Toqquşan dairələrdə müxalifət necə anlaşacaq?

  • 16 dek 2019, 08:58

Gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək müxalif partiyalar namizədlərini açıqlamaqda davam edirlər. Diqqət yetirəndə bəzi dairələrdə müxalif iddiaçıların toqquşduğunu görürük. Bu cür halların qarşıdakı günlərdə də davam edəcəyini indidən söyləmək olar.

Bununla əlaqədar siyasi partiyaların nələr edəcəkləri, anlaşmaya gedib-getməyəcəkləri indidən suallar doğurur.

AĞ Partiya başqanı Tural Abbaslı: "Hazırda Azərbaycan siyasi səhnəsində yer alan partiyalar o qədər sıxışdırılıb və zəiflədilib ki, hər hansı biri 125 seçki dairəsindən güclü namizəd irəli sürə biləcək gücdə deyil. Bunu deməkdə məqsədim növbədənkənar seçkilərin hansı şəraitdə və hansı siyasi aktyorların iştirakı ilə keçirildiyini izah etməkdir. Belə vəziyyətdə inanmıram ki, müxalifət partiyalarının əsas namizədləri hansısa dairələrdə üst-üstə düşsün. Yəni zatən güclü və potensiallı namizədlər çox deyil. Azərbaycandakı seçki ənənəsini nəzərə alan bir çoxları da ümumiyyətlə, namizədliklərini irəli sürmürlər deyə, rəqabət xeyli azalır. Əsasən böyük şəhərlərdə namizədlərin dairələr üzrə toqquşması baş tuta bilər.

Tural Abbaslı: "Güclü və potensiallı namizədlər çox deyil”

Bununla bağlı da məndə olan məlumata görə, demək olar ki, bütün partiyalar qeyri-rəsmi olsa da əlaqədədirlər və bəlli razılıqlar əldə edirlər. Şəxsən AĞ Partiya olaraq bizim bir neçə siyasi partiya ilə bu istiqamətdə fikir mübadiləmiz olub və məsələləri pozitiv yöndə həll etmişik. Düşünmürəm ki, bu seçkilərdə əsas problem namizədlərin toqquşmaları olsun. Məncə, əsas məsələ seçkilərin ədalətli və şəffaf keçirilib-keçirilməyəcəyindədir”.

İqbal Ağazadə: "Kiməsə deyə bilməzsən ki, namizədliyini vermə”

Ümid Partiyasının sədri İqbal Ağazadə bu cür hallara normal baxır: "Biz funksional əməkdaşlığın tərəfdarıyıq. Namizədlər toqquşa bilər, bu normal haldır. Kiməsə deyə bilməzsən ki, namizədliyini vermə. Kim hansı dairədən istəyirsə, buyurub versin. Partiyalar arasında anlaşmaya elə də ehtiyac yoxdur”.

Məlumat üçün bildirək ki, 15 saylı Yasamal I Seçki Dairəsindən həm ADP sədri Sərdar Cəlaloğlu, həm də AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev namizəddir. Hər iki şəxsin də mövqeyini öyrəndik.

Sərdar Cəlaloğlu: "Etibar Məmmədovun özü o dairəyə gəlsəydi...”

