İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır

  • 13 dek 2019, 19:39

Dekabrın 12-də Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası "Qlobal transformasiyalar çağında müasir dövlət” mövzusunda elmi konfrans keçirib. Rusiya paytaxtında baş tutan tədbirə Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Bolqarıstan, Belorus, o sıradan Qaqauziya, Serbiya, Qırğızıstan, Yunanıstan təmsilçiləri qatılıb.

Konfransı açan Assosiasiyanın prezidenti hüquq elmləri doktoru, professor İlham Rəhimov çıxışına Rusiya təmsilçilərini 12 dekabr Konstitusiya Günü münasibətilə təbriklə başlayıb. Konfransın mövzusu ilə bağlı çıxışında professor Rəhimov bildirib ki, sürətlə dəyişən çağımızda klassik dövlət modellərinə zamana uyğun dəyişikliklər vacibdir:"Dövlət qanunlara söykənir. Hər bir dövlətin milli maraqlarına uyğun dəyişməyən qanunları olduğu kimi, zamana uyğunlaşdırılmasını çağın tələb etdiyi qanunları da var. Qara və Xəzər dənizi hövzəsində yerləşən ölkələrin qarşılıqlı münasibətləri, qarşılaşdıqları problemləri, gələcək hədəfləri sözsüz ki, ayrı-ayrılıqda hər bir ölkənin gündəmindədir. Bu konfransı düzənləməkdə məqsədimiz ortaq fikir meydanı yaratmaqla hüquqşünasların gündəmdə olan hüquqi məsələlərə baxışı ilə, eyni zamanda ölkələrin konkret məsələlərlə bağlı təcrübəsi ilə tanışlıqdır. Əminəm ki, burada səslənəcək yenilikçi fikirlər zamanla ölkələrimizin qanunvericiliyində yer alacaq, dövlətlərimizin dayaqlarını möhkəmləndirəcək”.

Daha sonra akademik, Rusiyanın əməkdar elm xadimi Sergey Baburin "Dünya düzəninin konfederallaşması çağında inteqrasiyaya dayanan konstusionalizm” adlı məruzə ilə çıxış edib. Birlik modellərinin dünya ölkələrinin həyatında son dərəcə önəmli yer tutduğunu bildirən Baburin xalqların birgəyaşamasının yeni modellərinə misal olaraq Rusiya-Belorus örnəyindən danışıb: "Hərbi-kommunizm dönəmində yaranan heç bir dövlət modeli qalıcı olmadı. Səbəb odur ki, bu dövlət modelləri cəmiyyət həyatında önəmli yer tutan milli mədəniyyətləri, mənəvi dəyərləri inkar edir, onları kütləvi mədəniyyətlə əvəz edirdi. Nəticədə bu quruluşlar özünüməhvə istiqamətləndi, özünüqoruma eksperimentləri böyük qanlı olaylar yaratdı. Bu gün dünya dövlətləri sürətlə konfederallaşır. Proses hər bir dövlətdən suverenlik prinsiplərinə xələl gətirmədən tərəfdaşlıqlar yaratmaq gerçəyini də gündəmə gətirir. Düşünürəm ki, bu gün hüquqşünasların qarşısında dayanan önəmli mövzulardan biri də dövlət həyatına yeni gələn anlayışları dəqiq təhlillər verməkdir. Rusiya hüquq elmi bu gün Rusiya-Belorus birlik modeli üzərində böyük iş aparır. Düşünürəm ki, biz iki dövlət arasında münasibətlərin yeni düzənini yarada biləcəyik və bu prinsiplər ortaq hədəfləri, ortaq tarixi olan ölkələr arasında yeni birliklərin meydana gəlməsinə təkan verəcək”.

