“Ərdoğanı devirmək istəyirik, döyüş hər yerdə olacaq” – ŞOK TƏHDİD

  • 15 mart 2016, 19:56
PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık əsas hədəflərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP olduğunu söyləyib.
 
Publika.az xəbər verir ki, o, bunu Şimali İraqdakı Qəndil dağlarında "Times” nəşrinin müxbiri Antoni Loydunun suallarını cavablandırarkən deyib.
 
Terrorçu hazırkı mərhələnin "ölüm-dirim” mərhələsi olduğunu bildirib.
 
"Ərdoğanın yuxularının gerçəyə çevrilməsinin qarşısındakı ən böyük maneə bizik. Ərdoğan və AKP-ni devirmək istəyirik. Ərdoğan və AKP devrilmədikcə, Türkiyə əsla demokratik ölkə ola bilməz”, - Bayık qeyd edib.
 
PKK lideri indiyə qədər yalnız dağlarda olan döyüşün bundan sonra hər yerdə olacağı ilə bağlı təhdid edib: "Bu, yeni bir dövrdür. Bir müddət əvvələ qədər türk ordusu ilə döyüş yalnız dağlarda idi. Döyüş daha sonra qəsəbələr və şəhərlərə də keçdi. Artıq hər yerdə olacaq”.