Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO

  • 10 iyul 2019, 09:42

 

 

 

 

 

Abşeronun icra başçısı İradə Gülməmmədovadan daha bir şikayət var. Demokratik.Az Sensasiya.tv-yə istinadən xəbər verir ki, icra başçısının göstərişi ilə şəhid anası Sütun Əhmədovaya məxsusu evi uçurulub. Maraqlı məqam odur ki, bu evin tikintisinə xanım Gülməmmədova hələ icra başçısının birinci müavini olarkən rəsmi icazə veribmiş. 

Sütun Əhmədova bildirir ki, şəhidin qan pulunu alıb, kredit də götürüb o biri oğluna ev tikmək istəyib: "11 min manat şəhid pulu verdilər. Oğluma verdim ki, xəstəyəm, Bərdədən gedib-gələ bilmirəm, burada ev tikin, mən də yanınızda qalım. Amma Abşeron icra hakimiyyətinin adamları iki dəfə evi başımıza uçurublar. Şəhid nə deməkdir? Mənim balam torpaq üstündə şəhid olub.İcra hakimiyyəti imkan vermir ki, evi tiksin, xəstə ananı yanında saxlasın. Şəhid anası kimi xahiş edirəm ki, sökənlər gəlib evi tiksin, versinlər. Deyirlər ki, şəhid anası başını dik tutsun, şəhidin ölməyib. Budur şəhidə qiymət?”.

Şəhid qardaşı Səxavət Əhmədov deyir ki, əllərindəki sənədlər qanunidir: "Heç bir xəbərdarlıq etmədən uçurub getdilər. Memarlıq şöbəsinə getdim, heç bir əsas gətirə bilmədilər. Dedim əsas gətirin. Sonra söz verdilər ki, tikə bilərsən. Bir az keçşdi, təzədən yenə traktora verib dağıtdılar. Yenə heç kəsdən sənəd istəmədən dağıdıblar. Heç kəs də boynuna götürmür ki, kim edib. Ərazidəki adamlar deyirlər ki, Akif müəllim əmr verib. O da icra hakimiyyətində memarlıq şöbəsində işləyir”.

Şəhid ailəsi xahiş edir ki, əgər bu məsələdən icra başçısının xəbəri yoxdursa, İ.Gülməmmədova dərhal münasibət bildirsin, qanunsuzluq edənləri cəzalandırsın. Onlar ümid edirlər ki, xanım başçı şəhid anasına qarşı bu haqsızlığa son qoyacaq.

S.Əhmədova prezidentə, Mehriban xanıma müraciət edərək özbaşınalığa, ədalətsizliyə son qoyulmasını xahiş edib.

Abşeron Rayon İcra Hakimiyyəti son günlər Saray qəsəbəsi ərazisində tikilməkdə olan və şəhid ailəsinə məxsus yarımtikili evin sökülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətindən "Qafqazinfo”ya göndərilən açıqlamada deyilir ki, RİH tərəfindən hər hansı bir tikilməkdə olan evin sökülməsi prosesi həyata keçirilməyib: "Qeyd etmək istərdik ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Abşeron RİH aparatında, rayonun kənd və qəsəbələrində keçirilən səyyar görüş-qəbullarda, eləcə də mətbu orqanlarda vətəndaşlara torpaq və tikinti məcəlləsinin tələbləri dəfələrlə izah edilib, torpaq sahələrinin metal torla çəpərlənməsinə və kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan qurğuların yüngül konstruksiyalarla quraşdırılmasına icazə verildiyi izah edilib.

 Abşeron Rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır ki, rayon ərazisindəki torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Bu torpaqlar Abşeron ərazisində ancaq kənd təsərrüfatı məhsullarının istehsalı, əkin işlərinin aparılması üçün yararlıdır. Lakin bəzi hallarda torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi də müşahidə edilməkdədir.

Üstəlik, bu gün vətəndaşlar tərəfindən yüksək gərginlikli elektrik xətlərinin altında, magistral su və neft kəmərlərinin əhatə zonasında olan boş torpaq sahələrinin zəbt edilərək istifadə olunmasına çalışılır. Bunun yolverilməzliyi, qanunla qadağan olduğu izah edildikdə isə gətirilən arqumentlərlə razılaşmır və müxtəlif adlar altında özlərinə haqq qazandırmağa cəhd göstərilir. Hətta bəzi vətəndaşlar özlərinin çirkin əməllərini gizlətmək üçün imtiyazlı insanlardan istifadə etməyə çalışırlar. Qeyd etmək istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə və Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərilir”.


Oxşar xəbərlər