Ermənistan ordusu itkilərini açıqladı

  • 11 yan 2016, 20:28
58 insident nəticəsində 76 hərbçi ölüb. Eyni zamanda Ermənistanda iki Rusiya hərbi qulluqçusu həyatını itirib. Ermənistan ordusundakı ölüm halları ilə bağlı Helsinki vətəndaş assambleyası məlumat yayıb.

Hüquq müdafiə təşkilatı qeyd edib ki, 2014-cü il ərzində 41 hadisə nəticəsində 45 ölüm halı qeydə alınıb. Məlumatda bildirilir ki, 2015-ci ildə orduda 76 ölüm hadisəsinin 41-i Azərbaycan ordusu ilə döyüş toqquşması zamanı baş verib. 3 hərbçi qətl, 6-sı intihar, 21-i bədbəxt hadisə, 19-u yol-nəqliyyat hadisəsi, 1-i qumbara partlayışı, 4 nəfər isə sağlamlıq problemləri səbəbindən ölüb.

Atışma nəticəsində 41 ölüm hadisəsindən 34-ü Dağlıq Qarabağda baş verib.

Bir müddət əvvəl Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini ölü olaraq itirməsi, onlardan 33 nəfərinin döyüş itkisi olması barədə məlumatlar yayılmışdı.

Azərbaycanın Müdafiə Nazirliyindən dekabrın 5-də verilən açıqlamada bildirilir ki, Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır. Məlumdur ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq il ərzində Ermənistan tərəfinin cəbhədə yüzdən artıq itki verməsi bəlli olur.

anspress
Oxşar xəbərlər