Gəncənin 500 minlik DYP rəisi HARA BAXIR? - Rəhim Zalovun zabitləri niyə belə anarxistdir?
Gəncənin ağır təcrübəyə malik varlı və "azman" DYP rəisi Rəhim Zalovun aqressiv komandası öz şəxsi maraqları ucbatından işlərinin öhdəsindən gələ bilmirlər. Onlar hər gün formal protokollar yazmaq üçün qeyri-yasal yollara belə əl atır, polis adına yaraşmayan hərəkət və davranışlara yol verir, böyük bir şəhərdə dövlət hesabına mindikləri "BMW" markalı "at"larda əməlli-başlı dördnala çapırlar. Çapsınlar, amma bu çapma o çapmadan deyil ki, vətəndaşlar bunu alqışlaya və sevinə. Bu "çapma" Rəhimçiləri varlı-güclülərdən yan ötürüb bəzi kasıb-kusubun sürdüyü ucuz maşınları hədəfə alan "xoxan" obrazı yaradır. Yol polisi adına adamda təəssüf və ikrah hissi doğurur. Onsuz da darısqal olan şəhər yollarını bürümüş nəqliyyat infrastrukturunun iflic durumuna göz yummaqla rüşvət almaq kimi meyillərini, özbaşınalığa ayaq açan aludəçiliklərini, qanunlara sayqısızlıqlarını bir-bir sadalamağı məqbul edir.
Bugün axşam saatlarında baş verən bircə hadisə Gəncə DYP əməkdaşlarının öz işlərini hansı səviyyədə təşkil etdiklərini isbata yetərlidir. Belə ki, saat 17:15 radələrində şəhərin Nərimanov və Nizami prospektlərinin kəsişməsində, N.Nərimanov adına Parkın qarşısında avtoş kimi var-gəl edən BMW markalı, AZ99 YP 033 dövlət nömrə nişanlı xidməti DYP maşını görənlərin və "Demokratik.Az" saytının rəhbəri, jurnalist Osman Nərimanoğlunun özəl diqqətini çəkib. Sözügedən DYP avtomaşını küçənin tən ortasında sərt manevrlər edib, maşında olan polis kapitanı Cehun İmanov və bir polis serjantı normal xidməti vəzifə yerinə yetirmək əvəzinə taksi və digər minik avtomobillərinin sürücülərinə sanki hücum çəkiblər. Hər iki polis əməkdaşı etik davranış qaydalarını açıq şəkildə pozaraq qarşılarına keçən hər kəslə qışqıra-qışqıra danışıblar, hətta onları nizam-intizama dəvət edən jurnalist Osman Nərimanoğluna qarşı daha kobud davranaraq şərəf və ləyaqətini alçaldan ifadələr işlətməkdən çəkinməyiblər.
Hadisə yerində olaya şahid olmuş və polislərin süni-mənəvi basqısına məruz qalmış jurnalist Osman Nərimanoğlu "Demokratik.Az"-a bunları deyib: "Bugün Gəncədə şahidi olduğum xoşagəlməz olay Gəncə DYP-nin bəzi əməkdaşlarının yarıtmaz və olduqca qaba olduğunu göstərir. Qısa videoçəkilişdən də görürsünüz ki, DYP əməkdaşları parkın qarşısındakı avtobus duracağında maşınların normal hərəkətinin təhlükəsizliyini tənzimləmək əvəzinə, özlərinin idarə etdiyi AZ99-YP- 033 nömrəli xidməti avtomaşını yolun düz ortasına park edərək süni tıxaca səbəb olublar. Sonrakı hərəkətləri ilə digər özbaşınalıqlara da yol veriblər. Məqsədləri guya Göygöl-Gəncə istiqamətilə hər gün taksi fəaliyyətilə məşğul olan bir neçə sürücüyə inzibati protokol tərtib etmək idi. Bunu sadəcə taksilərdə göz qırmaq, "tasa oturmayanları" tasa mindirmək üçün edirdilər.
