Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?

  • 05 yan 2020, 23:03

"Utanmasan "seçilməyə" nə var ki..."-deyib məsələni cılızlaşdırmaq olmaz. Bu kəs seçilmək üçün sevilməyi gözə almaq lazım idi, məncə bəziləri O qatara minə bilməyəcəklər, çünki şansları yavər getdi...

2015-ci il Milli məclisə seçkilərdən 4 il ötür. Növbəti parlament seçkilərinə -2020-ci ilin 9 fevralına isə az qalıb, cəmi 35 gün...

Tarixə nəzər salanda görürük ki, dünyada ali rada- milli məclis anlayışı formalaşdıqdan sonra, ayrı-ayrı cəmiyyətlər arasında deputatlara inam və etibar olub. Deputatlar xalqın böyük kəsiminin eşidən qulağı, görən gözü, danışan dili olmaqla, millətin vəkili kimi şərəfli titulla silahlanıblar. Onlar zaman-zaman ali qanunverici orqanda on minlərin, yüzminlərin, milyonların müqqəddəratını həll ediblər. Çağdaş Azərbaycanda da millət vəkillərinə ehtiramın, inamın nümunələri var. Xatırladım ki, ümummilli liderimiz mərhum Heydər Əliyev də müstəqil Azərbaycanın tarixinə həm də təəssübkeş millət vəkili kimi daxil olub, ömrünün hər saniyəsini dövlətçilik və milli maraqlarımıza fəda edib. Bu millətə "Yeni Azərbaycan Partiyası" (YAP-red) kimi qüdrətli, parlaq ideologiyalı bir siyasi miras bəxş edib. Elə hazırki prezidentin karyera yüksəlişində və siyasi vərəsəlik yolunda ləyaqətlə daşıdığı millət vəkilliyini (1995-2000-ci illərdə) unutmamışıq. Bəs sizcə, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) əzəmətli çətiri altına sığınıb da, özünün deputat adını doğrultmamaq, ümummilli liderimiz mərhum Heydər Əliyev ideyalarına, dövlətçilik ənənələrinə xələl gətirmək haqqı kimlərəsə verilibmi? Sizcə, tarixi inqilablar, milli dəyərlər şəhərimiz olan Gəncədən millət vəkili seçilib, seçicilərinin və bir şəhərin deyil, özünün harın havadarlarının vəkilliyinə aludə olmaq haqqı kimlərəsə verilmişdimi?

Təəssüf ki, son 4 ildə Gəncə seçicilərinin belə ədalara sahib biri xanım olmaqla iki deputatı var.

Seçildikləri gündən bəri, gəncəlilər dəfələrlə KİV mənsublarından xahiş ediblər ki, laqeyid deputatları barədə informasiyalar verilsin. Onların seçicilərinə biganəliyi, MM-də "ağızlarına su alıb susmaları" ictimailəşdirilsin. Onların Gəncə üçün nə işə yaradıqları barədə məlumatlar verilsin. 

"Demokratik.Az” xəbər portalı olaraq hesab edirik ki, bu istək seçicilərin doğal haqqı olub və bizdən öncə də həmkarlarımız üzərlərinə düşəni ediblər. Hərçənd, nə faydası. Mövzu öz aktuallığında qalmaqla, adıçəkiləcək deputatların əməlinə yazılası xeyirli işlərini tapmaq müşkül olub ki, fəxrlə ictimailəşsin. 

"Demokratik.Az" Milli Məclisin ən passiv isimlərindən olan Gəncənin xanım deputatı Kərimzadə Pərvin Orxan qızını, digər passiv deputat Naqif Həmzəyevi gündəmə gətirməyi lazım bilir:

Hörmət əlaməti olaraq xanım deputatı önə sürək:

Elmar Vəliyevin

"P.Kərimzadəni nə Gəncədəki seçiciləri, nə parlament müxbirləri, nə ictimaiyyət əməlli-başlı tanıyır. Hətta həmkarları arasında xeyli sayda deputat var ki, Pərvin xanımın millət vəkili olmasından bixəbərdir. Buna səbəbkar isə xanım özüdür.

Bu deputatın parlamentdə fəallığını görən olmayıb. Onun indiyə qədər hər hansı aktual çıxışı xatırlanmır ki, millət vəkili pasportu kimi Gəncəlilərə təqdim olunsun.
Ölkədə uzun illərdir ki, iqtisadi-sosial gərginlik var. Deputatlar fikirlərini, təkliflərini irəli sürürlər.
Gəncə kimi ölkənin ikinci şəhərinin xanım deputatı isə həmişə susmaqla yetinib. İnternetdə seçki ərəfəsində vətəndaşlarla görüşü barədə xəbərdən və bəzi tədbirlərdə iştirakından başqa xanım deputat barədə fərli informasiya tapmaq olmur. Ümumiyyətlə, bu xanımı seçilənədək GDU -nun kollektivindən başqa, seçicilərinin onu tanımasına və sevməsinə də tutarlı səbəblər ortada yoxdur. 
P.Kərimzadə seçildikdən bu yana Gəncədə sosial vəziyyətdən danışmayıb, hansısa təkliflərini dilə gətirməyib. Qarabağ probleminin həlli ilə bağlı gedən proseslərə mövqeyini ümumiyyətlə açıqlamağa meyilli olmayıb. Gəncə sakinləri xanım deputatlarının varlığını bu illərdə hiss etməyib. Onu axtaran ən yaxşı halda Gəncə Dövlət Universitetində prorektor kürsüsündə başqa məşğuliyyətlərdə tapıb.
Parlamentdə Mehriban Əliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləri kimi yaddaqalan olublar. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətləri nümunə olub. Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkillərini tanıyırıq. Bəs, Pərvin Kərimzadə deputatlığını hansı xoş kateqoriyaya yazaq?!

