250 “yararsız işçisi” MTN-dən niyə qovuldu – son məlumatlar

  • 13 dek 2015, 10:35

Onun "işverəni” "Akula Akif” haqda yeni bilgilər ortaya çıxdı: "Parisin küçələrində pulsuz-parasız qalıb” 

 

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib. M.Quliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır: "Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”. 

M.Quliyev APA-ya açıqlamasında həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir. O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: "Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.

Akif Çovdarov Eldar Mahmudovun əleyhinə ifadə verib

Bu il oktyabrın 17-də MTN-də başlanan "təmizləmə” bir çox gerçəkləri üzə çıxardı. Məlum oldu ki, ölkə vətəndaşı əlini başının altına qoyub yatarkən Eldar Mahmudovun ətrafı ölkə boyu talanlarla məşğul olub. Sahibkarlar çarmıxa çəkilib, onlardan pul-para, mal-mülkləri ilə yanaşı bəzilərinin canını da alıblar. Heç bir sənəd-sübutsuz adamları tutub işgəncəyə məruz qoyublar. Üstəlik, Eldar Mahmudovun "sağ əli” hesab olunan, hazırda həbsdə olan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovun şəxsi həbsxana saxladığı da üzə çıxıb.

Maraqlıdır ki, MTN-də "təmizləmə” başlayandan dərhal sonra 7 vəzifəli şəxs həbs olunsa da, onların sırasında A.Çovdarovun adına rast gəlinməmişdi. Sonradan belə bir məlumat da yayılmışdı ki, A.Çovdarov eks şefinə qarşı ifadə verməyib.

Aldığımız son məlumatlar isə A.Çovdarovun E.Mahmudova qarşı ifadə verməməsi haqda deyilənləri şübhə altına alır. İstintaqa yaxın qaynağımız deyib ki, A.Çovdarov ilk gündən dolayısı ilə olsa da,  Eldar Mahmudovun əleyhinə ifadə verib: "Verməsəydi onu da digəri 7 nəfər kimi dərhal həbs edərdilər. Ümumiyyətlə istintaqda qayda belədir ki, əməkdaşlıq etməyən, istintaqda barəsində kifayət qədər məlumat olan şəxs dərhal qandallanır. Ola bilər ki, onun ifadələri birbaşa deyil dolayısı ilə Eldar Mahmudovun əleyhinədir. Mümkün deyil ki, o belə bir ifadə verməsin. Akif Çovdarovun ifadə verməkdən başqa yolu yoxdur. Verməyib nə edəcək?”

 Mahmudovun "işverən”i "Akula Akif”in gizlinləri...

Oktyabrın 17-də Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan 1 gün sonra "Akula” ləqəbli Akif Mustafayev Azərbaycandan qaçıb. Bu haqda "Yeni Müsavat” noyabrın 3-də "MTN işi”ndə yeni gizli kütləvi həbslər - şok təfsilat" sərlövhəli yazı dərc etmişdi. Həmin yazda bildirilirdi ki, A.Mustafayev Eldar Mahmudovun çetesinin əsas "işverən”lərindən olub. 



Kimdir bu şəxs və nələr edib? 

Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN-in sabiq rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz "köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, "Akula Akif” bu "xidmətlərindən” sonra MTN-in "əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. 

Onlara "krışalıq” edirmiş. "Akula Akif” oktyabrın 18-də ölkədən Fransaya gedib və sonradan onun izi itib. Azərbaycan Baş Prokurorluğu onu İnterpol xətti ilə axtarır. Belə məlumatlar var ki, "Akula Akif” Fransa paytaxtında gizlənir. Onun orada adamlarının olması haqda da xəbərlər var. Dekabrın 11-də virtualaz.org saytı 1 ay əvvəl yazdıqlarımızı təsdiqləyən xəbər yayıb. Sayt yazır ki, oktyabrın 18-də bazar günü, səhər saat 08:40 reysi ilə "Akula Akif” AZAL-ın reysi ilə Bakıdan Belarusun paytaxtı Minskə uçub. Oradan isə Parisə istiqamət alıb. 

