14 fevral sevgililər, yoxsa əxlaqsızlar günüdür?

  • 14 fev 2016, 14:24
Hər il fevralın 14-nü  bir sıra dünya ölkələri Sevgililər günü kimi qeyd edir. Bəzən bu günü "Müqəddəs Valentin günü"  adlandıranlar da var. Bəs bir neçə Qərb ölkəsində qadağan edilən bu bayramın tarixçəsi necədir?

Mənbələrin birinə görə Roma imperatoru ll Kladius, Romanı öz qanunları ilə idarə edən qəddar imperator ordu üçün savaşan əsgər tapmaq üçün evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı olub.

Valentin adlı rahib isə özü kimi rahib olan Mariusla birlikdə gəncləri gizli olaraq evləndirib. Bundan xəbər tutan imperator 269-cu ildə Valentini edam etdiirir. Onun bu əməli müqəddəs iş kimi qiymətləndirildiyindən edam olunduğu gün, fevralın 14-ü "Müqəddəs Valentin günü" kimi tarixdə qalır.

Başqa bir mənbələrə görə isə fevralın 14-də romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə birlikdə olurdu. Onlar bütün bayram boyu bir-birilərindən ayrılmırdılar. Beləliklə, kütləvi əxlaqsızlıq bayramı keçirilirdi. İmperator bunu qadağan etsə də rahib Valentin iyrənc adəti bərpa edərək gizli şəkildə qız və oğlanları qeyri-qanuni görüşdürməkdə davam edib. Bu səbəbdən imperator ll Kladius  rahibi həbs edir və kütləvi əxlaqsızlıq keçirilən həmin gündə, yəni fevralın 14-də rahibi döydürərək təhqiramiz formada edam etdirir. 

Bəzi iddialara görə, guya rahib həbsxana rəisinin qızına aşiq olduğu üçün öldürülüb. Lakin tarixdən də məlumdur ki, rahib həbsxanada keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" sözlərindən ibarət məktublar yazıb. Bu da onun hansısa qıza görə öldürüldüyü və ya xristianlığı təbliğ etdiyinə görə edam edilməsi faktlarını şübhə altına alır. İki əsr sonra 496-cı ildə Papa Helasiusun dövründə rahib Valentin kilsə tərəfindən müqəddəs elan olunur və fevralın 14-ü Valentin günü kimi qeydə alınır. Beləliklə Papa Helasius əxlaqsızlığı rəsmiləşdirir. Yalnız 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahsından çıxararaq "Müqəddəs Valentin günü" bayramının keçirilməsini məsləhət görmür. Burdan da belə bir nəticəyə gəlmək olur ki, rahib Valentinin əməlləri onun bu siyahıda yer almasını layiqsizləşdirib. Bəlkə də bu səbəbdəndir ki, hər il bu bayramda Rusiyada millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları bu günü daha təntənəli keçirən cinsi azlıqlarının nümayəndələri arasında dava-dalaş düşür. Rusiyada bu bayram demək olar ki, sıradan çıxarılıb. Universitetlərdə tələbələrin fevralın 14-də təşkil olunacaq şənliklərdə, diskotekalarda iştirakı qadağan edilib. Beləliklə, Valentin günü "rus milli dəyərlərinə zidd" adlandırılıb.

İordaniyada da "Sevgililər günü"nün qadağan olunduğu ölkələr sırasındadır. İslam əxlaqlarına uyğun olmadığı üçün Malayziyada da bu gün qadağan edilib. Almaniyada isə bu tarix "psixi cəhətdən sağlam olmayanların günü" kimi qeyd edilir. Lakin 20 ildən artıqdır ki, Türkiyədə bu bayram qeyd edilir.

Azərbaycanda isə 2003-cü ildən başlayaraq "Sevgililər günü" 30 iyunda keçirilir. Bu tarix isə 1990-cı il, 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda "Sevgililər günü” kimi keçirilir. Bu təklifi 2003-cü ildə "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı irəli sürüb. 

Buna baxmayaraq, hər il ölkəmizdə çoxlu sayda gənc tarixinə varmadan "Valentin günü"nü qeyd edir. Hətta dəfələrlə bu günün Azərbaycan xalqına və İslama xas olmayan bir bayram olmadığı təbliğ edilsə də. Ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri "Valentin günü"nün xalqımızın əqidəsinə, etiqadına, imanına, mənəviyyatına uyğun olmayan bayram olduğunu qeyd edir və bu günü boykot etməyə çağırırlar.

Xalidə Gəray
Musavat.com
Oxşar xəbərlər