Hər gün Göygöldən Gəncəyə gəlib gedirəm, nə baş verdiyini də çox yaxşı bilirəm. DYP əməkdaşlarının özləri uzun illərdir qanunsuz olaraq bir dayanacağı taksi duracağına döndərib, gərdişi-dövrana göz yumub. Beləcə istəyəndə də üz tapırlar, planlarını doldurmaq üçün istəyən növbə ilə gəlib yazıq taksilərdən bir-ikisinə cərimə yazıb iş görürlər. Yenə taksiyə minib Göygölə getmək istəyirdim ki, ağıllı DYP əməkdaşları taksilərdən birinə hücum çəkdilər və inzibati protokol tərtib etmək üçün özləri bildikləri qanunları pozdular. Əvvəlcə gəldikləri maşınlarını dayanacaqda elə saxladılar ki, yolun yarısını özləri tutdular. Sonra da koroğlu nərəsilə maşınlarından düşüb öz şikarlarına hücum çəkdilər. Təsəvvür edin, sinələrində müvafiq döş nişanı gəzdirməyən, "Polis Haqqında Qanun"un 13-cü maddəsinin tələbini pozmaqla özlərini və polis vəsiqələrini heç kimə təqdim etməyən, qışqıra-qışqıra taksilərə hədə-qorxu gələn belə qəzəbli gözüqızmış DYP əməkdaşları ilk dəfədir görürdüm. Davranışlarının heç bir hüquqi məntiqi, polis adı ilə bir araya sığacaq əxlaqı yox idi. İşlərini görmək, İX protokolu yazmaq və sürücülərə təmkinlə prafilaktik təlimat vermək, sualları izah etmək yerinə xüsusi əl-qol hərəkətləri ilə danışan qaişniklərdən nə gözləyəsən axı... Bunlar özlərini elə aparırdılar ki, elə bil heç kim heç nəyi bilmir. Guya o dayanacaqda yolboyu qanunsuz park edən taksiləri indi görürdülər, amma yalnız birinə ( AZ20-BK-291) cərimə yazmağa girişmişdilər. Özlərinə lazım olan fərdi cəzakəsməni də elə kobudcasına edirdilər ki, dözməyib etirazımı bildirdim. Polisləri etik davranışa, düzgün xidməti vəzifəyə dəvət etdim. Yanımda bir sürücü isə onları öz mobil telefonuna çəkməklə etirazını bildirirdi. Həzm etmədilər, kapitan İmanov nümayişkaranə şəkildə mənim də üstümə şığıdı, "əcəb edirəm, sən kimsən ki! mən belə polisəm... səni də məhv edərəm.." deyib hayqırmağı üstün tutdu. Jurnalist olduğumu bildikdən sonra isə, mətbuatın və mənim ünvanıma təhqiramiz ifadələr işlətdi və tez bir zamanda maşını sürüb getdilər, yoxsa məni döyəcəkdilər..." - deyə Osman Nərimanoğlu bildirib.
Baş redaktor onu da əlavə edib ki, kapitan İmanovun davranışlarından Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Prokurorluq orqanına da rəsmi şikayət verəcək. Jurnalist hesab edir ki, belələri dövlət büdcəsindən aldıqları məvacibin qarşılığında ali polis səlahiyyətlərini unudan, polis kimi öz təyinat və vəzifələrini bilməyən, peşə borcunu tam ləyaqətlə yerinə yetirməyən və nəticədə təmsil olunduqları bir nazirliyin mötəbər reputasiyasını zədələyən paqondaşıyanlardır. Belələri isə ya orqandan ayrılmalı, ya da yaxşıca məzəmmət və töhmətlərlə vətəndaşlara qarşı xoş və alicənab rəftara təhrik edilməlidir.
"Gəncədə yol polisi əməkdaşının sürücülərə və digər vətəndaşlara qarşı aqressiv və özbaşına davranışlarının özəl "xidməti təlimat"lardan doğa bilmə ehtimalları da yüksəkdir. Bunun üçün Gəncə DYP-dən illər əvvəl nöqsanları ucbatından Zaqatalaya qovulmuş, lakin sonradan hansısa məqsədlərlə Gəncəyə qaytarılmış polis polkovniki, DYP rəisi Rəhim Zalovun özünün və yuxarı rütbəli bütün zabitlərinin fəaliyyətlərinin dərin təftişinə ehtiyac var. Çünki, Rəhim Zalovdan hər gün təlimat alan bir polis kapitanı axı, niyə bunca anarxist olmalıdır, bunun səbəbi sizcə kimdə və nədədir?..."-deyə baş redaktor deyilənlərə əlavə edib.
"Demokratik.Az" inanır ki, olaya Daxili İşlər Nazirliyi operativ reaksiya verəcək, işıqforun dibində dayanacaqda DYP-nin özünün yaratdığı "taksi duracağı"nda hansı üzlə sürücülərə cərimə yazıldığını müəyyən edəcək, müvafiq araşdırma aparacaq, polis kapitanı Cehun İmanovun hərəkət və ya hərəkətsizliyinə lazımi hüquqi qiymətini verəcək.
Demokratik.Az