Osman Nərimanoğlu mərhum Heydər Əliyevə məktub yazdı - "Kaş, bu gün yaşayaydın..!"
"Demokratik.Az" saytının rəhbəri Ulu Öndər Mərhum Heydər Əliyevin nurlu və əzəmətli məzarına şikayət məktubu yazıb. Baş redaktor müraciətini ölkə rəhbərliyinə və hüquq mühafizə orqanlarına da göndərməklə başına gələnlərdən, qarşılaşdığı problemlərdən gileylənib.
"Salam Heydər baba!
Qoy, Uca yaradanın ən şanlı salamı, fədaisi olduğun vətənindən göyə ucalan ən xoş sözlər sənə olsun, əziz və əvəzsiz lider! Necə ki, sən özün əqli-ruhunla yenə bizimləsən.
Əziz Heydər baba!
Bəri başdan bildirim ki, Sənə yazdığım bu məktub kədər - nisgilimdən, mənə edilən haqsızlıqlardan və zəmanənin ağrısından süzülən həqiqətlərdir. Amma, bu müraciətim daha önəmli bir məcburiyyətə də tabedir. Sənin cismani yoxluğunda öz ömrünü, hər allahın gününü ağlayaraq zülmətlərlə keçirən, kasıb və hamisizdir deyə haqqı zorlanan o qədər sevənlərin var ki... "Kaş, bu gün Heydər Əliyev yaşayaydı!..” - deyə-deyə ah çəkən sadə Heydərçilərin o qədərdir ki...
Tüfeyli, kimsəsiz, hıçqırıqlı, səssiz-səmirsiz...
Axı, sən zəiflərin, məzlumların, kasıbların, əməli dürüstlərin babasıydın...
Yetimləri acizanə durumda qoyub elə tez getməməliydin...
Bəzi zülmə, zillətə qarşı indi mən də için-için ağlayanların, əzabkeşlərin cərgəsindəyəm. Gücüm isə sənə bir məktub yazmağa çatır, başqa nəyəsə meyillənmək fayda vermir, çifayda...
Bəzən adama elə gəlir ki, bu milləti, dövləti və səni sevənləri daha çox hədəfə alırlar, rəsmən zülmətin iri pəncəsinə bir yem olaraq atırlar. Müəmmalıdır və təəssüflənirəm...
Ehh, Heydər baba!
Yaşasaydın, qəti əminəm ki, bu məmləkətdə haqlı olan zəif zümrələrə haqsız gədabaşların zəhərli dişi əsla batmayacaqdı. Yaşasaydın, bu məmləkətdəki nataraz mühit bu həddə olmayacaqdı, insan olana, vətəninə yararlı daş olana belə əzab verilməyəcəkdi...
Yaşasaydın, bu məmləkətin ağ daşı qara daşdan yaxşı seçiləcəkdi...
Kaş, bu gün yaşayaydın ki, doğma və layiqli siyasi varisini, uca qamətli oğlunu – Prezident cənab İlham Əliyevi də yağı paxıllığından, daxili və xarici mənfurların kəsərli nəfsindən qoruyaydın. Kaş, indi sağ olaydın!
Bəli, oğlun da sənin kimi güclü, ədalətli, vətənpərvər bir liderdir, amma elə düşmənləri də, ətrafında xəyanət edənləri də atası qədər çoxdur. Məncə, Heydər Əliyev əzəmətinə, uzaqgörən müdrik bir atanın fəhminə İlham Əliyevin də həmişə bizlər qədər ehtiyacı var...
Kumirim Heydər baba!
Bilirəm ki, bu məqamı da bilirsən! Azərbaycan xalqı məhz sənin mənəvi varlığınla, ümumbəşəri ideyalarınla, uca adınla ayaqda qalır. Xalq heç düşünmədən, fenomenal şəxsiyyətin qurtuluş nəfəsini, parlaq gələcəyinə ümidlərini Heydər Əliyev kimi monolit siyasi Azərbaycanlı əqidəsinin təbliğatçı övladı cənab İlham Əliyevdə tapır. Bu zərurətdir, sarsılmaz bir vəhdətdir. Yoxsa, sevələyib uzun illər əzizlədiyin bu millətin olan-qalan qüruru da, miras qoyub getdiyin mütəqil dövlətimizin əzəməti də çoxdan lap yerlə-yeksan olmuşdu. Allah bizi heç olmazsa bu bəladan hifz eləsin, in-şə-allah!..