Bu qaçışın detalları haqda məlumatlı olan mötəbər qaynaq bildirir ki, "Akula”nın Belarusda dayanmaq fikri yox olmayıb və ona təcili olaraq Şengen vizası əldə edərək Minskdən Avropaya uçmaq lazım idi. Mənbə bildirir ki, "Akula” əslində Avropaya birbaşa Bakıdan da uça bilərdi. Həmin gün onu heç kim axtarmırdı və əsas diqqət MTN-dəki mütəşəkkil qruplaşmanın neytrallaşdırılmasına, Mahmudovun qruplaşmasının nazirlikdəki əsas adamlarının nəzarət altına alınmasına yönəlmişdi. Buna baxmayaraq illərdir hansı cinayət əməlləri törətdiyini yaxşı dərk edən "Akula” istintaqın diqqətinin ona yönəlməsini gözləmədən aradan çıxmağı qərara almışdı. Və izi itirmək ümidiylə Avropaya birbaşa Bakıdan yox, Minsk üzərindən uçmağı qərarlaşdırıb. Sayt yazır ki, ona Minskdən Fransaya uçmaqda "Pokrovka” topdansatış bazarının faktiki sahiblərindən biri kimi tanınan, "Azfrut” şirkətinin təsisçilərindən olan şəmkirli "Pokrovka Məhərrəm” kömək edib. Belə məlumatlar var ki, "Akula Akif”in Fransa banklarında  sanballı hesabları olsa da, həmin hesablar hazırda həbs altındadır. Ona görə də ehtimal olunur ki, o, Fransadan İspaniyaya keçməyə hazırlaşır. Orada onun mülkünün olması haqda da xəbər var. Azərbaycan hüquq-mühafizə orqanları "Akula Akif”i yaxalamağa imkan tapa bilməsələr də operativ qaydada onun barəsində cinayət dosyesi hazırlayıb İnterpola təqdim ediblər və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış əldə edilməsinə nail olublar. İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə andan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı "rüşvət” ittihamı var.

Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində "Akula”nın bank hesablarına və əmlakına qısa müddət ərzində həbs qoyulub. Nəticədə o, Avropa paytaxtlarında pulsuz-parasız qalıb.
Yazmışdıq, bir də xatırladaq ki, noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. "Akula”nın evindən xeyli daş-qaş, qızıl-zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib. Həmçinin onun Azərbaycan banklarıdan birindəki gizli seyfinin kodu da aşkar olunub.  "Akula Akif” qaçarkən həmin kodu evindəki dəftərçədən cırıb tullamağı unudubmuş...

Eldar Mahmudovla "Akula Akif” "Beluqa” arağına üstünlük verirmiş...  

Yazdıqlarımıza ekskurs edərək bir də yada salaq ki, "Akula Akif” birbaşa Eldar Mahmudovun yaxın çevrəsinə daxil olub və onun ən sadiq adamlarından hesab olunurdu.
Eldar Mahmudova o qədər yaxın idi ki, nazirin hər həftənin şənbə günü villasında təşkil etdiyi, məhdud çərçivədə adamların qatıldığı ziyafətlərdə həmişə əsas qonaq kimi iştirak edirdi ("Akula”nı tanıyanlar deyir ki, o, həddən artıq məkrli, hər cür alçaq əməllərə əl atmağa qadir olan biridir). Virtualaz.org bu ziyafətlər haqda məlumatlı olan mənbəyə istinadən yazır ki, E.Mahmudov arağı ancaq "Akula” ilə içirmiş. Özü də keçmiş nazir son vaxtlar xeyli qayğılı görünürmüş və şənbə ziyafətlərində oturanda həddən artıq çox içirmiş. Mənbə hətta onun arağı 200 qramlıq stəkanla içdiyini də deyir. "Yeni Müsavat”ın bu ziyafətlər haqda bilgili olan qaynağı isə deyir ki, belə ziyafətlərə E.Mahmudovun oğluna məxsus eksklüziv şərablar və alkoqollu içkilər təklif edən butik - "Wine City”dən spirtli içkilər daşınıb. "Akula Akif”lə Eldar Mahmudov  əsasən Rusiya istehsalı olan, xüsusi reseptura əsasında hazırlanmış "Beluqa” arağı içməyə üstünlük veriblər. 

Sayt nazirin malikanəsindəki şənbə ziyafətlərinin proseduru haqda isə bunları yazır: əvvəlcə nazir və qonaqları günortaya qədər idmanla məşğul olurmuş. Sonra içki məclisi başlayırmış və məclis axşamdan xeyli keçənə qədər davam edirmiş. Məclis sauna və digər əyləncələrlə yekunlaşırmış.

"Akula Akif” Paris küçələrində pulsuz-parasız dolaşır?

Sayt yazır ki, "Akula Akif” Paris küçələrində pulsuz-parasız qalıb. Onun vəziyyətinə bələd olanlar deyir ki, "Akula” tamamilə müflis, miskin vəziyyətdədir və Fransa polisindən yayınmaq üçün zirzəmilərdə gizlənir, yerini tez-tez dəyişir. Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə  böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu. Hazırda MTN-in 19 sabiq vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, Eldar Mahmudov ev dustağı edilib, istintaqdan yayınan Akif Mustafayev barəsində axtarış elan edilib. 

E.MƏMMƏDƏLİYEV
Oxşar xəbərlər