Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL

  • 15 noy 2019, 20:37

Mir Şahin Ağayevdən Müsavat başqanına sərt cavab: "Arif, ucuz populizmlə məşğul olma”

Avropada miqrant alveri ittihamı ilə bəzi azərbaycanlı mühacirlərin saxlanılması Müsavat Partiyası ilə REAL TV-ni üz-üzə qoyub. Buna səbəb də saxlanılan mühacirlərin əksəriyyətinin Müsavatın saxta arayışları ilə Avropaya getmələri barədə iddialardır.

Son baş verənlərə cavab almaq üçün REAL-ın əməkdaşı Mahir Məmmədli partiyanın qərargahına gedib. Lakin Müsavat başqanı Arif Hacılı kanala müsahibə verməyib. 

İstəyinə nail olmayan jurnalist bu statusu paylaşıb: "Gəlmişik, Müsavat Partiyasının başqanı Arif Hacılıdan müsahibə almağa. Özü qərargahda olmasa da, köməkçisi ilə xəbər göndərdi ki, müsahibə vermək istəmir. Biz isə israr elədik. Çünki söhbət çox ağır ittihamlardan, Arif Hacılının özünün bir neçə saat əvvəl yazdığı kimi, evlərini satıb, saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanların aldadılmasından, ailələri ilə Almaniyadan deportasiya edilməsindən gedir.

Arif Hacılı isə qərargaha gəlmək, ittihamlara cavab vermək əvəznə bizə Facebook-dan söz göndərir. Bilirsiniz niyə? Çünki deyəcək sözü yoxdur. Partiya sədri bir jurnalistin sualından çəkinib, öz qərarhagına gəlmir. Onun statusunun altındakı şərhlərdə isə bizi linçlə hədələyirlər. Arif Hacılı isə bu şərhə münasibət bildirmir.

Arif Hacılı bilir ki, saxta mühacir əməliyyatının başlamasında Real TV-nin rolu var. Məhz biz saxta arayışları, saxta möhürləri nümayiş etdirmişdik. Arif Hacılı, müsahibə verib-verməməyə gəlincə, mən jurnalistəm və kimdənsə müsahibəni ona lazım olan vaxtda yox, mənə lazım olan vaxtda alıram.

Biz gedirik. Qayıdın iş başına. Bir jurnalistin suallarından bu qədər qorxmağa dəyməz”.

Statusun altında əsl qalmaqal yaşanıb. A.Hacılı statusa bu rəyi yazıb: "Mənim deyəcək sözüm var. Sözümü deyirəm də. Amma, sizə demirəm. Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsinuz. Şərə xidmət edirsiniz”.

M.Məmmədlinin cavabı: "Siz sözünüzü heç bir yerdə demədiniz. İndiyə qədər saxta mühacir alveri ilə bağlı cavabınızı görməmişəm. Bircə gecə sentimental status yazmışdınız”.

Məsələyə Real TV-nin rəhbəri Mir Şahin Ağayev də qarışıb və Müsavat başqanına bu rəyi yazıb: "Arif, ucuz populizmlə məşğul olma. Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu publikana, lap doğrusu qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq! Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla, dırnaqarası mühacir məsələsindən danışacam. Cavabın olacaq! Ciddi və yeni faktlarla! Müsahibədən qaçmağın isə məntiqlidir. Mahir də qaçanlardan soruşmağa gəlmişdi!!!”.

A.Hacılı Real TV rəhbərinə bu cavabı verib: "Bir partiya başqanı ilə sən deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarımdan xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.

M.Məmmədli statusunda yenidən mövzuya qayıdaraq, A.Hacılıya bunları deyib: "Arif Hacılı, tərəfdarlarınız jurnalistləri partiya qərargahından it kimi qovmağı təklif edir. Siz bir partiya başqanı olaraq, ona cavab verməli, bu cür çağırışların partiyaya və sizin özünüzə hörmət gətirmədiyini bəyan etməli idiniz. Əsl təxribatçılıq belə çağırışlar etmək və ya buna şərait yaratmaqdır”.

Mir Şahin Ağayev isə statusda Müsavat başqanının "sən” iradına rəylə cavab verərək, polemikanı bu cür qapadıb: "Arif, mən sənə heç vaxt "siz" deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə "sən" demisən, yaddaşını silkələ. Hansısa başkan, daşkan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.

A.Hacılı öz facebook profilində status paylaşıb və orada da Real TV ilə Müsavat arasında yeni gərginlik yaranıb. Həmin statusu təqdim edirik: "Hakimiyyət yandaşı Real TV uzun müddətdir ki, məndən müsahibə götürmək istəyir. Məni studiyaya dəvət edir və s. İmtina edirəm. Onlara dəfələrlə demişəm ki, böhtan püskürən bu TV-nin efirinə çıxmağı özüm üçün mümkün saymıram. Qərargaha da gəliblər, müsahibə verməmişəm. Məlumat aldım ki, indi məni Müsavat qərargahı qarşısında gözləyirlər. Köməkçim onlara bildirib ki, Müsavat başqanı sizin TV-yə müsahibə verməyəcək. Getməyiblər. Bu da bir təxribatdır, yəqin ki”.

Mir Şahin Ağayev A.Hacılıya M.Məmmədlinin statusuna yazdığı rəyi təkrar paylaşmaqla cavab verib. 

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər