Tovuz cinayətinə rəsmi rəy: “Veriliş əməliyyat-axtarış prosesinə mane olub”

  • 10 yan 2020, 20:33

Telekanalda yayımlanan verilişlə bağlı inzibati məsuliyyət meydana çıxa bilər

Bu il yanvarın 1-dən "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə mindi. Qanun cəmiyyəti sevindirmişdi və çox ümidli idik.

Təəssüf ki, qanun qüvvəyə minsə də, telekanllarda məlum həyat hekayələrindən ibarət verilişlər öz tempi ilə davam edir. Hətta yanvarın ilk həftəsində cəmiyyəti silkələyən Nərmin cinayəti hələ də efirlərdə müzakirə olunmaqdadır. Ya telekanallar bu qanundan xəbərdar deyil, ya da onlara insan həyatları üzərində şou ssenariləri hazırlamaq ləzzət verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.

Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb: "Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.

Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub: "Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olun qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.

E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub: "Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada məsuliyyət də yarana bilər. Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlayacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.

"Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik. Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda sullar doğurur. Ortada məsuliyyətsizlik, səhlənkarlıq var. Yenə də umid edirik ki, tezliklə cinayətin təfərrüatı ictimaiyyətə açıqlanacaq, qatil tapılacaq. Əlavə edim ki, hazırda qətlin açılması üçün ölkənin ən təcrübəli mütəxəsisləri cəlb olunub”, - deyə Komitə rəsmisi vurğulayıb.

Xatırladaq ki, "Xəzər” TV-də efirə gedən "Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası "Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Bu müraciətdən sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.

Mənbə: Ayna.az

Oxşar xəbərlər