Devrilmiş prezidentin evindən 115 milyon dollar pul çıxdı

  • 22 apr 2019, 09:02

Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşirin evində aparılmış axtarış nəticəsində 113 milyon dollara ekvivalent məbləğ aşkarlanıb. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı dünən "Əl-Əhdas nyus” nəşri yayıb.

Taxtından endirilmiş və ordu tərəfindən həbs olunmuş keçmiş dövlət başçısı pulların yuyulmasında və xarici valyutalar haqqında qanunun pozulmasında şübhəli bilinir. Axtarışların gedişində təxminən 352 min ABŞ dolları, 6,7 milyon avro və 5 milyard Sudan funtu (təxminən 105 milyon ABŞ dolları) tapılıb ki, bu da ümumilikdə 113 milyon dollar təşkil edir. Müsadirə edilmiş əmlak Sudan Mərkəzi Bankının xəzinədarlığına göndərilib.

Xatırladaq ki, aprelin 11-də ordu tərəfindən devrilmiş ölkə lideri ötən həftə paytaxtın şimal hissəsindəki Kober mərkəzi həbsxanasına köçürülüb. Bundan əvvəl o, öz iqamətgahlarından birində ev dustağı kimi saxlanılırdı. İslamçı hərəkatın bir çox məşhur rəhbərləri və korrupsiyada şübhəli bilinən məmurların da əksəriyyəti eyni həbsxanaya göndərilib.

Son günlər ərzində ölkədə keçmiş respublika hakimiyyətinin 200-dən çox nümayəndəsi həbs olunub ki, bunların arasında keçmiş hakim "Milli konqres” partiyasının funksionerləri də var.

Qeyd edək ki, Ömər əl-Bəşir 30 il ərzində Sudana rəhbərlik edib.

Oxşar xəbərlər