Hüquq elmləri doktoru, professor, Beynəlxalq Slavyan Akademiyasının akademiki Yuri Qolik isə dövlət və cinayətkarlıq arasında münasibətlərdən danışıb. Çağdaş dünyadakı tendensiyaları ümumiləşdirən alim bildirib ki, zamanın tələbi ilə ölkələrin cinayət hüququ onların dövlət sərhədlərini aşır: "Bu gün elə cinayətlər var ki, onlar heç bir halda bir dövlətin problemi sayıla bilməz. 50 il öncə haqqında heç bir anlayış olmayan hibercinayətkarlıq, bütünlükdə İKT ilə bağlı qanun pozuntuları miqyasına görə qlobal xarakter daşıyır. Sözsüz ki, bu tip cinayətlər dünya hüquq elminin problemidir və faktiki məkanı olmayan bu cür problemlərə dünya ölkələri ortaq çözüm tapmalıdırlar. Ancaq dünyaya ağalıq etmək istəyən Qərb hüquq elminin ortaq problemlərini öz baxışını başqa dövlətlərə məcburi tətbiq kimi anlayır və bu, ölkələrin suverenliyinə təhlükə yaradır. Bu cür durumlarda "sizin konstitusiyanızı, ya da qanunlarınızı bəyənmirik, filan dəyişiklikləri edin” kimi beynəlxalq hüquq institutları vasitəsilə edilən təkliflər, əslində təhdidlər meydana çıxır. Alimlər, politoloqlar bu gün transformasiyadan danışır, bunun qaçılmaz olduğunu deyir. Ancaq heç kim dəyişikliklərin istiqaməti haqqında dolğun fikir söyləyə bilmir. Biz necə bir dünya qururuq və bu dünyada bizi nələr gözləyir – bu suallara elmi cavab tapmaq çətindir. Diqqət çəkən məqamlardan biri bu gün ABŞ prezidenti Trampın ən müxtəlif səviyyələrdə tənqid edilməsidir. Hətta Qərbdə də onun çox ciddi tənqidçiləri var. Səbəb onun klassik dövlət modelini dağıdaraq yeni – korporasiya dövləti yaratmasındadır. İqtisadiyyat və dövlət anlayışları bir-birini tamamlayan anlayışlardır. Ancaq Trampın yaratdığı model iqtisadiyyatı dövlət anlayışından üst mövqeyə çıxardığı üçün klassik dövlət anlayışını tamamilə inkar edir. Karporasiya dövlətinin bir marağı var – iqtisadiyyatın böyüməsi. Bunun üçün ilk hədəf insan dəyərlərinin məhv edilməsidir. Çünki nəhəng qida sektorundan silah istehsalına, narkotik cinayətlərdən insan, orqan alverinə qədər nəhəng pullar gətirən bir çox sahələr insan mənəviyyatının sıradan çıxarılması ilə genişlənə bilər. Geni dəyişdirilmiş məhsullar, savaşların genişlənməsi üçün silah istehsallarının artırılması, narkotik dövriyyələrin genişlənməsi insanın mənəvi dəyərlərini məhv etməklə insanlığa qarşı yönəlmiş cinayətlərdir. Karporasiya dövləti artıq yaranıb və bu geridönüşü olmayan prosesdir. Yeni quruluş üçün mümkün olmayan heç nə yoxdur. Biz belə bir dünyada hüquq elminin problemlərə baxışını mənəvi dəyərlərdən uzaq tutsaq, bu prosesi daha da sürətləndirmiş olacağıq. Alternativ kimi, bu tendensiyaya qarşı olan dünyanın yeni birlik modelləri ilə öz sərhədlərini korporativ dövlət anlayışı üçün möhkəmləndirməkdir”.

Konfransda Rusiyanın çağdaş hüquq elminin yaradıcıları ilə yanaşı ölkənin hüquq sisteminin önəmli simaları da iştirak edib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin konfrans iştirakçılarına mövzu ilə bağlı fikirlərini çatdırmazdan öncə Assosiasyanın sədri professor İlham Rəhimov başda olmaqla bir neçə ölkənin təmsilçisinə 12 kekabr RF-nın Konstitusiya Gününə özəl xatirə medalları verib.

Çıxışını mühafizəkarlıq və liberal dəyərlər mövzusu üzərində quran Bastrıkin bildirib ki, mühafizəkarlığın mənfi tərəflərini qabardan dünya liberal dəyərlər adı altında öz mənəvi dünyasına savaş açıb: "Mühafizəkarlığın insan azadlıqlarını məhdudlaşdıran tərəflərinin olduğunu heç kəs inkar edə bilməz. Ancaq liberal dəyərlər kimi təqdim edilən bir sıra prinsiplər bugünkü dünyada elə bir mənəvi mühit yaradıb ki, bu arzuolunmaz durumu liberallığın aradıcıları, təbliğatçıları da arzulamır. Bir zamanlar bu dəyərləri təbliğ edənlər indi açıq şəkildə bildirir ki, biz mühafizəkarlıqla mübarizə apardığımız zaman cəmiyyətlərimiz təkcinsli nikahlara, insanların cinslərini dəyişməyə yuvarlandığını ağlımıza gətirmirdi. Liberalizm bu gün cəmiyyətlərdə dəyər dağıdıcısına çevrilib və mən bunu çox təhlükəli tendensiya kimi qiymətləndirirəm”.

Şəxsi təcrübəsindən söz açan Bastrıkin gəncliyin durumunu insanlıq dramı kimi dəyərləndirib: "Yeni nəsil artıq başqa bir dünyada yaşayır. Ağıllı telefonlar vasitəsilə Qərb onların şüurunu dəyişməkdədir. Mən həyatımda rep qədər eybəcər "incəsənət” nümunəsi tanımıram. Bu günlərdə qızımla Moskva barlarından birində olduq. Səhnədə əcaib geyimli gənc reper sağlam insan düşüncəsinin qəbul edə bilməyəcəyi sözləri bir-birinin ardına düzüb "mahnı oxuyurdu”. Təxminən belə - zəhləm gedir həyatdan, bezmişəm, öldürəcəm özümü, ya da narkotik verin, Moskvanı yandırım. Dəhşətlisi odur ki, gənclik bunu incəsənət, musiqi sayır, dinləyir, sözsüz ki, təsiri altına düşür. Bu gün NATO ABŞ-a silah satmaq üçün gərək olduğu kimi, musiqidə, incəsənətdə yaratdığı tendensiyalar çoxqütblü dünyanı sıradan çıxarmaq üçün gərəkdir. Hüquqçulara məsləhət görürəm ki, harada olduğumuzu və haraya getdiyimizi görmək üçün Marksı və Engelsi bir daha oxusunlar. Kapital bu gün bütün mənəvi dəyərlərə qarşı silaha çevrilib. Bu tendensiyaların qarşısını biz bu yad düşüncələri cəmiyyətimizə gətirmək istəyənlərə kollektiv dayanışma ilə cavab verə bilərik. Söhbət fərdlərin, cəmiyyətlərin kollektivləşməsi kimi ölkələrin də kollektivləşməsindən gedir. Biz mənəvi dəyərlərin üstün olduğu cəmiyyət modellərini qorumalıyıq”.