İnan ki, Azərbaycanda sənsiz yaşamaq indi çox çətinləşib. Əgər mən, bəzən rahat nəfəs alıb, qələmimlə haqq işi azad fikir-sözdə ifadə edə bilmirəmsə, edib də sağol əvəzinə rəsmi qurumlardan yekəcə sillə-təpik yeyirəmsə, bu siyasi duruma yaraşan fərli bir ad tapıb qoya bilmirəm. Sən müdrik və ucasan, özün baş verənlərə bəlkə bir ad qoyasan!
Bir vaxtlar adın çəkiləndə gizlənməyə çala – dəlik gəzən bəzi oyunbazlar indi baş qaldırıb. Ölkəmizdə xeyli harın məmur sürüsü boy atıb. Cəmiyyət mövcud qanunlarla birlikdə vəzifəlilərin diqtəli nüfuzuna və pulluların haram var-dövlətinin ağırlığına tab gətirə bilmir.
Cəmiyyət elə təbəqələşib ki, həmrəyliyə doğru müqavimət əzmi də heç bir uğur qazanmadan adamı növbəti çıxılmaz uçuruma atır. Dibini görmədiyimiz uçurumlar isə təkcə vətənpərvər ruhlu fədailərini udmur, həm də bütün ümummilli və dövlətçilik dəyərlərini durmadan öz xarabalığına, öz ölüm bataqlığına çəkir.
Bəzən üz-üzə qaldığımız problemin həlli üçün oğlunuz cənab İlham Əliyevə yazılan məktublar, vacib müraciətlər hakimiyyətin qol-qanadını özlərinin şəxsi maraqlarına yelkən edənlərin fəhmi ilə ünvanına qovuşdurmur. Əksinə, yuxarılara yazılan bəzi müraciətlər əks effektlər verir. Qanunçuluq və insanların hüquq və azadlıqları məhkəmələr səviyyəsində elə kövrək duruma düşürülüb ki, qanun aliliyi ayaqlar altına atılır.
Azərbaycanda elə özbaşına proseslər gedir, sonda elə məhkəmə qərarları çıxarılır ki, möcüzədən çox ötədir. Xalqa bayraqdar olan ləyaqətli yadigarınız, möhtərəm prezident İlham Əliyev isə xeyli mətləblərdən yəqin ki, xəbərsizdir. Çünki, övladınızın etimad göstərdiyi yüksək rütbəli çinovniklər - məhkəmə hakimləri, polis rəisləri, prokurorlar, deputatlar, nazirlər, komitə sədrləri, ASC rəhbərləri, siyasiləşmiş bəzi yaramaz media təmsilçiləri və digər yetkililər var ki, sizin çizib getdiyiniz doğru haqq yoldan çoxdan çıxıb, hədlərini lap aşıblar. Məni üzən bir də odur ki, Heydər Əliyevin dövlətçilik ideyalarına XƏYANƏT edən qudurğanlar içərisində məhz sizin etimad edib vəzifəyə yüksəltdiyiniz şəxslərə də rast gəlirik. Onlardan bir çoxunun bığ-saqqalı da ağappaqdır, fəqət, ləyaqət və vicdanları indiki əməllərinə oxşayıb və qaralı-qanlı ləkələrlə doludur. Amma inanıram ki, Heydər Əliyev və xalq yolundan sarpıb millətinə və dövlətçiliyinə qarşı nankorluq edənlər, prezident İlham Əliyevdən həqiqətləri gizlədənlər öz ağır cəzalarına mütləq qovuşacaqlar.
