ABŞ-da Azərbaycana qarşı sanksiyaların müzakirəsi başlayır

  • 04 yan 2016, 19:09

ABŞ Helsinki Komissiyasının Azərbaycan hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi Konqresin 2 komitəsində müzakirə olunacaq. Bunlar Beynəlxalq İşlər və Hüquq və Maliyyə Məsələləri komitələridir.

Bu barədə haqqin.az saytı ABŞ-dakə mənbələrə istinadla xəbər yayıb. Xəbərdə komitələrin qanun layihəsini müzakirə edəcəyi tarixlər göstərilməyib.

Bu arada Azərbaycan hakimiyyəti ABŞ-dakı ictimai təşkilatlar vasitəsilə qanun layihəsini qəbul etməsin deyə, Konqresə təsir göstərməyə çalışır. Kaliforniyanın Azərbaycan Cəmiyyəti Nümayəndələr Palatasının spikeri Pol Rayana bu məqsədlə müraciət edib.

"Pul itkisindən başqa bir şey deyil”

Helsinki Komissiyasının təqdim etdiyi "Azərbaycanda Demokratiya Aktı” layihəsinin qarşısını almaq üçün rəsmi Bakının başqa lobbi təşkilatlarını da səfərbər etdiyi şübhə doğurmur. Lakin lobbiçilərin bu məsələdə nə dərəcədə təsirli ola biləcəyinə vaxtilə ABŞ dövlət katibinin müavini işləmiş, "Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstitutunun İnsan Haqları və Demokratiya üzrə baş direktoru olan David Kramer bugünlərdə "Amerikanın səsi”nə verdiyi müsahibədə aydınlıq gətirib:

"Lobbiçilər Azərbaycandakı vəziyyətin effektiv olduğu qədər effektiv ola bilərlər. Amma orada durum həddən artıq ağırdır. Bu, gözdən pərdə asmaq kimi ola bilər və bunun köməyi olmayacaq. Konqres üzvləri Azərbaycanda pisləşən vəziyyət barədə daha çox məlumatlandıqca lobbiçilər kampaniyası əks-effekt verə bilər. Orada Xədicənin həbsi, ABŞ-ın maliyyələşdirdiyi qurum olan Azadlıq Radiosuna təzyiqlər və s. məsələlər problemin həllinə kömək etmir. Lobbiçilər çətin ki, bu məsələləri xalça altına süpürə bilsinlər. Daha artıq məlumatlandırma olduqca qanun layihəsinə dəstək də artacaq. Fikrimcə, lobbiçilərin işə cəlb edilməsi pul itkisindən başqa bir şey deyil”.


Oxşar xəbərlər