Bildirək ki, Gəncədən seçilən 4 deputatdan birinin qadın olması, məhz cəmiyyətimizdəki qadınların aktivliyinin artması olub. Amma P.Kərimzadənin səsi eşidilməyib, mətbuatda gündəm çıxışını görən olmayıb. Xanım deputat hər gün şəhərin GDU, Yap və İHB binası ərazisində gəzişməklə, Elmar Vəliyev sui-qəsdindən sonra isə xidməti maşınla var-gəl etməklə gəzdirdiyi vacib deputatlıq missiyasını tamamlayıb.

Qeyd etmək yerinə düşür ki, eyni sözlər Gəncənin digər deputatı Naqif Həmzəyevə də aiddir.

Ölkənin ikinci şəhərinin əhalisi gənc millət vəkilinin yerinə sanballı ziyalı arzulayır. Gəncəlilər onların problemlərini həll etmək iqtidarında olmayan Naqif Həmzəyevin də bir xeyrini görməyiblər. 

Məlumata görə, Gəncənin gənc deputatı Naqif Həmzəyev də, 2015-ci ildən millət vəkili olsa da, bu böyük şəhər üçün heç bir iş görməyib.
Özünü şəhərin sabiq icra başçısı Elmar Vəliyevin köməkçisi funksiyasını yerinə yetirən adam kimi aparıb. N.Həmzəyev YAP Gəncə Təşkilatının sədri olsa da, deputat kimi də özünə inamsızlıq yaradıb. Bu üzdən artıq nə seçicilər, nə şəhər sakinləri deputata müraciət etmirlər, ona dərdlərini danışmayıblar. Biliblər ki, onsuz da problemlərinin həlli bu deputat üçün maraqlı deyil.
Şəkillərə yaxşı baxın! İllər əvvəli xatırlayın. Sizcə bir deputatın səlahiyyətləri bumu olud? Sabiq icra başçısına sənədləşmə işlərində illərlə yardım etmək millət vəkilliyidirmi? Hamı danışır ki, N.Həmzəyevin Elmar Vəliyevə "canfəşanlığı" onun 2015-də deputat seçilməsinə zəminlər yaradıb. 

Elmar Vəliyevin
Elmar Vəliyevin 

Elmar Vəliyevin qeyri-rəsmi tapşırıqlarını icra edən Naqif Həmzəyevi Gəncədə deputat kimi az adam tanıyıb. 
O zamana qədər ki, N.Həmzəyev seçildikdən bir il sonra Rəsulzadəni vətən xaini adlandırmaqla, təhqir etməklə dillərdə əzbərə çevrilib. Onun cavabını o zaman çoxları verib, həmkarı Ağacan Əbiyev kimi... Ondan sonra gənc deputatın çıxışları istisna hallarda media səhifələrində görünüb, o sərt tənqidlərə məruz qalıb, dediyi sözləri danmağa məcbur qalıb.

Gəncə Azərbaycanın ən əzəmətli şəhərlərindən biridir. Yerli sakinlərin sözlərinə görə, belə bir şəhərin deputatı gənc Naqif Həmzəyevin olması onların ürəyincə deyil.

Onlar hesab edirlər ki, Gəncəyə daha sanballı bir ziyalı deputatlıq etməlidir, onların şikayət və müraciətlərini dinləməlidir.

N.Həmzəyevin mandata sahiblənməsində E.Vəliyevin böyük rolu danılmazdır. Ona görə də gəncəlilərin fikrincə, millət vəkili Elmar Vəliyev dönəmində elə Naqif Həmzəyevin timsalında icra başçısının bir növ köməkçisi kimi olub.
Bir sıra xəbər portallarının yazdığına görə, N.Həmzəyev E.Vəliyevin 1-ci müavini olduğu dövrdə onun bütün təlimatlarına boyun əyib və sonda deputatlıq qazanıb. Onun deputat kimi hər hansı fəallığını bilən, müşahidə edən varsa desinlər.

Bütün bu faktorlar həm xanım deputatın, eləcə də YAP Gəncə ş təşkilatının sədri olmaqla deputat "seçilən” Naqif Həmzəyevin hesabına mənfi xal kimi yazılıb. Adıçəkilən passiv millət vəkillərinin fevralın 9-da keçiriləcək seçkilərdə yenidən deputat seçilib - seçilməyəcəkləri bəlli deyil, amma seçicilər arasında ciddi müzakirə olunur. Gəncəlilərin bir çoxu builki seçkilərində onların adının mandatlılar siyahısında yer almayacağına ümidlidirlər".

Hər iki deputat Gəncənin icra başçısı Elmar Vəliyevə yaxınlığı ilə seçilən məmurlardandır. Buna görədir ki, onlar özlərini toxunulmaz deputatlar kimi yox, daha çox Elmar Vəliyevə tabe olan məmurlar kimi aparıblar...

Xatırladaq ki, həm Naqif Həmzəyevin, eləcə də Pərvin Kərimzadənin iqtidar partiya (YAP) tərəfindən deputatlığa namizədlikləri yenidən irəli sürülüb. Onlar 9 yanvar 2020-ci ildə keçiriləcək Milli Məclisə Seçkilərdə Gəncənin müvafiq dairələri üzrə millət vəkili olmaq uğrunda yenidən mübarizə aparacaqlar.

Hər kəsə isə indi bu sual maraqlıdır. Görəsən Elmar Vəliyevin ərköyün "deputatları" yenə Gəncənin deputatı seçilə biləcəklərmi?

Osman Nərimanoğlu

"Demokratik.Az"

Oxşar xəbərlər