İctimai nəzarətə qismən gücü yetən müstəqil jurnalist kimi deməliyəm, indi haqq olan söz də sənsiz öz gücünü, real fəlsəfəsini həqiqəti ilə birlikgə itirib. Vicdanlı jurnalistin qələmi ilə yazılan bəzi mətləblərə, ictimai önəm daşıyan mövzulara əxlaqsız qızlara biçilən lazımsız gödəkçə donu geyindirənlər tapılır. İndi labüd çılpaqlıq həqiqətlərdə deyil, nüfuzlulularda, əndazələrdə, uydurulmuş qorxulu yalanlardadır. Bu neqtivləri nədənsə dəf edə bilmirik.
Bir zamanlar jurnalistləri düz sözə görə təltif edirdilərsə, indi bəzi doğru sözə görə adamı rəsmən boğurlar. Bu hamı kimi məni də düşündürür, məşğul edir və çox qorxudur.
Xoşmijdəli Heydər baba!
Son ümidlərlə bir dahinin məzarına yazdığım bu müraciəti məhz bu məktubu alacaq olan mərhum Heydər babamın özü ilə - SƏNİN mənimlə olan ruhunla birlikdə yazıram. Çünki, səni qarşılıqsız sevənlərin qəlbində ucalan şəxsiyyətin dünyada qoyulan bütün heykəllərdən daha əzəmətlidir və mən də mənən bir əsgər kimi vətənin keşiyində və sənin yanındayam. Qarşında həm məsuliyyətli və acizanəyəm, qürurlu, xeyli də həyəcanlıyam.
Ulu Öndərimiz Heydər baba! Əsas mətləbə yetişənəcən sözümün uzandığının fərqindəyəm, xahiş edirəm bu səhvimi zəhminizin təsirindən naşılıq edən bir qələm fədainizin acizliyi kimi bağışlayasınız. Sizin böyüklüyünüzə qısaca məktub yazmaq özü əslində asan iş deyil...
Beləliklə, təəssüflə bildirirəm ki, Göygöl Məhkəməsi rəhbəri olduğum "Demokratik.Az” saytına və mənə qarşı sifarişli saxta qətnamə qət edərək müstəqil media orqanımın və şəxsimin ədalət mühakiməsinə olan bütün xoş ümidlərini puç edib. Məhkəmənin Rafiq Məmmədov adlı məsuliyyətsiz bir hakimi çıxardığı saxta və sifarişli qətnaməsində tutarlı əsaslar göstərmədən öz müstəqilliyindən sui-istifadə edərək Azərbaycanda son illər heç bir hakimdə müşahidə edilməyən ərki-xətaya imza atıb. Qətnamədə iki sözə və bir cümləyə görə mənə 2000 (iki min) manat təzminat cəriməsi kəsilib. Hələ, Nazirlər Kabinetinin qərarına sığışmayan, hörmətli Ədliyyə Nazirimiz Fikrət Məmmədovdan gizlədilən mücərrəd 210 manatlıq linqvistik ekspertiza xərcinin də kürəyimə saplandığı faktını demirəm.
Öz yaşadığım Göygöl rayonda mənə qarşı düzənlənən qərəzli və qeyri-qanuni qətnamə cari il martın 14-də çıxarılsa da, düz 20 gün hakimin evini və sövdəli vəkilin portfelini, paytaxt Bakıda kimlərinsə masasını "gəzə - gəzə” hazırlanıb. Absurd qətnamə özündə təkcə sifariş və qərəz ifadə etmir, eləcə də, Azərbaycan MPM-nin bir çox müddəalarını, hakim ədalətini, vicdanını, məhkəmə aliliyini qəsdən ayaqlar altına atır. Nəticə etibarilə, bəzi dövlət məmurlarının diqtəedici çirkin korrupsiya maraqlarını aydın şəkildə, özü də Respublika adına gerbli möhürlə yığcam sətirli bir kağızda açıq ehtiva edir.
Təsəvvür edin, real yaşam tərzində gündəlik çörəyə möhtac olan MƏN 100 minlərə pul deməyən harın Əhmədlərə nə az, nə də çox - düz 4 min çörək alıb verməliyəm! Özü də heç nəyə. Bu nə məhkəmə ədalətidi, nə mühakimədi, bilən azdı...
