışı ilə məşğul olan Əmrah isə deyir ki, hadisə baş verəndən sonra iki gün dükan işləməyib: "Səbəb şüşələrin qırılması idi. Partlayıış oldu, biz içəridə idik. Şüşələr qırıldı, parfümeriya şüşələri yerə dağıldı. Digər mağazalar daha böyük zərər gördü. Təkcə şüşələr qırıldı. Burda çalışmağa alışdıq”.

Biz meydanda olanda saat 21-22 radələri idi. Küçə musiqiçiləri çalıb-oxuyur, insanlar isə onları dinləyib, sonda papaqlarına bəxşiş atırdılar. Tez-tez meydanın içi ilə keçən, serena səsli polis maşınları olmasa, gerçəkdən də bir neçə gün öncə İstanbulun bu bölgəsində terror olaylarının baş verməsinə inanmaq olmazdı. 


Sevinc TELMANQIZI
Fotolar, videoxülasə Aytən ABBASLInındır 
Oxşar xəbərlər