Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi

  • 21 noy 2019, 20:02

İsrail Hərbi Hava Qüvvələrinin noyabrın 19-dan 20-nə keçən gecə Dəməşq aeroportuna endirdiyi raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds” briqadasının qərargahı darmadağın edilib. Zərbələr nəticəsində iranlıların, o cümlədən İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli nümayəndəsinin öldüyü bildirilir.

Virtualaz.org xəbər verir ki, ötən gecə İmageSat İnternational şirkəti Suriyaya növbəti hava zərbələrinin nəticələrinə dair peykdən çəkilmiş fotoları yayıb. Fotolarda "Əl-Qüds” qüvvələrinin yerləşdiyi iki bina görünür. Onlar tamamilə darmadağın edilib. Binalardan biri Dəməşq beynəlxalq aeroportunda, digər isə Mezze hərbi aerodromunda yerləşir. 

Dağıdılan binalardan biri Dəməşq aeroportundakı məşhur "Şüşə ev”dir. Orada "Əl-Qüds” briqadasının kəşfiyyatı və İranın Suriya əməliyyatlarının qərargahı yerləşirdi. Hazırda binalar tərk edilmiş vəziyyətdədir, orada hər hansı aktivlik nəzərə çarpmır. İsrail hərbi qaynağı bildirib ki, hücum zamanı binada iranlılar işləyirdi. "Biz Dəməşq beynəlxalq aeroportundakı binaya hücum etdik, orada iranlılar işləyirdi. Biz hesab edirik ki, iranlılar arasında ölən və yaralananlar var”,-mənbə deyib.

Peyk fotolarına əsasən dağıdılmış binaların yanında xilasetmə və təcili yardım avtomobillərinin uzun növbəsi var. Hava zərbələri zamanı habelə Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin 6 batareyası, habelə silah anbarları məhv edilib.

Deyilənə görə İsrail Suriya diktatoru Bəşər Əsədi birbaşa xəbərdar edib ki, zərbələrə müqavimət göstərməsin, əks halda Suriya ordusunun obyektləri vurulacaq. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə hava zərbələri nəticəsində 23 nəfər ölüb, onlardan 16-ı iranlılardır.

1974-cü ildən bəri İsrailin Suriyaya qarşı həyata keçirdiyi ən irimiqyaslı hava əməliyyatı zamanı dağıdılan "Şüşə Ev” də iranlıların qərargahının yerləşdiyi çoxdan məlum idi. Bu haqda ilk dəfə 2016-cı ildə "Daily Mail” qəzeti yazıb. İran müxalifətindəki qaynaqlara istinad edən qəzet yazırdı ki, binanın üçüncü və dördüncü mərtəbəsində "Əl-Qüds” qüvvələrinin qərargahı yerləşir. Birinci mərtəbədə isə yaralı iranlı zabitlər üçün palatalar yaradılıb. Binanın zirzəmisində isə İnqilab Keşikçilərinin əks-kəşfiyyat və logistika bölmələri yerləşirdi. Habelə binada İranın Suriyadakı əməliyyatları maliyyələşdirmək üçün gizli xəzinəsi var və orada milyonlarla nəğd dollar saxlanılır.

Oxşar xəbərlər