S.Cəlaloğlu dairəsində iddiaçıların sayının daha çox olmasını istəyir: "Bir neçə partiya ilə anlaşmışıq ki, müəyyən dairələrdən bir-birimizə alternativ verməyək. Bunlar Müsavat, Ümid və VİP kimi partiyalardır. AMİP-lə elə bir razılaşmamız yoxdur. Ona görə də, hesab etmirəm ki, AMİP-in o dairədən namizəd irəli sürməsi müxalifətin müxalifətə alternativ verməsi deməkdir. Özləri bilərlər. Əksinə, dairəmdən nə qədər iqtidar və müxalifət namizədləri çox olsa, bir o qədər yaxşıdır. Çünki rəqabət güclü olur. Xalqın mənə etimadını belə şəraitdə bir daha sübut etmək imkanım yaranar. Mən seçkiyə gedim, normal rəqibim olmasın, yalançı bir namizəd irəli çıxsın, o zaman seçilməyimin nə mənası olar? Demokratiya rəqabət tələb edir. Müxalifət partiyalara təşəkkür edirəm ki, dairəmdən namizədlər verirlər. Etibar Məmmədovun özü o dairəyə gəlsəydi, daha yaxşı olardı. Bizim elektorat AMİP-in elektoratı ilə heç zaman üst-üstə düşməyib. Bizim elektorat onlara səs verməz, eləcə də onlar. Lap AMİP nümayəndəsi olmasa belə, onlar heç zaman mənə səs verməzlər. Müsavat, VİP, Ümid və REAL kimi partiyalarla elektoratımız yaxın olduğu üçün, bu qurumların namizədləri bir yerdən olsalar, orada parçalanma baş verə bilər. Bir partiyanın sədri namizədliyini vermir ki, səsləri də parçalasın. AMİP-in 2-3-cü şəxsi qarşıma çıxacaq. Verdikləri namizədi toqquşma hesab etmirəm. Azərbaycanda heç kəslə rəqabət aparmaqda problemim ola bilməz. Son prezident seçkilərində iştirak etmişəm, nəticələr də göz qarşısındadır. Bu baxımdan heç bir narahatçılığım yoxdur”.

Elşən Mustafayev: "Kimsə oradan təyin ediləcəyini düşünüb namizəd olursa...”

E.Mustafayev müxalif rəqibinə söz atdı: "Heç olmasa, nisbətən azad və şəffaf seçki keçiriləcəyi halda, insanlar namizədə hansısa partiyanın nümayəndəsi olmasına görə yox, əsasən onun özünə görə səs verirlər. Majoritar qaydada keçirilən seçkilərə insanların yanaşması fərqlidir. Əsasən onlar namizədi seçəndə hansı partiyanın nümayəndəsi olduğuna görə yox, daha çox başqa parametrlərə görə müəyyən edirlər. Burada əsas faktorlar namizədin həmin ərazidə müsbət mənada tanınması, məişət səviyyəsinə qədər onlara yaxın olmasıdır. Onsuz da seçicilər parlament üzvünün hansısa köklü dəyişikliklər etmək gücündə olmadığını yaxşı bilirlər. Səsverməyə isə sırf həmin namizədin, onun yaxınlarının, qohumlarının, dostlarının xahişi ilə gedirlər. İndiki zamanda həqiqətən seçilmək istəyən namizəd bu amilləri nəzərə alıb dairəsini müəyyən etməlidir. Mən 3- cü dəfədir ki, 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyimi verməyə hazırlaşıram. Bu seçimimdə mənim üçün əsas məsələ partiya mənsubiyyətim olmayıb. İstinad etdiyim səbəblər dünyaya gələn gündən həmin ərazidə yaşamağım, orta məktəbi orada oxumağım və bu günə qədər hələ də orada yaşamağımdır. Bu isə uşaqlıq dostları, məktəb yoldaşları, onların dostları, qohumları yaxınları deməkdir. Ondan sonra bunların üstünə həmin dairədə yaşayan partiya üzvləri əlavə olunur. Ona görə də hesab etmirəm ki, o ərazi ilə bağlılığı olmayan hansısa müxalif siyasətçinin oradan namizəd olması mənə narahatlıq yaratsın. Əslində o, özü narahat olmalıdır. Yox əgər kimsə oradan təyin ediləcəyini düşünüb namizəd olursa, o başqa məsələ. Qaldı ki, müxalifət qüvvələrin dairələr üzrə razılaşıb vahid namizəd irəli sürmələrinə, bu ilk baxışda yaxşı ideyadır. Amma eyni zamanda, mümkünsüzdür. Çünki siyasi partiyaların əksəriyyətinin imkanlarından böyük ambisiyaları buna hər zaman mane olub. Mən 15-ci dairədən namizəd olmaqla bağlı qərar verərkən hər bir amili nəzərə almışam. Bilirəm ki, buradan başqa müxalifət partiyaları da namizəd verəcək, hakim partiya namizədi məsələsi də bir ayrı məsələdir. Lakin bayaq dediyim kimi, normal seçkilər keçirilməsinə nail olarıqsa, yuxarıda sadaladığım səbəblərə görə seçiləcəyimə əminəm. Digər namizədlərin olmasını da normal qəbul edirəm və narahat da deyiləm”. /"Yeni Müsavat”/

Oxşar xəbərlər