Narazı olduğum qətnaməyə əsas olan məhkəmə işi ötən ilin 04 iyununda yayımlanan "Əhməd Haradadır? – Göygöl Melioratorları bu suala cavab tapdı” məqaləsi ilə ortaya çıxıb. Həmin yazıda adıkeçən qocaman jurnalist Əhməd İsayevin əməlləri tənqid edilsə də, o özünün təhqir olunduğunu iddia edərək saytımı və yazının müəllifi olaraq da məni məhkəməyə - özünün günah dolu qurama qisasçılıq prosesinə cəlb edib.
Bu həmin Əhməddir ki, Milli Məclisin rəsmi media qurumu olan "Azərbaycan” qəzetinin uzun illər Qərb bölgəsi üzrə müxbiri işləyib, Gəncədə yaşadığı 40 il boyunca minbir oyundan çıxıb. Onun bağışlanmaz ən böyük jurnalist məsuliyyətsizliyi və oyunbazlığı isə milli poeziyamızın dahi şeyxi, dünya şöhrətli Nizami Gəncəvinin ruhuna sataşması ilə bağlıdır.
Qətnaməyə səbəb olan yazımda da vurğuladığım kimi, İsayev Əhməd Məmməd oğlu 2002-ci ildə "Azərbaycan” qəzetində ağlasığmaz məqaləsi ilə çıxış edərək dahi Nizaminin Gəncədə deyil, Qax rayonunun Qum kəndində doğulduğunu əsaslandırmağa çalışıb, bütün ölkəyə sərsəm iddialar hayqırmasıdır.
Adıçəkilən imza sahibi 1991-ci ildə "Gəncə və Gəncəlilər” adlı məşhur kitabındakı Nizamisevərlik – Gəncəsevərlik mövqeyini 11 ildən sonra naməlum səbəblərdən dəyişib. Dəfələrlə dövlət mükafatları alan jurnalist "Qum kəndində gözüm qaldı – Ona görə ki, Nizami ruhu gəzir bu yerlərdə” sərlövhəli ziddiyyətli məqaləsi ilə Gəncə ictimaiyyətində ikrah hissləri oyadıb. Milliyyətçə saxur (bəzən ləzgi) olduğunu deyən Ə.İsayev bu əməlilə gəncəlilərin əksəriyyətində özünə qarşı poetik nankor obrazı yaradıb. Üzücüdür ki, Əhməd İsayevin həmin cızmaqarasındakı əsl məqsədi və yaradıcılıq niyyəti hələ də tam izahsız, üzürsüz şəkildə qalmaqdadır.
Ədəbiyyatsevər Heydər baba!
Sizin Azərbaycan ədəbiyyatına və tarixinə, eləcə də dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsinə verdiyiniz töhvələr müasir tariximizdə özünə qızıl hərflərlə yer ayırır. Təsadüfi deyildir ki, hələ gənc yaşlarınızda – II dünya savaşında (1941-42-ci illər - O.N) SSRİ rəhbəri Stalinin göstərişilə dahi Nizaminin 800 illik yubileyinin keçirilməsinə dəstək olaraq poeziya günəşinin təbliğini Naxçıvanda təşkil etmisiniz. Təəssüf ki, bunu bir çoxları bilmir və bilən kəslərin bəziləri də unudublar.
Sizin Nizami Gəncəviyə bəslədiyiniz rəğbəti görməmək qərəz və korluqdur.
01.01.1979-cu ildə «Azərbaycan KPMK-nin xüsusi qərarı ilə böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbiqi haqqında» fərmanın verilməsi də, 1981-ci ildə Nizami Gəncəvinin doğum gününü nəzərə alaraq, şairin 840 illiyi haqqında SSRİ sərəncamı da məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüs və tələbkarlığı ilə çin olmuşdur. Bundan başqa, Bakıda "Nizami” adına metrostansiyanın tikilməsi, Heydər Əliyevin SSRİ-də və müstəqil Azərbaycanda rəhbərliyi illərində şairin doğma yurdu Gəncədə Nizami məqbərəsinin dəfələrlə təmir edilməsi danılmazdır. Dünyanın bir çox ölkələrində, eləcə də Rusiyanın paytaxtı Moskva şəhərində Nizami Gəncəvinin heykəllərinin açılış törəni də məhz Heydər Əliyevin iştirakı ilə baş tutmuşdur.
