“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” - “Foreign Affairs”

  • 11 fev 2016, 08:51

Böyük güclər savaş hazırlıqları içində - Azərbaycana təhlükə var; Ərdoğanın Bakı səfəri öncəsi Rusiyanın Xəzər və Qara dənizlərində "əzələ” nümayişinə başlamasının səbəbi - Azərbaycana da mesaj? NATO isə Rusiya ilə sərhədə qoşun yığır; rusiyalı hərbi ekspert: "Moskva müharibə hazırlıqlarına start verib...” 

 

Rusiya iqtisadi-maliyyə sanksiyalarının məngənəsində sıxılsa da, belə görünür, bölgədə hərbi mövcudluğunu gücləndirməkdə israrlıdır. Bu proses Türkiyənin "Su-24" təyyarəsini vurmasından sonra indi daha qabarıq şəkildə müşahidə edilməkdədir. Hər halda, Moskva bu il üçün planlaşdırdığı rekord sayda hərbi təlimlərə artıq start verib.

Belə ki, iki gündür ki, Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizlərdə təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hərbi gəmilər Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində iki dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirir. 

Rusiya prezidenti Vladimir Putin CHD-nin qoşunlarına, o cümlədən Xəzər və Qara dənizlərdəki donanmaların qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib. Onun sərəncamı əsasında Qara dəniz sahillərinə 40 hərbi təyyarə (qırıcı) və döyüş helikopteri göndərilib. Müdafiə Nazirliyi hərbi təyyarə və vertolyotların Qara dəniz sahillərində min kilometrlik təlim uçuşu həyata keçirdiklərini bildirilib. Həmin nahiyəyə göndərilən hərbi vasitələr arasında taktiki bombardman, hücum və hərbi nəqliyyat təyyarələri, həmçinin, hücum helikopterləri yer alıb.


***
Göründüyü kimi, təlimlər Türkiyənin "burnunun ucunda”, həmçinin qardaş ölkənin və Qərbin həyati maraqlarının olduğu başqa strateji bölgədə - karbohidrogen ehtiyatları ilə zəngin Xəzər hövzəsində keçirilir. Bu isə həm də neft-qaz ölkələri olaraq, özlərinin energetik resurslarını Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına çıxaran və çıxarmaqda israrlı olan Azərbaycan və Türkmənistana birbaşa təhdiddir. Eyni zamanda TANAP, digər kəmərlər və nəqliyyat arteriyaları hesabına Rusiyadan energetik, kommunikasiya asılılığını minimuma endirməyə çalışan Ankaraya və Tiflisə qarşı açıq şantajdır. 

Bu xüsusda Rusiya hərbi təlimlərinin prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri ərəfəsində başlamasını təsadüfün ayağına yazmaq çətindir. Kremlin belə hərbi demarşlarına isə qardaş ölkə və onun təmsil olunduğu NATO alyansının cavab reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək.    

***
Moskvanın Ankara və Qərblə gərgin münasibətlərinin mümkün inkişaf dinamikası isə hərbi-siyasi ekspertlər və "beyin mərkəzləri”, o sırada Qərb nəşrləri tərəfindən ciddi şəkildə analiz edilməkdədir - ələlxüsus da Türkiyə-Rusiya gərginliyi fonunda narahatedici proqnoz və xəbərdarlıqların sayı artmaqdadır.

Məsələn, nüfuzlu "Foreign Affairs” nəşri hesab edir ki, "Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır”. Belə bir sensasiyalı iddia ilə çıxış edən məqalə müəlliflərinə görə, Türkiyə, sadəcə, Birləşmiş Ştatlardan bundan ötrü zəmanət gözləyir. Sitat: "Hər şeydən əvvəl bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bundan ötrü Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər - hansı ki, artıq belə bir vəziyyət yetişib”.

"Foreign Affairs” ardınca iddia edib ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: "Bu ittifaq Rusiyanın tamamən Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni öz təsir dairəsinə almasına gətirə bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə prosesdə Türkiyə varsa, Bakı ”yox" deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də o, iqtisadi yardım qarşılığında buna məcbur olacaq".

