Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT

  • 18 avq 2019, 12:39

 

Gəncə şəhər sakini İlyasov Çingiz Əli oğlu bələdiyyə özbaşınalığından əziyyət çəkdiyini,  Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının (AKBMAsabiq sədri Şəmistan Yusifov tərəfindən aldadıldığını iddia edir.

Vətəndaşın "Demokratik.Az”-a bildirdiyinə görə, Xanlar rayonu XDS İcraiyyə Komitəsinin (indiki Göygöl rayonu-red) 14.11.1990-cı il tarixli 20 nömrəli protokoldan çıxarış əsasında rayonun "Bolqarıstan sovxozu” yararsız torpaq sahəsindən 0, 30 ha torpaq sahəsi ayrılaraq Xanlar rayon "Avtoservis Birliyi”nin nəzdində fəaliyyət göstərən "Avtomobil Həvəskarları” Cəmiyyətinə verilib. Həmin illərdə cəmiyyətin sədri kimi 01 iyul 1992-ci ilə qədər tikinti-təmir işlərinin aparılması da  vətəndaş Çingiz İlyasova tapşırılıb. Tikinti üçün smeta dəyəri həmin illərdə 275000 (iki yüz yetmiş beş min) rubl müəyyənləşib.

Şikayətçinin bildirdiyinə görə tikinti işlərini "Gəncə Təsərrüfatlararası Təmir-Tikinti Sahəsi” aparıb. Ayrılan torpaq sahəsinin yarıdan çoxunda asfaltlanma işləri reallaşdırılıb, cəmiyyətə aid 2 otaqlı olmaqla iki bina inşa edilib. Eləcə də həmin illərdə torpaq sahəsində yeməkxana, avtomobilyuma məntəqəsi, 9 ədəd avtomobil üçün 5x3 m ölçüdə bokslar da tikilib.

Çingiz İlyasov bildirir ki, həmin tikililər cəmiyyətin sədri kimi 2005-ci ilədək onun istifadəsində və ixtiyarında olub. Lakin sonradan obyekt müəyyən səbəblər üzündən illərlə sahibsiz qalıb və nəticədə tikililər Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov tərəfindən 2010-cu ilədək qeyri-yasal yollarla dağıdılıb. Və torpaq sahəsi Abdullayev Əbdülhüseyin Məmməd oğluna və İbrahimov Famil Mehbalı oğluna satılıb.

Vətəndaş hesab edir ki, uzun müddət istifadəsində olan tikililərin icazəsiz dağıdılması və ərazinin başqa şəxslərə satılması bələdiyyə özbaşınalığıdır ki, yerli özünüidarə qurumu ona küllü miqdarda (təxminən 110 min manat) maddi ziyan vurub. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tapdalayıb.

"Demokratik.Az” şikayətlə bağlı qısa jurnalist araşdırması aparıb. Məlum edib ki, həqiqətən də vətəndaşla bələdiyyə sədri arasında uzun müddətdir ki, həmin mülkə görə mübahisə gedir. Hətta, şikayətçi eyni faktlara əsaslanıb bələdiyyə sədrinə və hazırda torpağa rəsmi mülkiyyətçilik edən şəxslərə qarşı "maddi zərərin ödənilməsi” və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia qaldırıb. Lakin, aidiyyatı məhkəmənin hakimi Cavid Tağıyevin icraatında olan iş üzrə 12.06.2019-cu il tarixli 2(043)-1503/2019 saylı qətnaməsi əsasında iddia rədd edilib. Hakim hesab edib ki, İlyasov Çingiz Əli oğlunun iddiası əsassızdır. Şikayətçi Qətnamədən narazı qalıb və iş hazırda Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

Şikayətçinin şikayəti üzrə daha maraqlı detallar da mövcuddur.

Belə ki, Sərkar kənd bələdiyyəsinin həmin yolqırağı torpağı və digər strateji torpaq sahələrini satarkən Azərbaycanda fermerləri dərman preparatları ilə təmin edən "Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevə üstünlük verməsi diqqət çəkir. Rəsmi sənədlərdən də görünür ki, Əbdülhüseyn Abdullayev təkcə 2007-ci ildə Samux rayonunun Sərkar kəndində bələdiyyə sədrinin vasitəçiliyi ilə xeyli torpaq sahəsini alqı-satqı yolu ilə satın alıb.

Bəzi özününküləşdirmə sənədlərində "aqrotexservis məqsədi" yer alır. Lakin, "Emma” prezidenti dostu Şəmistan Yusifovdan aldığı torpaq sahələrinin hamısında aqrotexservis işlərini görmür. O Çingiz İlyasovla qalmaqal yaşadığı torpaq sahəsində həm də metal qəbulu məntəqəsinin, maye- qaz yanacaqdoldurma məntəqəsinin, daş bazarının şefliyini həyata keçirir.

İşdə adıkeçən Əbdülhüseyn Abdullayev təkcə Sərkar kəndində deyil, bir çox rayonda torpaqları satın alan məmur kimi tanınır. (bu barədə ayrıca yazıda)

Mövzu diqqətimizdədir...

Demokratik.Az   

 







Oxşar xəbərlər