Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?

  • 14 avq 2019, 00:09
Bütün dünyada motomədəniyyətin inkişaf etdiyi bir dövrdə Azərbaycanda motosikletlərdən istifadə məhdudlaşdılır. Başda Rəşadət Babayev olmaqla Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir, vətəndaşların şəxsi mülkiyyəti olan motosikletlər qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarına yerləşdirilir. 
Bu haqda korrupsiya.org-a danışan şikayətçilər deyir ki, əgər motosikletlər ölkədə qadağandırsa onda niyə gömrükdən buraxılır, salonlarda satışa çıxarılır? KLim bu qadağanı qoyub,niyə vətəndaşların hüquqları pozulur?
Ümumilikdən 100-dən çox motosikletçi DYP-nin reydlərindən narazıdır.
Aşağıda vətəndaşlar Ziya Abdullayev və Həsən Hüseynovun prezident İlham Əliyevə , Baş Prokurorluq , DİN, DTX-ya ünvanladığı şikayəti olduğu kimi veririk:
"Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, tərəfimizdən 16 may 2019-cu il tarixli ərizələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanim Əliyevaya, Heydər Əliyev Fondunun prezidenti Leyla xanim Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanlari ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri, cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Bakı şəhər prokuroru cənab İlqar Abbasova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova və Azərbaycan Respublikası Daxili İşlər NazirliyininDaxili Təhqiqatlar İdarəsinin rəisi cənab Sahib Mirzəyevə müraciət olunub. 09 may 2019-cu il tarixdə, təqribən saat 17:30 radələrində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən, tərəfimizdən heç bir yol hərəkəti qaydaları pozuntusuna yol verilmədən idarə edilən motosikletlərin saxlanılmasında və qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına yerləşdirilməsində günahı olan DYP əməkdaşlarının dairəsinin müəyyən olunması, fəaliyyətlərinin yoxlanılması və cəzalandırılması, eyni zamanda qanuni mülkiyyətimizdə və istifadəmizdə olan "Ducati” markalı, 11A011 qeydiyyat nişanlı, ""Harley Davidson NİGHT ROD” markalı, 99A323 qeydiyyat nişanlı motosikletlərin quracaqdan çıxarılaraq bizə qaytarılması və motosikletlərdən sərbəst istifadə edilməsinə şərait yaradılması istiqamətində müvafiq göstərişlər verilməsi xaxiş edilmişdir.
Lakin, yuxarıda adları qeyd olunan orqanlara müraciət etdiyimiz 16 may 2019-cu il tarixdən 1 aydan artıq müddətin keçməsinə baxmayaraq, həmin orqanlardan müraciətlərimizə baxılmasının nəticəsi barədə hər hansı məlumat verilməmiş və şikayət ərizəsində qeyd edilənlərlə bağlı hər hansı tədbirlər həyata keçirilməmişdir. 
Beləliklə, bir daha nəzərinizə çatdırmaq istərdik ki, bizi Sizə müraciət etməyə vadar edən başda Rəşadət Babayev olmaqla Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının bizə qarşı törətdikləri qanunsuz hərəkətləri olmuşdur.
Həmin qanunsuzluqları bir daha diqqətinizə çatdıraraq bildirmək istərdik ki, sərəncam vermə hüquqlu etibarnamə əsasında Abdullayev Ziya Fikrət oğlunun istifadəsində olan "Ducati” markalı, 11A011 qeydiyyat nişanlıHüseynov Həsən İslam oğlunun mülkuyyətində və istifadəsində olan "Harley Davidson NİGHT ROD” markalı, 99A323 qeydiyyat nişanlı motosikletlərlə 09 may 2019-cu il tarixdə, təqribən saat 17:30 radələrində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən, tərəfimizdən heç bir yol hərəkəti qaydaları pozuntusuna yol verilmədən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bizə saxla əmri verildi. Qeyd edilməlidir ki, motosikletlərin saxlanılması zamanı tərəfimizdən Dövlət Yol Polisi əməkdaşlarının saxla əmrinə və onların tələblərinə tamamilə riayət olunduğu halda, təqribən 10 nəfər polis əməkdaşı yolun hərəkət hissəsinə çıxaraq,bizimlə sanki axtarışda olan və müvafiq icra hakimiyyəti orqanlarından qaçıb gizlənən cinayətkarlar kimi davranıldı. 
Lakin, Dövlət Yol Polisi əməkdaşlarının saxla əmrinin qanunsuz olmasına baxmayaraq, tərəfimizdən əmrə tabe olundu və motosikletlər yolun kənarında dayandırıldı. Həmin polis əməkdaşları tərəfindən törədilən daha böyük qanun pozuntuları isə bundan sonra başladı. Belə ki, motosikletlər dayandırıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən heç bir sorgu-sual olmadan bizə motosikletlərin "ştrafnoy”a (müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına) aparılacağı bildirildi. Bunun səbəbini soruşduqda isə onların tərəfindən müxtəlif versiyalar səslənməyə başladı. İlk dəfə bildirildi ki, bu rəisin xüsusi göstərişdir və etiraz etməyin heç bir mənası yoxdur. Polisin qanuni əmrinə tabe olun və polisin göstərişləri ilə razılaşın. Polisin qanuni tələblərinin nədən ibarət olmasını soruşduqda isə bizə artıq suallar verməyin, göstəriş tərəfimizdən icra edilməlidir cavabı verildi. 
