Beyləqanın sabiq deputatı sakinlərin torpağını "işğal" edib - İttiham

  • 13 mart 2019, 08:11

 

 

 

 

 

 

 

Beyləqan rayon Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu sabiq millət vəkili Ayaz Orucovdan şikayətçidir. Vətəndaş öz dərdini, illərdir həll edilməyən problemini "Demokratik.Az"-a yazaraq bildirir ki, 2014-cü ildən Beyləqan rayonunda keçmiş deputat olan Ayaz Orucov öz vəzifəsindən sui istifadə edərək Ruhid Əliyevlər ailəsinə məxsus Beyləqan şəhərinin mərkəzində yerləşən 20 sot torpaq sahəsini zor gücünə əllərindən alıb. Şikayətçi bildirir ki, həmin torpaq 1995-ci ildən ilkin sənədlərlə və Daşınnaz Əmlakın Dövlət Reyestrindən verilən qeydiyyat sənədi ilə də onlara məxsusdur.

Vətəndaşın yazdığına görə, sabiq deputat qəsb etdiyi torpaq sahəsini yaxınlıqda özünə məxsus 1 hektara yaxın torpaq sahəsinə, (güya rayona musiqi məktəbi tikiləcəkdi - həmin yerdə) özü üçün qeyri-qanuni inşa etdirdiyi qəsrin ərazisinə əlavə edib. Bu səbəbdən, vətəndaş şikayətlər əsasında torpağın əsl sahiblərinə qayıtmasına çalışır. İddiasına görə, Ayaz Orucovun tapşırığı ilə dəfələrlə polisin də müdaxiləsinə məruz qalıb.

"Demokratik.Az"-a yazılan müraciətdə o da vurğulanır ki, sabiq deputat "Hidromaş" adlı şirkətə sahibdir və bu şirkəti Beyləqan rayon İcra hakimiyyətinə və Beyləqan hüquq mühafizə orqanlarına mötəbər bir fonda bağlı qurum kimi təqdim edir. Bu yolla isə qanundankənar bir sıra məqsədlərini həyata keçirir.

Sonda, bu müraciətinin işıqlandırılmasını xahiş edən Ruhid Əliyev sabiq millət vəkili Ayaz Orucov tərəfindən pozulmuş hüquqlarının tezliklə bərpa ediləcəyinə ümidini ifadə edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

 

Demokratik.Az

 






 


 


Oxşar xəbərlər