“Məişət zəminində baş verən zorakılıqlara susmayaq” layihəsi Gəncədə kecirildi

  • 30 noy 2019, 14:05

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində "Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə 200-dən çox müəllim və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, "Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsinin Gəncə şəhərində və əsasən tələbələr arasında keçirilməsinin vacibliyini qeyd etmişdir.

Sonra "Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində hazırlanmış "Hər qaranlığı işıq qovar” adlı sənədli film Gəncə Dövlət Regional Kollecində nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir Gəncə Dövlət Regional Kollecinin tələbələri ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.

Oxşar xəbərlər