Digər bir polis əməkdaşı tərəfindən isə saxlanılmanın və motosikletlərin müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına aparılmalı olmasının səbəbi onunla izah edildi ki, başınıza "şlem” (motodəbilqə) geyinirsiz, camaat baxıb maraqlanır, bu isə düzgün deyil, bu səbəbdən də motosikletlər məcburi surətdə duracağa aparılmalıdır. Motodəbilqəsiz motosiklet idarə edilməsinin qayda pozuntusu olduğu həmin əməkdaşın diqqətinə çatdırıldıqda isə aidiyyəti üzrə cavab verməkdən yayınaraq, digər polis əməkdaşları kimi onsuz da motosikletlərimizin duracağa aparılacağı bildirildi. 
Bununla bağlı başqa bir versiya isə ondan ibarət oldu ki, motosikletlərin mühərriklərinin səs gücləri yoxnanılmalıdır. Mühərrikin səs gücünün duracaqda yoxlanılmadığı tərəfimizdən polislərin diqqətinə çatdırıldıqda isə bizim bu iradımızla razılaşmadılar və duracaqda bunun üçün xüsusi qurğular quraşdırıldığı bildirilərək bizi motosikletləri duracağa aparmağa məcbur etdilər. Eyni zamanda, orada mühərriklərin səs gücü yoxlanıldıqdan sonra motosikletlərin duracaqdan dərhal buraxılacağı bildirildi. Biz onların qanunsuz tələbləri qarşısında aciz qalaraq razılaşdıqdan sonra da, polisin qanunsuzluqları ilə qarşılaşdıq. Belə ki, bu dəfə də, motosikletlər duracağa aparılarkən hər bir motosikletin axra otucacağında bir nəfər polis əməkdaşının oturması bizdən tələb edildi. Motodəbilqəsiz hərəkətdə olan motosiklə oturmağın yol hərəkəti qaydasının pozuntusu hesab edildiyi onların diqqətinə çatdırıldıqdan sonra isə, bizə onların tərəfindən idarə edilən DYP avtomobillərini müşayiət etməyimiz əmr edildi. Beləliklə, motosikletlər duracağa gətirildi. Duracağın qapısından içəri keçənədək orada 10 nəfərə yaxın DYP əməkdaşı var idi. Tərəfimizdən bir daha səs gücünün normadan artıq olmadığı təqdirdə mühərriklərin səsi yoxlanıldıqdan sonra, dərhal buraxılacağımıza söz verdikləri nəzərlərinə çatdırıldı. DYP əməkdaşları sözlərinə əməl edəcəklərini bildirdilər və biz onların müşayiəti ilə motosikletləri duğacağa daxil etdik. Lakin, motosikletlər duracağa daxil olan kimi orada olan DYP əməkdaşları mühərriklərin səs gücünü yoxlamaq əvəzinə tez-tələsik duracağın ərazisini tərk etməyə başladılar. Dəfələrlə onlardan mühərrikin gücünü yoxlayacaqdınız bəs nə oldu ? deyə soruşduq, lakin elə bil ki, biz orada yoxuq və ya onlar bizi ümumiyyətlə görmürlər və eşitmirlər kimi davranaraq, oranı tərk etdilər. Onlardan yanlız bir nəfəri isə gedərkən bildirdi ki, bu göstərişidir, belə olmalıdır. Bundan sonra bizim motosikletləri duracaqdan çıxarmaq səylərimiz heç bir nəticə vermədi.
Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının yuxarıda qeyd olunan hərəkətləri ilə, bir deyil, bir neçə qanun pozuntusuna yol verilərək, qanunla qorunan hüquq və mənafelərimiz kobud surətdə pozulmuşdur. 
Belə ki, motosikletlər saxlanılarkən, tərəfimizdən yol həkəti qaydaları pozulmamış, bununla yanaşı saxlanılmaya hər hansı digər əsas belə mövcud olmamışdır. Əks halda tərəfimizdən törədilən yol həkəti qaydaları pozuntusuna görə DYP əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərdi.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən,"İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır”.
Həmin məcəllənin 124.3-cü maddəsinə əsasən, "Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir”.
Göründüyü kimi, tərəfimizdən inzibati xəta hadisəsi törədilmədiyindən DYP əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməmişdir. 
Saxlanılma zamanı tərəfimizdən saxla əmrinə əməl edildiyi halda, məhz motosiklet idarə etdiyimiz üçün bizimlə cinayətkar kimi davranılması da, xoşagəlməz haldır və nəqliyyat vasitələrinin saxlanılması üçün təlimat qaydalarına uyğun deyil.
Daha böyük qanun pozuntusu isə ondan ibarətdir ki, motosikletlərin duracağa yerləşdirilməsi zamanı DYP əməkdaşları tərəfindən protokol tərtib edilməmiş və yerləşdirilmə ilə bağlı qərar qəbul edilməmişdir. Bununla da, özlərini DYP əməkdaşları kimi deyil,Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin məsul işçisi Rəşadət Babayevin qanunsuz göstərişlərini yerinə yetirən yolkəsənlər və quldurlar kimi göstərmişlər. 
Saxlanılarkən, bizə yaxınlaşan 10 nəfərdən artıq DYP əməkdaşlarının özlərini təqdim etməmələri, saxlanılmanın səbəbi barədə məlumat verməmələri, bizimlə polis etikasına yaraşmayan kobud davranmaları və motosikletlərin yuxarıda qeyd olunan qaydada duracağa yerləşdirilmələri isə kobud qanun pozuntuları olmaqla yanaşı, eyni zamanda daxili işlər orqanların apardığı siyasətə və bu siyasətin nəticəsində qazandıqları uğurlara gölgə salmaqdadır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, "Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılır”.



