Akif Əlizadə: “AMEA-nın idarəetmə və təşkilat sistemi təkmilləşdiriləcək”

  • 06 may 2019, 12:07

"Artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. İndi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu istiqamətdə köklü islahatlar aparır”.

"Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.

A.Əlizadə qeyd edib ki, bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir: "Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir”.

Oxşar xəbərlər