YAP Siyasi Şurasının müraciəti təqdim edilib

  • 02 dek 2019, 13:04

Milli Məclisin plenar iclasında YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov parlamentin buraxılması ilə bağlı YAP Siyasi Şurasının MM-ə müraciətini təqdim edib.

O, bildirib ki, ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların gedişində daha dinamik fəaliyyət göstərən, dəyişikliklərə çevik münasibət sərgiləyən ali qanunverici orqana ehtiyac var.

S.Novruzov deyib ki, bu baxımdan YAP Siyasi Şurası 28 noyabr 2019-cu il iclasında sözügedən qərarı qəbul edib.

Azərbaycanın daha dinamik inkişafı üçün daha əlverişli imkanın yarandığını qeyd edən YAP funksioneri deyib ki, qarşıya qoyulan məqsədlərin həyata keçiriməsi üçün zəruri qanunverici baza mövcuddur. Eyni zamanda 2016-cı ildə Konstitusiyaya edilən son dəyişikliklər də dövlət başçısına səlahiyyətlərindən istifadə edərək, parlamenti buraxmaq imkanı verir.

"Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi obyektiv zərurətə çevrilib”, deyən S.Novruzov səsləndirilən mülahizələri rəhbər tutuaraq, Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət edilməsini zəruri saydıqlarını bildirib.

S.Novruzov digər deputatları da YAP Siyasi Şurasının YAP üzvü olan deputatlarının müraciətinə qoşulmağa çağırıb: "İstər bitərəf deputatları, istərsə də siyasi partiya təmsilçiləri olan deputatları müraciətə dəstək verməyə çağırıram”.

E.Paşasoy,

Musavat.com
Oxşar xəbərlər