İşin hallarından və tərəfimizdən ərizənin qoşmasına əlavə edilmiş hadisənin götüntülərini əks etdirən videodiskdən göründüyü kimi, bizim hərəkətlərimizdə nəqliyyat vasitəsini idarə olunmasından kənarlaşdırılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində və beləliklə də nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanması üçün həmin Məcəllənin 97.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil.
Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, "Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir”.
Qeyd etmək istərdik ki, yuxarıda qeyd edilənlər tərəfimizdən qeydə alınaraq, videodiskə köçürülmüş və həmin videodisk hazırkı şikayət ərizəsinin qoşmasına əlavə edilmişdir. Həmin görüntü və səs yazılarından qeyd etdiklərimizin həqiqət olduğu, saxlanılmada iştirak edən polis əməkdaşlarının kimlikləri və ərizəmizdə qeyd edilən ifadələrin konkret hansı polis əməkdaşı tərəfindən deyildiyi aydın şəkildə görünür.
Həmçinin, hadisə baş verən ərazidə TŞ 4180 "Təhlükəsiz şəhər” kamerası və N 045, 046 nömrəli kameralar quraşdırılmışdır ki, həmin kameranın görüntülərini izləməklə də, hadisənin təfərrüatları barədə ətraflı məlumat almaq və orada olan DYP əməkdaşlarının kimliklərini müəyyən etmək mümkündür.
Bununla yanaşı qeyd etmək istərdik ki, motosikletlərin duracaqdan çıxarılmaları üçün 09, 10, 11 və 13 may 2019-cu il tarixlərdə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə müraciət etsək də, heç bir müsbət nəticə əldə edilməmişdir. Belə ki, İdarənin növbətçi hissəsindən bizə 11-ci otağa müraciət etməli olduğumuz bildirildi. Həmin otaqda olan polis əməkdaşlarına müraciət etdikdə isə oradan bildirildi ki, "Rəşadət Babayev yerində yoxdur, gələndə sizin məsələyə baxılacaq. Onu qeyd edək ki, 11-ci otaqda olarkən sənədlərin üzərində K-400 yazılarının olduğunu müşahidə etdik. Bundan sonra həmin otaqda olan polis əməkdaşlarına bir neçə dəfə müraciət etsək də, hər dəfə eyni cavab almışıq. 
Həmçinin, qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan hadisənin tərəfimizdən tam olaraq video qeydə alınmasına baxmayaraq, biz polis əməkdaşlarının həmin biabırçı görüntülərini yayaraq bu məsələni ictimailəşdirmək və Azərbaycan polisini gözdən salmaq istəmirik və hesab edirik ki, dövlət və rəhbərlik özü maddi tamah güdən vəzifəli şəxsləri cəzalandıracaq. Hətta onu da, qeyd etmək istərdik ki, baxmayaraq ki, biz şəxsi maraqlarımıza görə motoyürüşlərdə iştirak etmirik, bizi bu məqsədlərlə dövlət tədbirlərinə dəvət edirlər. Belə ki, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərindən sonra Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının dəvəti ilə həmin təşkilatın təşkilatçılığı ilə keçirilən 200 motosikldən ibarət motoyürüşə dəvət olunaraq iştirak etmişik.
Bir daha qeyd etməyi zəruri hesab edirik ki, tərəfimizdən idarə edilən motosikletlər yalnız öz şəxsi işlərimiz üçün bir yerdən-başqa yerə getmək məqsədi ilə nəqliyyat vasitəsi kimi istifadə edilir və istifadə zamanı geyim formalarına, eləcə də yol hərəkəti qaydalarına daim riayət edilir. 
Lakin, buna baxmayaraq, bütün dünyada motomədəniyyətin inkişaf etdiyi bir dövrdə Azərbaycanda motosikletlərdən istifadənin məhdudlaşdırılması istiqamətində başda Rəşadət Babayev olmaqla Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi tədbirlər həyata keçirilərək, vətəndaşların şəxsi mülkiyyəti olan motosikletlər qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarına yerləşdirilir.
Hansı ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə,”mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir”.
Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, "mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”.
Qeyd olunanları nəzərə alaraq, Sizdən 