Sevindiricidir ki, sizin cismani yoxluğunuzda da siyasi varisləriniz dahi Nizamiyə xoş münasibətinizi uğurla davam etdirir. Bu gün fəaliyyət göstərən "Heydər Əliyev” fondunun təşkilatçılığı ilə hər il Nizami Gəncəviyə diqqət ayrılır. Azərbaycanın prezidenti cənab İlham Əliyev də, vitse-prezidentimiz, Yuneko və İseskonun xoşməramlı səfiri xanım Mehriban Əliyeva da bu şərəfli işin öhdəsindən layiqincə gəlirlər.
Nitqi-əzmi qəti Heydər baba!
Bütün bunları xatırlamaqla sevinirik ki, Nizami Gəncəvini Gəncədən ayırıb farslaşdırmağa qoymamışıq, poeziya günəşimizi sizin də əməli işləriniz sayənizdə hifz edə bilmişik. Ona görə də, məhz Əhməd İsayev kimi müəmmalı birinin məhz 2002-ci ildəki məqaləsi məndə də hiddət doğurmuşdur. Necə ola bilərdi ki, farsların "Nizami Gəncəvi bizimdir!" iddiaları azmış kimi, Milli Məclisimizi təmsil edən "Azərbaycan” qəzetinin bir səhifəsində şeyxin Gəncədə doğulmaması tirajlansın? Axı, Ə.İsayevin belə bir qərəzli məntiqlə hazırladığı savadsız yazısı bilə-bilə ulu Nizamiyə və onun həyatına şübhələr gətirmirdimi?
Əhməd İsayev utanmadan sözügedən məqaləni yayımlayanda "Gəncə və Gəncəlilər" Xeyriyyə Cəmiyyətinin 10 illik sədri idi və özünə sual belə etməmişdi ki, Nizami Qumlu olsa idi "Gəncəvi" yox, Qumlu deyə çağrılardı. Bundan başqa, 1991-ci ildə dahi Nizamini Gəncələşdirən qələm niyə 2002-ci ildə onu bir Qumlu etmişdir?
Nə dövlətin rəsmi mövqeyində, nə də dünya çapında Nizami Gəncəvinin həyatının tədqiqində onun Qaxın Qum kəndində doğulması barədə hansısa elmi bilgiləri onsuz da görmürük.
Təəssüf ki, Əhməd İsayev üzqaraldan məqaləsindən sonra Gəncə ictimaiyyətindən üzr belə istəməyib. Və təəssüf ki, sabiq icra başçısı Eldar Əzizovla qohumluq əlaqələrindən, şəxsi münasibətlərdən istifadə edərək Gəncədə hektarlarla torpağı zəbt edə bilib. (sonra əlindən alınsa da) Və ən yüksək dövlət təltiflərinə də layiq görülüb. Hesab edirəm ki, Əhməd İsayevin bütün təltifləri geri alınmalıdır. O, sizin həmişə səsləndirdiyiniz hikməti anlamalıdır. "Heç kəs qanunu pozmamalı, heç kəs özü üçün müstəsna hüquq tələb etməməlidir. Buna kimsənin haqqı yoxdur. Heç kəs deyə bilməz ki, mənim filan vaxt filan xidmətim olubdur!"
Təəssüf ki, Əhmədlər qocalsalar da, bu şeyləri heç anlamış deyillər.
Ədalətli Heydər baba!
Ancaq, mənə qarşı saxta və ədalətsiz məhkəmə qərarı təkcə Əhməd İsayevin şeyx Nizami Gəncəviyə sayqısız məqaləsini xatırlatdığıma görə çıxarılmayıb. Ona görə də sifariş qoxulu qətnamədə bu barədə bir cümlə də yazılmayıb. Çünki, Əhməd İsayevin dahi Nİzami Gəncəvinin doğulduğu yerə qarşı manipulyasiyalar edib "məsuliyyətsizlik və oyunbazlıq" etməsini etiraf etmək hakim Rafiq Məmmədova sərf etməyib.