Daha sonra Serbiya, Yunanıstan, Qaqauz, Qaraxıstan, Qırğızıstan təmsilçiləri ölkələrinin hüquq təcrübəsindən danışıblar. Müzakirələr əsasən cinayətkarlıqla mübarizə məsələrləri ətrafında davam edən çıxışlarda bildirilib ki, ölkələrin hüquq sistemi ağır cinayətlər üzrə cəzaların daha da sərtləşdirilməsi, az ağır cinayətlər üçün isə yumşaldılması tendensiyaları ətrafında gedib. Qazaxıstan və Qırğızıstan təmsilçiləri milli dövlət konsepsiyasına uyğun olaraq cəzaların verilməsi zamanı milli düşüncəyə dayanan prinsiplərə üstünlük verilməsindən, son illər tətbiq olunan ağsaqqallıq institutunun cəmiyyətdə müsbət mənəvi, eləcə də barışcıl mövqe yaratmasından danışıblar.

Toplantıda Ukraynanın keçmiş ombudsmanı Nina Karpaçovanın çıxışı da maraqla qarşılanıb. Ukraynanın yeni qanunvericiliyindən danışan Karpaçova bildirib ki, ölkənin yeni qanunvericiliyi ölkənin içərisindən deyil, kənar çağırışlar əsasında yaradıldığı üçün bu gün Ukraynada dayanıqlı dövlət yaratmaq mümkün olmur. O, Qərbin beynəlxalq institutlar vasitəsilə Ukrayna qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə müdaxiləsini suverenliyin pozulması kimi qiymətləndirib. Nina Karpaçova bildirib ki, xarici ölkə vətəndaşlarının birbaşa, rəsmi təşkilatçılığı ilə yaradılan qanunvericilik Ukraynanı yarıasılı vəziyyətə salıb: "Bu gün Ukraynada faktiki iki Ali Məhkəmə var. Biri sadəcə Ali Məhkəmə, biri isə Ukrayna Ali Məhkəməsidir. Bu cür ikili dövlət idarəçiliyi Ukraynanın hüquq sistemində elə bir böhran yaradıb ki, insanların ədalətli mühakiməyə inamları məhv olub. Ona görə də yeni dövlət modeli yaranan zaman ən doğru yol təcrübələrin ortaya çıxardığı məqamları qanunvericiyiliyə gətirməkdir”.

Sonra çıxış üçün söz Rusiya Ali Məhkəməsinin hakimi Olqa Vedernikovaya verilib. Avropa İnsan Haqları Məhkəməsi ilə Rusiya münasibətləri məsələsinə toxunan hakim Avropa Məhkəməsində çıxarılan qərarların bir çoxunda Rusiyanın daxili işlərinə müdaxilə elementləri olduğunu bildirib: "Rusiyaya qarşı çıxarılan qərarlardan biri homeseksualların mitinqinə icazə verilməməsi ilə bağlıdır. Rusiya cəmiyyəti bu qərardan qürur duymalıdır. Biz bu insanların şəxsi həyatlarına müdaxilə etmirik. Rusiya qanunvericiliyi həmin insanların başqalarının həyatına müdaxiləsinə qarşıdır. AİHM-nin həmin qərarı birmənalı ikili standartların nəticəsidir. Ümumiyyətlə, Qərb bir çox qərarlarını ikili standartlarla qəbul edir. Dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas götürən Qərb bir sıra məsələlərdə xalqların öz müqəddəratlarını təyinetmə haqqını inkar edir. Biz Serbiya və Krım məsələsində bunu aydın gördük”.

Replika ilə çıxış edən professor İlham Rəhimov isə Qarabağ məsələsindəki ikili standartlardan söz açıb: "Sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratlarını təyinetmə hüququ bir-birini inkar edir. Biz bunu müxtəlif praktikalarda görmüşük. Azərbaycan sərhədlərinin toxunulmazlığı haqqında 4 qətnamə çıxarıb icrası üçün heç bir mexanizm düşünüməyən BMT, xalqların öz müqəddəratlarını təyinetmə hüququnu öz qərarlarına qarşı qoyur. Bu absurddur. Ona görə də düşünürəm ki, yeni dünyada artıq effektivliyi böyük suallar doğuran və konkret güclərin maraqlarına tabe olan beynəlxalq institutların yenidən təşkilinə ehtiyac var”.

 

 


 

Oxşar xəbərlər