ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”

  • 16 iyul 2019, 19:33

"Avropa Məhkəməsinə göndərdiyim 2 poçt göndərişi 58 gündür hələ də yoldadır”

"Bu statusu yazmaqda məqsədim içtimai rəyin köməyi ilə mənim, digər hüquqşünasların məruz qaldığı problemin həllinə nail olmaqdır. Çünki bu günə qədər istifadə etdiyim bütün vasitələr nəticəsiz qalıb. Deyirəm bəlkə məsul şəxslər bu statusu oxuyub utanarlar, problemin aradan qaldırılması üçün tədbirlər görərlər. Problem beynəlxalq poçt göndərişinin aqibəti barədə "Azərpoçt” MMC-dən məlumat alınmasının qeyri-mümkünliyi ilə bağlıdır”. Hurriyyet.org xəbər verir ki, bu barədə hüquqşünas Əsabəli Mustafayev "feysbuk” səhifəsində qeyd edib.

"Azərpoçt” MMC-də aparılmış "islahatlar”-dan sonra əvvəlki nömrələr ilə zəng etmək mümkün deyil”

Mustafayev bildirib ki, Avropa Məhkəməsinə göndərdiyi sənədlər "Azərpoçt” MMC-də əvvəllər də oğurlanıb, indi də oğurlanır və görünür gələcəkdə də oğurlanacaqdır: "Lakin əvvəllər bu oğurluğun araşdırılması və etriraf edilməsi bir qədər asan idi. Sənədlərin ünvana çatmaması barədə məktub hazırlayıb, poçt qəbzlərini əlavə edib, "Azərpoçt” MMC-yə email poçt göndərirdim. Bundan bir neçə gün keçdikdən sonra saytda göstərilən telefonla zəng edib cavab istəyirdim. Onlar həm telefona cavab verirdilər, sonra da poçtla məktub göndərərək sənədlərin "itməsini” rəsmən etiraf edirdilər. Mən də bu etirafı əlavə etməklə sənədləri təkrarən Avropa Məhkəməsinə göndərdim. (Çünki bir çox hallarda 6 aylıq müddət artıq ötmüş olur). "Azərpoçt” MMC-də aparılmış "islahatlar”-dan sonra oraya əvvəlki nömrələr ilə zəng etmək mümkün deyildir. Bir "qaynar xətt” var, hansı ki, heç kim cavab vermir. Köhnədən məndə qalmış nömrələrə zəng edirəm ki, sənədlərin ünvana çatmaması barədə email ünvanınıza məktub göndərmişəm, ona cavab verin. Deyirlər ki, "bizdə "islahat” aparılıb, əhaliyə xidmət səviyyəsini yüksəltmək məqsədilə daha nə zəngə, nə də məktuba cavab vermirik”. Deyirlər ki, "get həmin poçt şöbəsinə, oradan bizə yazılı sorğu versinlər, biz də araşdıraq”. Deyirəm ki, məndə hər ay 3-4 poçt göndərişi "itir”, hər dəfə poçta getməli olsam, gərək, orada mənə ştat açasınız və iş otağı verəsiniz. Telefonu qapadırlar. Avropa Məhkəməsinə göndərdiyim 2 poçt göndərişi artıq 58 gündür hələ də yoldadır. Halbuki, ünvana çatma müddəti cəmi 15-18 gündür. Onların aqibəti barədə heç kimdən cavab da ala bilmirəm”.

"Qazandığınız "nailiyyət” dövlətin imicinə vurduğunuz zərərə dəyərmi?”

"Mən başa düşmürəm ki, bu sənədləri oğramaqla nəyə nail olurlar. Axı, məlumdur ki, təkrarən göndəririk, əvvəlki qəbzi əlavə edirik, məhkəmədə onları vaxtında verilmiş kimi qəbul edir. Düzdür, əlavə zəhmət və xərc çəkirik. Bununla qazandığınız "nailiyyət” dövlətin imicinə vurduğunuz zərərə dəyərmi?”, - deyə hüquqşünas sual edir.

Oxşar xəbərlər