Dəhşətlisi odur ki, sizin yaxşı tanıdığınız və illərlə etimad göstərdiyiniz baş melioratorumuz Əhməd Əhmədzadə də uzun illərdir kitablarını dərc etdirdiyi, dostluq etdiyi adaşının kinini məndən dolayısı ilə çıxmağa çalışır. Hazırda talanmaqda olan Göygöl SSİ-dəki özbaşınalıqları və maxinasiyaları da bu yolla ört-bas etdirməyə çalışır. Əslində, ölkədə bütün meliorasiya idarələri üzərlərinə vəzifə olan işlərlə deyil, ayrılan pulları sümürüb varlanmaqla məşğuldur. Belə olmasa idi, indi media Əhmədzadələrin Avropaya uzanan var-dövlətini tirajlamaz, "baş cuvarda bu qədər sərvət hardandı?" sualı etməzdi.
O da təsadüfi deyildir ki, sabiq icra başçısı Elmar Vəliyev tərəfindən biabırçı şəkildə Gəncədən qovulan, "Azərbaycan” qəzetinin bölgə müxbirliyindən atılan Ə.İsayev məlum "Gəncə hadisələri”nə qədər məni məhkəməyə verməyə cürət etməyib. Yazdığım doğrulara günahkar səsini çıxara bilməyib. İşdən qovulduğuna görə öz səhvlərini görməyən, əksinə, ürəyində baş redaktoru Bəxtiyar Sadıqova qarşı da kin bəsləyən, hörmətli millət vəkilinin və sabiq icra başçısının hər gün qeybətini edən birindən nə xeyir umasan ki?
Bildirirəm ki, Əhməd İsayev müxbirliyini itirdikdən sonra, Əhməd Əhmədzadənin yaratdığı şəraitlə Göygöl SSİ-nin otaqlarından birinə lövbər salıb. Tovuz Gömrük orqanından və Zaqatala hərbi Komissarlığından qovulmuş oğlu Bəxtiyar İsayevin və bir neçə yaxınının adını bu idarəyə yazdıraraq idarəni qeyri-rəsmi üsullarla kurasiya edir. Oğlu işə gəlməsə də illərdir maaş alır. İsayevlər Göygöl SSİ-də çalışan bir neçə işçinin adına kreditlər götürərək onları borca salıb. isayevlər illərdir istədikləri vaxt idarəyə ayrılan benzin yanacaq limitini maşınlarında pulsuz "üyüdürlər". Buna "dur!" deyən niyəsə yoxdur.
Ölü canlarla və maxinasiyalarla bol olan bu idarənin hazırki rəhbəri İlqar Məhərrəmovun özünün dəfələrlə şəxsən mənə bildirdiyinə görə, onu bu kürsüyə jurnalist Əhməd İsayev təyin etdirib. Ona görə, nə deyirsə, o da olacaq. Axı, kimdir bu qədər "güclü" hörmətəlayiq Əhməd İsayev?!
Təsadüfi deyil ki, eyni məqaləyə görə, yarıtmaz idarə müdiri İlqar Məhərrəmov da mənə qarşı absurd iddia qaldırıb. Bu paralelliyə və məni susdurmağa təpkilər Meliorasiyanın qocalmış xanədanı, ASC rəhbəri Əhmədzadənin kin-küdurətli iradəsinə də uyğunlaşdırılır. Necə ki, Əhmədzadə cənabları bu idarədə baş verən bir ölüm işinə, benzin və çay məcralarındakı bəndbərkitmə maxinasiyalarına, traktorların icarəyə verilməsinə və texnikalar lazımınca işləmədən büdcədən pulların silinməsinə susqundur. Aidiyyatı qurum rəhbərləri kimi - Axı, niyə?
