"Hektarı sotdan, milyardı milyondan ayıra bilmirlər"

  • 02 mart 2016, 20:10
Tacikistan prezidenti İmaməli Rəhman martın 1-də iki yeni dövlət televiziya kanalının — "Varziş” (İdman) və "Sinamo”(Kino) telekanallarının yayımına start verib.

Novator.az-ın məlumatına görə, İmaməli Rəhman deyib ki, müasir dünyada müxtəlif yoluxucu xəstəliklərin, narkomaniyanın yayılması, mənəvi dəyərlərin aşağı düşməsi, gənclərin radikal dini qruplaşmalara qoşulması kimi hallar insanların sağlamlığını, cəmiyyətlərin stabilliyini təhlükə altında qoyur. İmaməli Rəhman hesab edir ki, buna görə də idmanın inkişafı və kütləviləşməsi profilaktika rolunu oynaya bilər.

Dövlət televiziya və radio kanallarının işini tənqid edən Tacikistan prezidenti teleoperatorların çoxunun işini qeyri-peşəkar saydığını, bir çox jurnalistin efirə hazırlıqsız çıxdığını vurğulayıb: "Bir jurnalist bu gün kənd təsərrüfatı, sabah musiqi proqramı, birisi gün iqtisadi veriliş hazırlayır. Bu isə radio və televiziya sahəsində peşəkar kadrların çatışmazlığı deməkdir. Xəbər proqramları aparıcılarının, diktorların çoxu hektarı sotdan, milyardı milyondan, kiloqramı tondan ayıra bilmir, ölkələrin, regionların adlarını düz bilmir”.

İmaməli Rəhman əlavə edib ki, qeyri-peşəkarlığa və verilişlərin texniki baxımdan aşağı səviyyədə hazırlanmasına görə tamaşaçıların çoxu Tacikistan televiziyalarına baxmır.
Oxşar xəbərlər