Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir

  • 12 dek 2019, 22:47

"Ermənistanda hakim maydansevərlər və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə adı altında ölkənin sabiq rəhbərliyinə qarşı "səlib yürüşü”nü davam etdirir”. 

 

 

 

 

Bu barədə politnovigator.news-da rusiyalı siyasi şərhçi Aleksandr Rostovtsevin məqaləsində deyilir. Ermənistan baş naziri Nikol Paiinyana antipatiyasını gizlətməyən müəllif hesab edir ki, paşinyançıların qəribə şıltaqlığına görə zərbəyə məhz "Qarabağ klanı”nın nümayəndələri tuş gəlirlər.  

Keçmiş prezident Robert Köçəryanın həbsini əsassız sayan müəllif (Xocalı hərbi canisi Köçəryan İrəvandakı 1 mart 2008-ci il qanlı hadisələrinə görə saxlanılıb – red.) yazır: "İndi də Paşinyan tüklü barmaqlarını Ermənistanın 3-cü prezidenti Serj Sərkisyana doğru uzatmaq qərarına gəlib. Sərkisyan fermerlərə dəstək milli layihəsi çərçivəsində dövlət üçün dizel yanacağının tədarükü tenderi ilə bağlı epizodda təqsirləndirilir. Tender zamanı yaranmış vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün çox səciyyəvidir. Hərracda dizel yanacağına ən aşağı qiymətlər təklif etmiş firma yerinə, Sarkisyanın hansısa dostu, dizel yanacağını baha qiymətə itələyən şəxs qalib gəlib. Nəticədə dövlətə bir milyon dollardan çox ziyan dəyib. Şəksiz ki, bu hadisə sabiq prezidentə başucalığı gətirmir, lakin Sərkisyana cinayət işi açılmasını birbaşa Ermənistan Konstitusiyasının maddəsi qadağan edir. Həmin maddəyə görə, dövlətin birinci şəxsləri keçmiş işlərinə görə cəzalandırıla bilməz”.

Göründüyü kimi, rusiyalı şərhçi digər Xocalı canisi Serj Sərksiyanın, demək, bütövlükdə "Qarabağ klanı”nln müdafiəsinə qalxır. Və hətta Paşiynanı hədələyir də: "Hər halda Sərkisyan tək deyil ki. Sabiq prezidentin bir vaxtlar ürək genişliyi nümayiş etdirib yardım göstərdiyi tərəfdarları və "xaç övladları” mütləq azadlıqda dolaşırlar. Nə edirsinizsə edin, araşdırın, sübuta yetirin, həbsə atın”. 

Müəllif Paşinyanı aşağılmaqdan da çəkinmir: "Bəs bu kabab sevən qisasçı baş nazir dizel yanacağı ilə bağlı çoxdankı işə görə Serj Sərkisyanı nə üçün küncə sıxışdırıb? Axı qanuna əsasən ona çırtma vurmağa da haqqı yoxdur. Özü də nə üçün məhz indi? Axı sonra keçmiş baş nazir olmuş keçmiş  prezident hakimiyyəti faktiki olaraq Paşinyana peşkəş edib. Belə bir hiss yaranır ki, qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, sosial ədalət və "bizdə toxunulmaz adamlar yoxdur” harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb. Sərkisyana gəldikdə isə 2008-ci ilin fevral seçkilərində məhz o, öz opponentlərini, o cümlədən bir vaxtlar Paşinyanın buyruq uşağı kimi yanında işlədiyi Levon-ter-Petrosyanı geridə qoyaraq Ermənistanın 3-cü prezidenti olub. Yəni Sərkisyanın "1 mart” işinə formal aidiyyəti var. Görünür, Paşinyan yaxın vaxtlara qədər Sərkisyandan hesab sormağa tələsməyib və onu bir növ desert üçün saxlayıb, yəni əvvəlcə daha çox nifrət etdiyi Robert Koçəryanla haqq-hesab çürütmək istəyib”.

Bu yerdə rusiyalı şərhçi şəksiz ki, blef edir. Çünki 2008-ci il seçkilərində əksər müşahidəçilər məhz Levon Ter-Petsoynaın qalib gəldiyini təsdiqləmişdilər. 10 nəfərin ölümü ilə bitən qanlı 1 mart etirazları da məhz saxtakarlığa qarşı idi.

Daha sonra o, Paşinyanın baş nazirlik müddətinin hələ ortasına çatmasa da, nəzərə çarpan uğurlarının olmadığını yazır: "Beləliklə, öz reytinqini gücləndirmək üçün namünasib olan və sıfır dəstəyə malik eks-prezidenti nümunəvi-nümayişkaranə tənqid vasitəsi kimi döyərək ehtiyatda saxlamaq heç vaxt əngəl deyil. Lakin Sərkisyan siçandan da sakit süpürgənin arxasında gizlənmək və keçmiş xatirələri oyatmamaq əvəzinə, noyabrın sonunda birdən-birə Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Xalq Partiyasının sammitində Paşinyanı və ətrafını sərt tənqidə atəşinə tutaraq özünü zərbə altında qoyub. "Populistlərin hakimiyyətə gəlməsində” öz üzərindəki məsuliyyəti inkar etməyən Sərkisyan Paşinyana konstitusiya və demokratiya normalarının pozulmasını, şəxsi motivlərlə siyasi təqibləri və cəmiyyətin həyatının yaxşılaşdırılması istiqamətində şübhəli uğurları da xatırladıb. İndi Paşinyan administrasiyasına qarşı qanuni sual meydana çıxır: "Bizdə mühakimə oluna bilməyəcək məmurlar yoxdur” tezisinin bəyan olunmasına rəğmən, nədən Vovayeviçin (Paşinyan – red.) keçmiş rəisi və himayədarı, eks-prezident Levon Ter-Petrosyan cidd-cəhdlə zərb altından çıxarılıb? Paşinyanın tərəfdarlarının buna da cavabı var: guya Ter-Petrosyan postsovet Ermənistanın 1-ci prezidenti olsa da və onun hakimiyyəti dövründə bir çox mənfi hadisələr baş versə də, bunlar o qədər çoxdan olub ki, artıq demək olar ki, həqiqətə uyğun deyil. Üzərindən iyirmi ildən çox keçib - bütün yararlılıq müddətləri bitib və hər şeyin üzərini toz basıb”.    

Beləcə, müəllif Paşinyanın Köçəryan və Sərkisyanla haqq-hesab çəkdiyi halda, Ter-Petrosyanl himayə etdiyini iddia edib. /musavat.com/

Oxşar xəbərlər