Gəncə Regional Kollecdə gözlənti! Elmar Vəliyevin müəllimi gedir, yerinə sabiq müavini gəlir (?!)

  • 31 avq 2019, 20:07

Gəncə Regional Kollecinə yeni direktor təyinatı gözlənilir. Bu barədə şəhərdə müxtəlif iddialar və şaiyələr gəzir. 

Hazırda kollecə rəhbərlik edən Fəxrəddin Zeynalovun tezliklə öz postunu təhvil verəcəyi və təqaüdə göndəriləcəyi müzakirə olunur.

"Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, şəhərin sakinləri və ziyalılar kollecdə yeni direktorun kim olacağını daha çox müzakirə edirlər. Hazırda bu kürsüyə can atan ən şanslı namizədlərdən biri kimi Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyevanın adı hallanır.       

Məlumata görə, sabiq icra başçısı Elmar Vəliyevin Azərbaycan Texnologiya Universitetində (Gəncədə _ATU-da) müəllimi olmuş və bu münasibətlə direktor adı almış F.Zeynalovu məhz adıçəkilən xanım əvəzləyə bilər.

Bu barədə Sevda Qurbanəliyevaya yaxın çevrələrdə, Gəncə Dövlət Universitetində və şəhər ictimaiyyətində də tutarlı iddialar dolaşır.

Adının çəkilməsini istəməyən mənbəmizin bildirdiyinə görə, Sevda Qurbanəliyevanın özü də bu təyinatın baş tutacağı barədə məlumatı sevinərək yayır.

Elmar Vəliyevin sabiq müavini olmuş xanım birbaşa Təhsil Naziri Cehun Bayramov tərəfindən reallaşacaq təyinatda ağsaqqal qohumunun - baş meliorator Əhməd Əhmədzadənin vasitəçiliyini də gizlətmir. Bundan başqa, Gəncə Elm Mərkəzinin rəhbəri Fuad Əliyevin S.Qurbanəliyeva ilə yaxın qohum olması bu təyinatda yerli İHB tərəfindən yazılacaq təqdimatı asanlaşdıracaq kimi görünür. 

Hələlik isə, xanım professorun GDU-dakı alimlik fəaliyyətini və 28 ildir ki, Gəncə Dövlət Universitetində rəhbərlik etdiyi "Musiqi fənləri kafedrası"nı atıb, qeyri məqsədlər üçün Gəncə Regional Kollecinə direktor olacağı iddiası hamıda maraq doğurur.

Əsas məqsədə gəlincə, o da iddia edilir ki, bu təyinat şəxsən nazir Cehun Bayramovun və GDU rektorunun strateji planıdır. Belə ki, Sevda Qurbanəliyevanın regional kollecə rəhbər təyinatı gələcəkdə həmin kollec məzunlarının subbakalavriat pilləsindən bakalavriat pilləsinə keçid üçün hesablanıb. Görünür, Sevda Qurbanəliyeva gələcəkdə həmin kollecdən GDU-ya kütləvi tələbə transferinə məqsədli şərait yaradacaq...

Səbr! - Yaşayaq, iddiaların sonunu və olacaqları görəcəyik...

Osman Nərimanoğlu

Yazıda adıkeçən şəxslərin də söz haqqına sayğımızı ifadə edirik!

"Demokratik.Az"     

Oxşar xəbərlər