"Rus siyasətinin qırğısı" Azərbaycana niyə gəlmişdi? - Putinin Bakıya göndərdiyi "çantada" nələr gizlənirdi...

  • 06 mart 2016, 19:51
Bakı siyasi güc mərkəzlərinin diqqətini yenidən özünə cəlb edib. 

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun Azərbaycana səfərindən dərhal sonra Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin də Bakıya səfər etdi. Maraqlıdır ki, Dmitri Roqozin qatı anti-Qərb mövqeyində dayanan və anti-NATO xəttinin əsas ideoloqu kimi tanınır.  

D. Roqozinin Bakıya səfəri Rusiyanın Ermənistana yeni partiya silahların satılması barədə məlumlatlar  yayılandan sonra reallaşdı. Dmitri Roqozin Rusiya silahının istehsalına və satışına faktiki olaraq cavabdehlik daşıyan, rəhbərlik edən şəxsdir. Bu baxımdan onun Bakıya səfərinin əsasən Azərbaycana silah satışı i ilə bağlı məsələnin müzakirəsi də ola bilər.  Səfər zamanı müzakirəyə çıxarılan bəzi məsələlər mətbuatdan gizli saxlanılır. Bu baxımdan, D. Roqozinin Bakı səfərinin gerçək səbəblərini ancaq ehtimal etmək olar. Onu da istisna etmək olmaz ki, D.Roqozin Bakıya Rusiya prezidenti Vladimir Putinin xüsusi mesajlarını çatdırmağa gəlib.    

D. Roqozini "Rusiya siyasətinin qırğıları”na aid edirlər. Odur ki, onun Bakıya hansı mesajlarla gəldiyini Qərbdə də diqqətlə izləyirlər. Qərb araşdırmaçıları istisna etmirlər ki, D. Roqozin Azərbaycana səfəri zamanı rəsmi Bakı ilə təzyiq  dilində və olduqca sərt şəkildə danışa bilərdi. Qatı anti-Qərb ideoloqunun Bakıya səfəri Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının qarşısına almağa yönələn jest kimi də dəyərləndirilə bilər. İstisna deyil ki,  D. Roqozinin çantasında Putinin "yeni Qarabağ təklifləri” gizlənib.  Rusiya mətbuatının "yeni Qarabağ savaşı” barədə deyilənlər belə bir versiyanın mövcudluğuna əsas verir. Onu da vurğulayaq ki, Rusiyalı qonağın Bakı səfərinin əsas xətti Avrasiya İqtisadi Birliyi ilə bağlı ola bilər.

Məsələ ondadır ki, Moskva Azərbaycandan Avrasiya İqtisadi Birliyinə qoşulmasını tələb edir. Ehtimal etmək olar ki, Azərbaycan hakimiyyətinə siyasi dəstək söz verməklə D. Roqozin Bakıdan "yeni imperiya”ya "yaşıl işıq” yandırmağı tələb edə bilər. Lakin, kifayət qədər siyasi dəstəyi olan Azərbaycan hakimiyyətinin "yeni imperiya" ideyasına "yaşıl işıq" yandıracağı ağlabatan deyil. 

D. Roqozinin Bakıya səfərinin əsas pərdəarxasında başqa bir məsələnin də mövcud olduğunu ehtimal edə bilərik. Sirr deyil ki, Kreml Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsini arzulayır. Bu tələb ölkənin müstəqilliyinə birbaşa təhdid kimi də dəyərləndirilə bilər.  Görünən budur ki,  Bakı Moskvanın bu təkliflərini rədd edir. Lakin belə bir təhlükədən Azərbaycan təkbaşına çıxa bilməz. Güclü bir müttəfiqə ehtiyac yaranır. Bu amil və ölkənin təhlükəsizliyi  Türkiyənin də daxil olduğu NATO ilə əməkdaşlığı  zəruri edən faktlar sırasındadır.  Onu da unutmaq olmaz ki, NATO üzvü olan bəzi ölkələr Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi  Türkiyə əsas olmaqla  NATO-nun  Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır. Görünən budur ki, heç bir halda NATO Azərbaycana rus qoşunlarının girməsinə seyrçi qala bilməz. Bu baxımdan,D. Roqozinin çantasında nəyin gizləndiyinə baxmayaraq, söz sahibi yenə də yəqin ki, Bakı özü olacaq. 

O da istisna deyil ki, D. Roqozinin səfəri zamanı Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.  Xatırladaq ki, 7 martda Türkiyə və Azərbaycanın hərbi hava qüvvələri Konyada uzunmüddətli təlimlərə başlayacaqlar. Bu məsələ Kremli narahat edir. Rusiyanı qıcıqlandıran daha bir məsələ Cənub Qaz dəhlizi” qaz anlaşmasının reallaşmasıdır.  D. Roqozin səfəri zamanı Kremlin bu məsələ ilə bağlı narazılığını Bakının nəzərinə çatdırdığı da istisna edilmir. 

Rusiya mətbuatının D. Roqzinin Bakı səfərinə ayırdığı diqqət onu deməyə əsas verir ki, Kremlin Azərbaycana təzyiqləri daha da arta bilər.  Bakı Kremlin forpostu olmaq istəmir və bu, D. Roqozinin də nəzərinə çatdırıldı...


Avropa.infonun ekspert qrupu
Oxşar xəbərlər