DİN-in Mətbuat Xidməti: "Gəncədə qanunsuz küçə ticarətçiləri asayişi pozub"

  • 31 dek 2018, 13:08

Gəncə şəhəri, Nizami küçəsində qanunsuz küçə ticarətilə məşğul olan şəxslərlə polislər arasında yaşanmış insident barədə xəbər vermişdik. Yayılan xəbərlərə görə, xoşagəlməz hadisədə şikayətçilər şəhər baş polis idarəsinin rəisi Faiq Şabanovu onların alver etməsinə maneə olmaqda ittiham edirdilər...

"Meydan.TV"-də də yayımlanan videogörüntüdə polis rəisi Faiq Şabanova qarşı təhqiredici ifadələr işlədilir, polis özbaşınalıqda ittiham olunurdu...

DİN-in mətbuat xidməti məsələyə münasibət bildirib.

Qurumun Qərb regional mətbuat xidməti əməkdaşının "Demokratik.Az"-a bildirdiyinə görə, əslən Xocalıdan olduğu deyilən bir ailənin müraciəti əsasında bəzi xəbər saytlarında, sosial şəbəkələrdə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi barəsində yayılmış məlumatlar qərəzli, qeyri-obyektiv olmaqla yanaşı, həm də aşkar böhtan və şantaj xarakterlidir.

DİN-in mətbuat xidməti olaya belə aydınlıq gətirir: "Qeyd etmək lazımdır ki, belə həqiqətdən uzaq, əsassız məlumatların səslənməsinə səbəb cari il dekabrın 29-da bir ailənin 3 üzvü Gəncə şəhərinin Nizami və Səbuhi Xasıyev küçələrinin kəsişməsində qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd etməsindən baş verib. Belə ki, qanunsuz cəhdin qarşısını almaq məqsədilə ərazi üzrə polis sahə rəisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələbini qarşı tərəfə izah edib. Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinin qadağan olunduğunu bildirib. Lakin, həmin şəxslər polis əməkdaşının qanuni tələbinə tabeçilik göstərmək əvəzinə, bundan imtina etməklə hay-küy salıblar. Asayişi məqsədli şəkildə pozublar.

Beləliklə, ictimai qaydanın kobud surətdə pozulması sonda öz xidməti vəzifələrini yerinə yetirən, qanunsuz əməllərin qarşısını alan asayiş keşikçilərinin və şəhərin polis rəisi Faiq Şabanovun ünvanına təhqir və böhtanla nəticələnib. Onların yaydıqları videomaterialda da polisin işgüzar imicinə və nüfuzuna xələl gətirən ifadələr yer alır ki, bu da şikayətin əsassız və qərəzli olduğunu aşkar nümayiş etdirir. DİN-in mətbuat xidməti olaraq hadisədə günahın polis orqanında deyil, məhz vətəndaşlarda olduğunu diqqətinizə çatdırırıq. Hazırda sözügedən hadisə dərindən araşdırılır, ictimai qaydanın pozulmasına səbəb olan şəxslərin əməllərinə hüquqi qiymət veriləcək".

Sonda, DİN-in mətbuat xidməti KİV orqanlarını heç bir dəqiqləşdirmə aparmadan, belə xəbərləri yaymamağa, polisi nüfuzdan salmamağa çağırır.

Demokratik.Az


Oxşar xəbərlər