X A H İ Ş E D İ R İ K:

16 may 2019-cu il tarixli şikayət ərizələrinə baxılmasının nəticəsi barədə bizə rəsmi məlumat verəsiniz və 09 may 2019-cu il tarixdə, təqribən saat 17:30 radələrində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən, tərəfimizdən heç bir yol hərəkəti qaydaları pozuntusuna yol verilmədən idarə edilən motosikletlərin saxlanılmasında və qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına yerləşdirilməsində günahı olan DYP əməkdaşlarının dairəsinin müəyyən olunması, fəaliyyətlərinin yoxlanılması və cəzalandırılması, eyni zamanda qanuni mülkiyyətimizdə və istifadəmizdə olan "Ducati” markalı, 11A011 qeydiyyat nişanlı, "Harley Davidson NİGHT ROD” markalı, 99A323 qeydiyyat nişanlı motosikletlərin quracaqdan çıxarılaraq bizə qaytarılması və motosikletlərdən sərbəst istifadə edilməsinə şərait yaradılması istiqamətində müvafiq göstərişlər verəsiniz. 
Öncədən öz təşəkkürümü bildirirəm."

DYP-nin mövqeyini dərc edə bilərik.

Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO
Bakıda motosiklet sürmək qadağandır-yol polisi niyə reyd keçirir? - FOTO/VİDEO

Oxşar xəbərlər