Azərbaycan yenidən dünyanın diqqət mərkəzində

  • 13 noy 2019, 09:40

Sabah Bakıda dünya dini liderlərinin sammiti başlayır; politoloq: "Sammit ölkəmizin dünyadakı mövqeyini gücləndirəcək...”

Noyabrın 14-15-də Bakıda "Dünya dini liderlərinin ikinci Bakı Sammiti” keçiriləcək. Dünyanın çoxsaylı dövlətlərinin dini liderlərinin Bakıda bir araya gəlməsinin Azərbaycanın ictimai-siyasi həyatında  əhəmiyyətli yer tutacağı bildirilir.

Qloballaşmanın hakim olduğu bu dövrdə multikultural inteqrasiya  beynəlxalq siyasətin vacib detalına çevrilib. Bu baxımdan dövlətimiz  tolerantlıq prinsiplərini  önə çıxarmaqla dünyaya Azərbaycanın multkultural inteqrasiya üçün yeni çağırışlarını bəyan edib.

Dini liderlərin Bakı sammiti bu baxımdan öz əhəmiyyətinə görə  fərqlənir, mötəbər tədbir  ölkəmizi dini zəmində əməkdaşlıq formatı kimi  müzakirə meydanına çevirir.

Sammit "Bakı prosesi”nin davamı kimi də mühümdür.  Eyni zamanda, ölkəmizin üzləşdiyi Qarabağ probleminin dünyaya çatdırılması üçün bir imkandır. Azərbaycan bir neçə ildir ki, iri nəqliyyat, idman, musiqi, humanitar layihələrə ev sahibliyi etməklə eyni zamanda regionun əməkdaşlıq mərkəzinə çevrilib.

Ölkəmizin müstəqilliyinin rəmzinə çevrilən Bakı-Tiflis-Qars dəmir yolu, bizi dünyanın nəqliyyat dəhlizinə çevirən Şərq-Qərb layihəsi bunun bariz göstəricisidir. Birinci Avropa Oyunları, İslam Oyunları, "Formula 1" yarışları Azərbaycanın dünya idman vitrinində sanbalının nümayişinə çevrilib. ”Avroviziya" beynəlxaql musiqi yarışması, Qəbələdə beynəlxalq musiqi festivalı mədəni əməkdaşlığın təntənəsi kimi yadda qalıb. Bu yaxınlarda Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirildi. 120-yə yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi Zirvə Görüşü Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirmiş oldu.

Uğurla keçirilən bu cür böyükmiqyaslı tədbirlər beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirməklə yanaşı, dövlətimizin müstəqil mövqeyini təcəssüm etdirir. Belə tədbirlər həm də özlüyündə siyasi mesaj daşıyır. Bakı üçün beynəlxalq arenada nüfuzunu möhkəmləndirmək və ictimai rəyi formalaşdırmaq baxımından  uğurlu əməkdaşlıq perspektivləri yaradır.

Dini liderlərin sammiti də bu qəbildən olan toplantı kimi  Azərbaycanın bu gün dini-etnik zorakılıq girdabına düşən ölkələrə tolerant dövlət nümunəsi kimi təqdimatında əvəzsizdir. 

Müxtəlif dini konfessiyaların və xalqların yaşadığı Azərbaycan üçün xaricdən ixrac olunan təhlükəli tendensiyalar dövlətdən xüsusi həssaslıq tələb edir. Dinləri bir-birinə qarşı qoymaqla siyasi  dividenT qazanmağa çalışan qüvvələrin at oynatdığı bir dünyada tolerantlıq prinsipləri, birgəyaşayış mesajları sülh və barış üçün əsas resept sayılır. Azərbaycanın da bəyan etdiyi çağırışlar dünya üçün öz aktuallığını saxlayır. Beynəlxalq ictimaiyyət belə çağırışlara laqeyd deyil. Azərbaycanın təqdim etdiyi dinlərarası münasibətlərdə əməkdaşlıq formulu məqbuldur və öyrəniləsi nümunədir. Mötəbər kürsülərdə tanınmış din xadimlərinin dövlətimizin  əldə etdiyi nailiyyətləri sadalaması bu siyasətin təbliğində çox yaxşı müstəvidir. 

