İkram Rəhimovun məhkəməsində “Hürriyyət”in adı niyə çəkilib? - ŞOK AÇIQLAMA

  • 21 apr 2019, 13:10

"Həmin dövrdə qəzetin baş redaktoru, yəni qəzetə birbaşa məsul səxs Aydın Quliyev idi...”

"...Hətta belə bir şey olubsa belə, cavabı İkram Rəhimovla Aydın Quliyevdədir”

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Musavat.com xəbər verir ki, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zakir Hüseynov ifadə verib. O, deyib ki, əvvəllər məktəb direktoru olub, sonra isə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri olub və indi də həmin vəzifədə çalışır.

Zakir Hüseynov suallara cavabında deyib ki, İkram Rəhimov əvvəlcə "Hürriyyət" qəzetində işləyib və ilk yazını da orada yazıb: "Mən Gəncədə məktəb direktoru idim. Həmin ərəfədə məktəbdə görülən abadlıq işləri ilə bağlı şantaj xarakterli yazı yazdı. O zamandan mən İkramı tanıdım. O zaman yazdığı yazıya görə 20 manat verdim ki, davam etdirməsin".

İkram Rəhimov isə həmin zaman manatın dövriyyəyə buraxılmadığını deyib. Zakir Hüseynov fikrinə düzəliş edib və İkram Rəhimova 20 şirvan verdiyini söyləyib. Zərərçəkmiş deyib ki, sonra dəfələrlə İkram Rəhimov məktəbə gəlib və ona müəyyən məbləğlərdə pul verib.

İkram Rəhimov zərərçəkmişin dediklərinə etiraz edib. Bildirib ki, zərərçəkmiş kimi tanınan Zakir Hüseynov "Hürriyyət" qəzetinə abunə olub, pulu da buna görə verib: "Həmin ərəfədə - 2003-cü ildə prezident seçkiləri ili idi. "Hürriyyət" qəzeti də Rəsul Quliyevin idi. Bu adam da qəzetin Rəsul Quliyevin olduğunu bilirdi. Ona görə də abunə olmuşdu, pul verirdi ki, birdən Rəsul Quliyev prezident seçilsə, ayaq yeri qoysun. Bu məqsədlə qəzetə pul verib. Mən özüm bu adama dəfələrlə kömək eləmişəm. Seçki kampaniyalarında dəstəyim olub".

"Hürriyyət”in baş redaktoru Vüqar Məmmədova müraciət edərək, məhkəmədə qəzetin adının hallandığı bu çirkin ittihamlarla bağlı onun mövqeyini öyrənməyə çalışdıq.

- "Hürriyyət”in keçmiş əməkdaşı İkram Rafiqoğlunun (Rəhimov) məhkəməsində zərərçəkmiş qismində ifadə verən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov jurnalistin 2003-cü ildə ondan dəfələrlə rüşvət aldığını iddia edib. Bu haqda sizin hər hansı məlumatınız olub?

- Xeyr. Məndə belə bir məlumat olmayıb. Əgər belə bir hal baş veribsə, bunu Zakir Hüseynov, İkram Rəhimov, bir də Rəsul Quliyevin adından istifadə edən şəxs bilir.

- Həmin dönəmdə qəzetin təsisçisi olaraq İkram Rəhimovu tanıyırdınızmı və onun yazılarını izləyirdinizmi?

- Səhv etmirəmsə, İkram Rəhimov "Hürriyyət”lə”1998-ci ildən əməkdaşlıq edib. Təbii ki, təsisçi olaraq qəzetdə gedən yazıları mütəmadi izləyə bilməsəm də, imkan olduqca izləmişəm.

- Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov əvvəllər məktəb direktoru işləyəndə İkram Rəhimovun onun barəsində hər hansı yazı yazadığını xatırlayısınız?

- Bilirsinizmi, 16 ildən sonra "o vaxt belə yazı gedib, ya getməyib” sualına cavab vermək çox çətindir. Ola bilsin ki, gedib. Mən bunu necə yadımda saxlaya bilərəm?!

- Zərərçəkmiş deyir ki, dəfələrlə İkram Rəhimov məktəbə gəlib və ona müəyyən məbləğlərdə pul verib. "Hürriyyət”in keçmiş əməkdaşı isə bu abuna haqqı olduğunu deyib. Hətta iddia edib ki, Zakir Hüseynovun "Hürriyyət" qəzetinə abunə olduğu haqda sənədlər də var...

- Burda qeyri-adi heç bir şey görmürəm. Həmin vaxtı hamı Rəsul Quliyevlə əlaqə yaratmaq istəyirdi. Görünür, bu adam da o insanlardan biri olub. İkramın dediyindən də anlaşılan odur ki, Zakir Hüseynov Rəsul Quliyevə yaxınlaşmaq üçün belə bir addım atsa da, məqsədinə nail olmayıb.

Bir də ki, həmin dövrdə qazetin baş redaktoru, yəni qazetə birbaşa məsul səxs Aydın Quliyev idi. Hətta belə bir şey olubsa belə, cavabı İkram Rəhimovla Aydın Quliyevdədir. Yəni "Hürriyyət” in adını belə şeylərə alət etmək düşünürəm ki, yanlışdır.

- Zakir Hüseynov bəzi epizodlarla bağlı deyib ki, pulu şəxsən İkram Rəhimovun özünə verməyib, Zaur adlı şəxs alırmış… Bu haqda nə deyə bilərsiniz?

- Mən şəxsən belə bir adam tanımıram. Əgər həqiqətən belə bir şəxs varsa, yəqin məhkəməyə dəvət olunaraq onun da ifadəsi alınacaq. /Hurriyyet.org/

Oxşar xəbərlər