Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”

  • 22 may 2019, 23:10

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında sosial şəbəkələrdə yazdığı yazılarda, video-çıxışlarında səsləndirdiyi fikirlərdə təhqir və böhtan olub-olmamasına ekspertiza qərar verəcək.

 

Mayın 22-də Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseyn həmin materialların ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.
Bizimyol.info xəbər verir ki, bu qərar Mübariz İbrahimovun anası, N.Şahmarzadənin həbsini tələb edən Şamama İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmovun vəsatəti əsasında çıxarılıb. Ş.İbrahimova özü məhkəməyə gəlmədiyinə görə onu yalnız vəkili təmsil edib.

 

Ekspertiza qərarından əvvəl həm xüsusi ittihamçı Ş.İbrahimovanın vəkili, həm də təqsirləndirilən N.Şahmarzadə özü çıxış edib.

 

Vəkil bildirib ki, xüsusi ittiham qaydasında qaldırılmış iddianı müdafiə edir və N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirlər.

 


N.Şahmarzadənin Facebook səhifəsindən yayılan yazının məzmunu haqda danışan vəkil bildirib ki, orada aşkar böhtan əlamətləri var: "Yazır ki, komandanlığın icazəsi olmadan sərhədi keçmişdi, əgər sağ qalsaydı belə, buna görə ona cinayət işi açılacaqdı. Bundan bir neçə gün sonra video paylaşır, məzmunu da təxminən belədir ki, "nə demişəmsə, düz demişəm, Mübariz günahsız insanları öldürüb, bu da cinayətdir. Bütün bunlar ağır cinayətdə ittiham etməklə böhtan atmaqdır”.

 

İttihama münasibət bildirən N.Şahmarzadə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb. Həmin statusda yazdıqlarını məhkəmədə elan edən psixoloqun sözlərinə görə, on gün sonra bir çox saytlar sözügedən statusu yenidən "Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdi” kimi başlıqlar altında paylaşmağa başlayıblar: "Sanki bir mərkəzdən göstəriş verilmişdi. Bundan sonra mənə qarşı linç kampaniyası sərt şəkildə davam etdirildi. Elektron poçtuma, telefonuma təhqir, hədə-qorxu, şərəf və ləyaqəti alçaldan mesajlar göndərildi, mənim adıma saxta profillər açıb, Azərbaycan kişilərinin, Mübariz İbrahimovun, ölkə prezidentinin və digər yüksək vəzifə sahiblərinin ünvanına təhqir dolu fikirlər paylaşmağa başladılar. Saytlar da araşdırma aparmadan bunları mənim fikrim kimi yayıb, mənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırdılar. Saytlardan birində mənim başıma 3 milyon 500 min pul qoyulması barədə yazı getmişdi”.

 

Təhsil aldığı Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən də təzyiqə məruz qaldığını deyən danışan N.Şahmarzadənin sözlərinə görə, dekabrın 17-də universitetin prorektoru Sani Hacıyev ondan ictimaiyyətə açıq şəkildə Azərbaycan xalqından üzr istəməyi tələb edib. O isə imtina edib: "Prorektor dedi ki, "Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz”, universitetdə də kimsə mənə fiziki xətər yetirsə, universitet buna görə məsuliyyət daşımayacaq. Dərsdən çıxanda universitetin həyətində üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edən tələbələri döydülər. Taksiyə minib evə gedəndə arxadan ardımca gəlib, taksini saxlatdırdılar, pəncərəni döyüb "aç, bu vətən xainini maşınından düşürt!” deyə sürücüyə təzyiq göstərdilər”.

 

Psixoloqun ifadəsindən sonra qarşı tərəfin vəkili ona "Mübariz İbrahimovu Azərbaycan kişilərinə nümunə hesab edirsinizmi?” sualını verib. N.Şahmarzadə suala belə cavab verib: "Mən pafosdan uzaqlaşıb, təhsilə fokuslanmağın tərəfdarıyam. Mən qəhrəmanlığı təhsildə uğur qazanmaqda görürəm. Mübariz İbrahimov haqqında statusdan az öncə bu barədə yazmışdım. Həmin statusda bir nəfərlə fikir ayrılığı yarandı, Mübariz İbrahimov haqqında yazdı. Ondan sonra mən də fikrimi izah eləmək üçün həmin statusu yazdım. Mən hərbiyə qarşıyam, sülh istəyirəm”.

Məhkəmə prosesi ekspertizanın rəyi açıqlanana qədər təxirə salınıb.

Oxşar xəbərlər