Odur ki, Bakı sammiti dövlətimizin regionda dini əməkdaşlıq mərkəzinə çevrilməsinə hədəflənib. Bunun da siyasi altyapısında prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsipləri dayanır. Məlum olduğu kimi, din həm də bir mədəniyyət hadisəsidir. Odur ki, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan üçün bu sammit dünyaya öz prinsiplərinin təbliği və nümayişi üçün yaxşı imkandır.

Siyasi analitiklər hesab edir ki, sammit təkcə dini cameəni əhatə edəcək bir hadisə deyil. Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, son illərdə ölkəmiz beynəlxalq təşkilatların sammitinin  platforması rolunda çıxış edir: "Bakıda beynəlxalq siyasi-humanitar və təhlükəsizlik konfranslarının keçirilməsi ölkəmizin geosiyasi əhəmiyyətini artırır və Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimizi dünyaya çatdırmaqda bir siyasi tribuna əldə edirik. Bu cür tədbirlər ölkəmizin dünya siyasi sistemində  əməkdaşlıq və sülh mərkəzi kimi tanınmasında rol oynayır. Bakıda BMT-nin tədbiri, MDB müdafiə nazirlərinin sammiti, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının sammiti, ardınca dünya dini liderlərinin 2-ci sammitinin keçirilməsi son 20 gündə ölkəmizdə keçirilən mühüm siyasi hadisədir. Bundan əvvəlki illərdə keçirilən beynəlxalq səviyyədə sammitlər göstərdi ki, Azərbaycan dünya birliyinin layiqli üzvü olmaqla yanaşı, sülhə və təhlükəsizliyə xidmət edən bir ölkədir. Ölkəmizdə keçiriləcək Dünya liderlərinin 2-sammiti siyasi-dini baxımdan Azərbaycanın mövqeyini gücləndirəcək. Xüsusilə bu gün dünyada dini dözümsüzlüyün inkişaf etdiyi bir məqamda Azərbaycan bütün dinlərin bir ortama gəlib, konsensus əldə edəcəyi bir məkan rolunda çıxış edir. Bu, bir daha Azərbaycanın bütün dinlərə xüsusi bir yanaşmasının təzahürüdür”.

Ekspert bildirdi ki, bu gün dünyada yeni siyasi-hərbi dəyişikliklər baş verir: "Dini liderlərin fəaliyyətinin bu siyasi nizama təsiri daima davam edir. Dünya dini liderlərinin Bakıya gəlişi, Azərbaycan reallıqlarını yaxından öyrənmələri bizim mövqelərimizin güclənməsinə təsirsiz ötüşməyəcək. Dünyada dini liderlər siyasilərə birbaşa təsir imkanlarına sahib olub və bu gün də belədir. Dini mərkəzlər bu gün dolayı yolla geosiyasi qarşıdurmaların pərdəarxası olur. Biz bunu Ermənistan timsalında dini mərkəz olan Eçmiədzinin  ərazilərimizin işğalında ideoloji rol oynadığını görürük. Hesab edirəm ki, dini liderlər bir daha görəcək  ki, Azərbaycan sülh və tolerant ölkədir, təkcə İslam deyil, digər dinlərin birgə fəaliyyətini koordinasiya edən bir dövlətdir. Azərbaycana qarşı dini mərkəzlərdə siyasi fikirlər müsbətə doğru dəyişə bilər. Azərbaycana qarşı bəzi dini mərkəzlərdə xain planlar arxa plana keçə bilər. Azərbaycan bununla özünü dünyada bütün dinlərin fəaliyyət göstərdiyi məkan kimi nümayiş etdirmiş olacaq”.

Xatırladaq ki, 26 aprel 2010-cu ildə Bakıda keçirilən Ümumdünya Din Xadimlərinin Sammitində erməni katalikosu II Qaregin də iştirak etmişdi. Onun 14-15 noyabrda keçiriləcək 2-ci sammitdə iştirak edib-etməyəcəyi isə məlum deyil.

Oxşar xəbərlər