Nəşr Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini də təxmin edib. Qeyd edək ki, qarşıdakı səfər çərçivəsində Gürcüstan və Türkiyədən keçəcək TANAP qaz layihəsinin inşasının sürətləndirilməsi və iki ölkənin, ümumən bölgənin Rusiyadan qaz asılılığını minimuma endirməklə bağlı müzakirələr də gözlənilir. Şübhəsiz ki, Türkiyə-Rusiya gərginliyi fonunda regional təhlükəsizliyin Azərbaycanın da maraqlarına toxunan başqa ciddi aspektləri də diqqətə alınacaq.     

***
Maraqlıdır ki, Rusiya NATO ölkələrinə həmsərhəd ərazilərdə geniş miqyaslı hərbi təlimlərə keçirirkən Şimali Atlantika bloku da Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə 500-1000 nəfərlik hərbi batalyonlar göndərməyə başlayıb. Britaniya KİV-ləri həmin qüvvələrin Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcəyini yazır. Məqsəd Rusiyanın "Ukrayna stilində yeni münaqişə ocağı yaratmaq istədiyi halda alyansın ona cavab verəcəyini” sərgiləməkdir.

Məlumata görə, Rusiya ilə sərhədboyu yerləşdiriləcək qüvvələrdə amerikalı, alman və ingilis əsgərləri xidmət edəcək. Britaniyalı analitiklərə görə, Rusiyanın Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı yeni hibrid müharibəsi aparmasına qarşı atılan bu addım Brüssel və Moskva arasında münasibətləri gərginləşdirə bilər.

***



Bu arada isə tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ukraynanın "Novoye vremya” nəşrinə müsahibəsində mövzumuza dəxli olan və sensasion sayıla biləcək fikirlər söyləyib. Onun hesablamalarına görə, Rusiyanın hərbi dəstək verdiyi Bəşər Əsəd qüvvələrinin strateji əhəmiyyətli Hələb şəhərini ələ keçirmək planı Moskva və Ankara arasında hərbi toqquşmaya gətirə bilər və əslində Xəzər və Qara dənizlərindəki son təlimlər də bununla - ön hazırlıqlarla bağlıdır. 

Politoloq deyir: "Lakin Əsədin peşəkar piyada hərbi qüvvələri az olduğundan bu, üzücü və qanlı bir mühasirə olacaq. Total humanitar fəlakətə imkan verməmək üçünsə Hələbə xarici qüvvələr cəlb ediləcək. Ehtimal böyükdür ki, Qərb qüvvələri, yaxud türklər Hələbdəki müxalifət qüvvələrinin mühasirəsinin yarmaq və ya ora humanitar dəhliz açmaq istəyəcək. Bu isə öz növbəsində daha ciddi konfliktin, o cümlədən ümumavropa müharibəsinin alovlanmasına gətirə bilər”.

Ekspertə görə, artıq buna hazırlıqlar başlayıb: "Dünəndən (srağagündən - red.) Rusiya Türkiyə ilə böyük müharibə üçün öz qüvvə və vasitələrini yerləşdirməyə başlayıb. Qara və Xəzər dənizlərində hərbi təlimlər keçirilir, Putinin göstərişi əsasında Cənub Hərbi Dairəsi qüvvələri qəfil yoxlanış çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir. Rusiya hərbçiləri Suriyanın şimalında, sonra isə ola bilsin həm də cənubunda qələbələr gözləyir - hansı qələbələr ki, Əsəd qüvvələrinin Türkiyə sərhədinə çıxışını təmin edəcək. Buna isə Türkiyə necə reaksiya verəcək - heç kim bilmir. Elə bundan çıxış edərək də Rusiya türklərlə genişmiqyaslı hərbi qarşıdurmaya hazır olmaq üçün öz qüvvələrini səfərbər eləməkdədir. Qarşıdurma ehtimalı isə çox yüksəkdir...”

Analitik xidmət
 
Demokratik.Az