Daşnaklar da Qarabağa görə Paşinyana hücuma keçdi

  • 30 yan 2019, 00:04

Əgər Ermənistanın indiki hakimiyyəti Qarabağa dair heç bir güzəştə getməsə daşnaklar onunla əməkdaşlığa hazırdır.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla bu gün yanvarın 29-da Daşnaksütun Erməni İnqilabi Federasiyası Bürosunun yeni seçilmiş sədri Armen Rüstəmyan çıxış edib. O bildirib ki, daşnaklar Qarabağ məsələsində Azərbaycana hər hansı güzəştə getməyə razı olan siyasi qüvvəyə qarşı ən qatı, sərt müxalifət mövqeyində olacaq.

Rüstəmyana görə Ermənistanın indiki hakimiyyətinin Qarabağ məsələsindəki mövqeyi Levon Ter-Petrosyanın mövqeyinə oxşayır. Hansı ki, bu mövqeyə görə Ermənistan inkişaf etmək istəyirsə Qarabağ məsələsində güzəştə getməlidir. "Hamı Levon ter-Petrosyanın bəyanatını yaxşı xatırlayır: "Serqo, sən Qarabağ məsələsi həll edilməyənədək yaxşı yaşaya bilməyəcəksən”. Biz isə hesab edirik ki, Qarabağ məsələsi ermənilər üçün ləyaqət məsələsidir. Burada kompromislərə yol vermək olmaz”-daşnakların lideri bildirib.

Qeyd edək ki, Nikol Paşinyan hələ Qarabağa dair heç bir ciddi danışıqlar başlatmasa da Ermənistanda keçmiş hakimiyyətin nümayəndələri, habelə Qarabağdakı erməni səhra komandirləri ona qarşı şiddətli hücum başladıblar. Paşinyanı Qarabağa dair "nəsə gizli plan qurmaqda” günahlandırırlar və onun ümumiyyətlə danışıqlara qatılması faktını "satqınçılıq əlaməti” hesab edirlər.

Bundan əvvəl xarici işlər naziri Zöhrab Mnatsakanyan "xalqların sülhə hazırlanması” barədə Parisdə azərbaycanlı həmkarı ilə əldə edilmiş razılaşmanın nə demək olduğu haqda suallara cavab olaraq demişdi ki, Qarabağ məsələsinin həllinin yeganə variantı sülhdür. Bunun alternativi isə fəlakətdir.

Dərhal Serj Sərkisyanın Respublika partiyasının sözçüsü Eduard Şarmazanov Mnatsakanyanın bu bəyanatını da Paşinyanın hökumətinin Qarabağa dair "gizli planının” əlaməti adlandırıb. O bildirib ki, indiki hökumətin mövqeyi Ter-Petrosyanın Qarabağa dair mövqeyini xatırladır.

Şarmazanovun fikrincə ötən ilin yazında baş vermiş "çevrilişdən” sonra hakimiyyətə Nikol Paşinyanın qismində Ter-Petrosyanın tərəfdarları gəlib və indi onlar Qarabağa dair gizli danışıqlar aparır. Üstəlik bunu heç danışıqlar adlandırmaq da istəmir.

"Danışıqlar aparılmırdısa Davosda dövlət başçıları 1.5 saat ərzində nə edirdi?”-o bildirir.

Ötən gün Dağlıq Qarabağdan olan generallar Vitali Balasanyan, Movses Akopyan , Levon Mnatsakanyan da ordu günü ilə bağlı keçirilən tədbirlərdə hamısı bir ağızdan torpaqların qaytarılmasını nəzərdə tutan hər hansı güzəştə qarşı çıxacaqları haqda bəyanatlar veriblər.

Virtualaz.org

Oxşar xəbərlər