Əhmədzadənin su qədər saf vicdanı vardısa, onda Göygöl rayonunda bütün "Su birlikləri”nin İlqar Məhərrəmovla hansı qələtlər etdiklərini maraqlanıb tədbirlər görərdi. Tabeliyindəki İlqar Məhərrəmovdan bircə kərə də soruşardı ki, 2-3 ildə 100 minlik maşını hansı pulla aldın? Əgər ayrılan və toplanan 100 minlərlə manat puldan Əhmədlərin xəbəri yoxsa, onda dövlətin ayırdığı maliyyə hara və necə xərclənir? İlqar Məhərrəmov təkcə talançılıq edirsə, bu Əhmədlərin mənə qarşı düşmənçiliyi nəyin üstündədir? Təkcə, süni yollarla sayı artmaqda olan 250-dən çox arteziana hər il ayrılan yarım milyondan çox vəsait həmişə ilin ortasında niyə yoxa çıxır? Göygöl İHB-nin icra başçısı Arif Seyidova, müavini Turani Əliyevə dövlətin traktoru və yanacağı hesabına villa katlavanları qazdıran İlqar Məhərrəmov bədxərcliyə pulu hardan alır? Niyə SSİ-nin yeni binası tikiləndə daşla deyil, 10 dəfə baha başa gələn şüşəbəndlə mühasirəyə alınıb və sair...
Bilirəm, uzunçuluq etdim. Özünü sizin müdaviminiz, sadiqiniz adlandıran Əhməd Əhmədzadənin indi hansı oyunları bacardığını bilin istədim. Qəti əminəm ki, Göygöl Məhkəməsinin "qeyri-müstəqil" fikirli hakimi Rafiq Məmmədov məhz Əhmədlərin – Əhmədzadələrin nüfuzunun təsirindən sərsəm bir qətnamə çıxarıb. Bu hakimin ədalətsizliyindən xeyli Göygöl sakini imdad diləyir. Əgər Ədliyyə nazirliyi bu hakimin çıxardığı qətnamələri dərindən araşdırarsa, yəqin ki, fəaliyyətinə xitam vermək zərurətini anlaya biləcək.
Əgər mənim yuxarıdakı hallara görə, Əhməd İsayevi "məsuliyyətsiz və oyunbaz” adlandırmağa, bərbad fəaliyyətli bir SSİ-ni və idarənin atmosferini korlamış birilərini tənqid etməyə haqqım yoxdursa, buna görə 2000 manat ödəməliyəmmi? Belə çıxır ki, bu ölkədə Əhmədlərin qisas sifarişi və Əhmədlərə deyilən hər tənqidi sözün cəza qiyməti min manata bərabərdir. "Məsuliyyətsiz və oyunbaz” sözləri əməllərə uyğun olub, şəxsiyyət əleyhinə təhqir məqsədilə deyilməsə də...
Bu arada, bu hakimə də eynisini deməyə haqqım var ki, hakim cənab Rafiq Məmmədov çıxardığı sifarişli qətnaməsi ilə elə qorxduğu və savunduğu Əhmədlər qədər məsuliyyətsiz və oyunbazdır.
Əbədiyaşar Heydər baba!
Sonda yalnız sənin əfvinə sığınır və and içirəm! Bu vətənin xoşbəxt gələcəyi və Azərbaycan dövlətinin güclənməsi naminə bütün pis Əhmədlərə qarşı haqq savaşımı sonacan davam etdirəcəyəm. Nizami ruhunu Gəncədən qopara bilməyən, Göygöl SSİ-ni illərdir yağır edən Əhmədi də, Əhmədlərin bəslədikləri balacaboy müdirlərini də ifşaya davam edəcəyəm. Müstəqil və ədalətli məhkəməmiz olmasa da, aidiyyatı dövlət qurumlarımız bundan sonra da Göygöl SSİ-dəki özbaşınalıqlara, korrupsiya və rüşvətxorluğa susqun qalsa da susmayacağam. Axı bu mənim üçün də bir vətəndaşlıq, vicdan və ləyaqət məsələsidir. Görünür, belə məşəqqət yaşamaq mənim də alın yazımmış...
Heydər babamın ruhu mənimlə olacaqsa, mənə bu da yetər!
Qarşıdan isə 10 may gəlir, Heydər Əlirza oğlu Əliyevin 96 yaşı tamam olur.
Azərbaycanın və sevənlərinin adı ilə - Doğum Gününz Mübarək olsun Heydər baba!
Qarşılaşdığım birokratik əngəlin aradan qalxacağı ümidilə, hələlik"...
Mərhum Heydər Əliyevin məzarına və işıqlı ruhuna sonsuz sayğılarımla,
"Demokratik.Az” saytının rəhbəri
Osman Nərimanoğlu