Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...

  • 20 apr 2019, 21:09

Əhməd Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi "Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.

Fəhləlikdən "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr postuna gedən yol
Məhz bu məqamda, Əhməd Əhmədzadə barəsində qısa da olsa bəzi məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırmaq istərdik. Beləliklə, 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuş Əhməd Cuma oglu Əhmədzadə 1961-ci ildə Qaxmuğal kənd orta məktəbini, 1966-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib və mühəndis-hidrotexnik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. 1976-1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili alıb, 1978-1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK-nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK-nın birinci katibi, 1991-ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1981-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Dövrüyyəsi 1 milyardı keçən idarə
Xatırladaq ki, hal-hazırda Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə, Kollektorların İstismar İdarələri – 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri – 13 idarə, Meliorasiya İdarələri – 4 idarə, Mexaniki Suvarma İdarələri – 10 idarə, Subartezan Quyularının İstismar İdarələri – 9 idarə, Melioservis İdarələr – 23 idarə, Azmelsutəsərrüfat – ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.
Atadan və qaynatadan yarıyan Cuma Əhmədzadə
"Meliorasiya və Su Təsərrüfatı” ASC-yə illərlə dövlətin ayırdığı pullar sədr Əhməd Əhmədzadənin Britaniyada biznes qurmasına xərclənib. Əgər Cuma hansısa kənddə birinin oğlu olsaydı, indi Britaniyada biznes qura bilməzdi. Çünki onun buna nə imkanı, nə istedadı çatardı. Sadəcə, bioloji cəhətdən bəxti gətirib ki, əli korrupsiyaya bulaşmış, ölkənin meliorasiya təsərrüfatını talan etmiş Əhməd Əhmədzadənin övladıdır. İkinci bəxti ondan gətirib ki, ölkənin bir nömrəli bankiri, manatın qətlinə fərman verənlərdən olan, Azərbaycanın maliyyə-valyuta sisteminin "anasını ağladan”, adı uzun müddət Suriyanın bir şirkəti ilə Avstriyadakı rüşvətlə bağlı məhkəmə skandalında hallanan Mərkəzi Bank sədri Elman Rüstəmovun kürəkənidir. Bu qədər, ata və qaynata sarıdan yarıyan Cuma əfəndi dövlətin milyonlarını Londona daşıyıb, həbsdəki bankir Cahangir Hacıyev kimi özünə şirkətlər qurub.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb. Araşdırmaya görə, 2015-ci il devalvasiyasından sonra kredit bataqlığında çabalayan Azərbaycan əhalisindən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb. Daha dəqiqi, o və qudası Əhməd Əhmədzadə övladları vasitəsi ilə xaricdəki biznes imperiyasının sərhədlərini genişləndiriblər. Bu imperiyanın sərhədləri isə Londondan başlayıb Çexiyada bitir. Hətta iş o yerə çatıb ki, qudalar Çexiya Müdafiə Nazirliyinin balansındakı əmlakı da alıblar.


Jurnalistin araşdırmasına görə, Əhməd Əhmədzadənin oğlu və onun həyat yoldaşı olan Elman Rüstəmovun qızı Günel Rüstəmova uzun müddətdir ki, Londonda yaşayırlar. İddia olunur ki, onlar Avropadakı böyük sərvətə Azərbaycandakı korrupsiya hesabına sahibləniblər. Məlumata görə, onların Britaniyada sahib olduqları "Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE). 2010-cu ilin 26 oktyabr tarixinə qədər "Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib. 2010-cu ildən bəri "Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yayılan sənədlərə görə, 2013-cü ilin sonlarında Ə. Əhmədzadənin oğlu və E. Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər. 2014-cü ilin may ayının 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə məxsus binanın alınması barədə müqavilə bağlayıb. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Luboşem Hajdukem imzalayır. Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı C. Əhmədzadəyə satır. C. Əhmədzadənin Lipno ilə bağlı layihəsi nə az, nə çox – düz 150 milyon çex kronu, yəni təxminən 7 milyon dollar təşkil edir.
Cuma Əhmədzadənin erməniylə biznez bağlılığı
"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və oğluna yönəlik daha bir şok iddia diqqəti cəlb edir. Belə ki, ASC sədrinin oğlu Cuma Əhmədzadə büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonları bir sıra saxta MMC-lər vasitəsi ilə mənimsəmə əməliyyatları zamanı erməni əsilli qohumlarının "xidməti”ndən də yararlanır. Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan iddianı olduğu kimi təqdim edir: 

"04.aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 manat olan "PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzad Cuma Əhməd oğlu olduğu var. ASC-nin sədri Ə.Əhmədzadənin oğlunun təsisçisi olduğu MMC-yə bağlı araşdırma apararaq, aşkar etdik ki, 1955 ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlı odur ki, Nadir Umarovun həyat yoldaşı isə erməni əsilldir. O, 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Bu Fira yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə firmalar açıblar”.
Londondakı şirkətinin aktivləri daha 1 milyon funt sterlinq artıb
Bu yaxınlarda müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artdığını bildirib. Cumhuriyyet.az olaraq həmin statusu diqqətinizə çatdırırıq: "Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) İngiltərədəki şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artım olub. 

Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin 20 fevral 2019-cu ildə reyestrə daxil edilən 2018-ci illə bağlı illik maliyyə hesabatına görə, əvvəlki illə müqayisədə aktivlərin həcmi il ərzində daha bir milyon funt sterlinq artaraq 5 miyon 498 min 955 funt sterlinqə (və ya 7 milyon 200 min dollar) çatıb. Xatırladım ki, əvvəlki ilə aid maliyyə hesabatında bu rəqəm 4 miyon 368 min 743 funt sterlinq təşki edirdi. Ümumiyyətlə son 4 ildə baş bankirin kürəkəninin Londondakı şirkətinin aktivlərində 4 dəfə artım olub.
Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE)”.

Oxşar xəbərlər