“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

  • 04 dek 2019, 09:51

Əsabəli Mustafayev: "Azərbaycanlıların müdafiəsi ilə o halda məşğul ola bilərik ki...”

"Avropada saxlanılan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə yalnız yerli vəkillər məşğul ola bilər”.  Bunu "Yeni Müsavat”a vəkil Əsabəli Mustafayev bildirdi. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən vəkillər məsləhət verə bilər.  "Avropada da elədir. Xarici ölkə vəkili saxlanılan şəxsin hüquqlarını müdafiə edə bilməz. Amma Azərbaycan hökuməti məsələ qaldıra bilər ki, ”mühacir biznesi" işi üzrə sənədlər burada hazırlanıb, orada başa çatıb. Bu da transmilli cinayət sayılır. O halda hər iki ölkənin hüquq-mühafizə orqanları birgə cinayət işini apara bilər" deyə, Ə.Mustafayev qeyd etdi.

Vəkil hesab edir k, iki ölkə arasında saxlanılan şəxsin istintaqının harada aparılacağı razılaşdırıla bilər: "Əslində cinayət harada qurtarıbsa, elə orada işə baxılır.

Lakin əgər Azərbaycan vətəndaşıdır və həmin Avropa ölkəsində oturum icazəsi yoxdursa və haqqında burada da araşdırma  gedirsə, yerli vəkil buradakı prosedə iştirak edə bilər".

Ə.Mustafayev hazırkı şəraitdə Almaniyada saxlanılan azərbaycanlıların hüquqlarını ancaq alman vəkillərin müdafiə edə biləcəyini söylədi.

Almaniyanın "Şpieqel” jurnalı xəbər verib ki, polis əməliyyatı nəticəsində Azərbaycandan qaçaq yolla Avropaya mühacir gətirmə ittihamı ilə iki azərbaycanlı həbs olunub, istintaq gedir. Hələlik yalnız o məlumdur ki, Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü Mehdi Xəlilbəyli və "Legat” QHT-nin rəhbəri Əlövsət Əliyev bənzər ittihamlarla həbs olunublar.

Qeyd edək ki, Almaniya qaçqın qəbulu üzrə kvota 200 mindir. Əvvəlki illərdə kvota 180 min idi. Bura qaçqınlar üçün ona görə cazibədar görünür ki, işçi qüvvəsinə ciddi şəkildə ehtiyac var.

Hökumət hesab edirdi ki, işçi qüvvəsinə tələbat əcnəbilər hesabına ödənməlidir. Bundan sonra Almaniya böyük qaçqın axınına məruz qala bilərdi. Ona görə əməkçi miqrant statusu qanununa dəyişiklik edildi.

Artıq  2020-ci ilin yanvarından qanun qüvvəyə minir. Bu, işçi qüvvəsini qaçqınlar yox, ixtisaslı kadrlar hesabına doldurmaq istəyidir. Əvvəl şirkətlərə deyilmişdi ki, işçi qüvvəsini daxildə axtarın. Əgər dolmasa, Avropa Birliyi ölkələrindən gətirin, bu da alınmasa xaricə üz tutun. İndi isə bütün bu bürokratik əngəllər aradan qalxıb. Hər şirkət Koreyadan tutmuş Azərbaycana qədər dünyanın hər yerindən işçi gətirə bilər.

Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu bildirmişdi ki, son 2-3 ildə Azərbaycan - Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq sıxlaşıb: "Artıq polisdən, məhkəmədən, partiyalardan saxta sənədləri araşdırmaq heç də çətin deyil.

O ki qaldı partiya sənədləri ilə qaçqın statusu almağa, bir çox partiya üzvləri, hətta YAP üzvü olanlar var ki, Almaniyada sığınacaq alıb".

Onun sözlərinə görə, Almaniyada mühacir statusu almaq çətinləşir: "Hətta Almaniyaya viza almağın özü oturum almaq qədər çətinləşib. Xüsusən Balkan ölkələrindən qaçqın axını var və Almaniya bunun qarşısını ala bilmir. Sərhədlər yoxdur, avtobanlardı deyə tıxaclar yaranır. Bütövlükdə miqrant alveri məsələsi 2014-cü ildən gündəmdədir. Sadəcə, alman polisi bir dəstəni zərərsizləşdirmək üçün dərhal onları tutmur, yol xəritəsini müəyyənləşdirir, digər ölkələrə uzantılarını öyrənir, böyük əməliyyat hazırlığı olur. Ona görə bu şəbəkənin İsveçrə, Niderland və s. ölkələrə qədər bağlantılarının olduğunu söyləmək çətindir”.

Oxşar xəbərlər