Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"

  • 13 dek 2018, 10:07

Anım günü münasibətilə ölkə başçısı İlham Əliyev və ailəsi, eləcə də dövlət və hökumət nümayəndələri mərhum prezidentin  Fəxri Xiyabandakı məzarını ziyarət ediblər

Dekabrın 12-də mərhum prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 15-ci ili tamam olub.  Anım günü münasibətilə ölkə başçısı İlham Əliyev və ailəsi, dövlət, hökumət nümayəndələri, xarici dövlətlərin nümayəndələri,  şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətindən ibarət böyük bir izdiham Fəxri Xiyabana yollanaraq, Heydər Əliyevin məzarını ziyarət ediblər. Məzarın ziyarət edilməsi mərasimində baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak ediblər.

Prezident İlham Əliyev və ailə üzvləri mərhum prezidentin xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Anim mərasiminə gələn məmurlardan bəziləri jurnalistlərə açıqlamasında mərhum prezidentlə bağlı xatirələri ilə yanaşı, rəhbər olduqları sahədə baş verən son yeniliklər barəsində də danışıblar.

***

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib.

Nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Bakıda belə bir görüşün keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir: "Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib”.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb”.

Xələf Xələfov həmçinin Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti  barəsində də danışıb. O bildirib ki, komissiyanın fəaliyyəti davam edir.  Xələfov həmçinin qeyd edib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ də ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyanın növbəti iclasının keçirilməsinə nail ola bilərik.

Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı isə işlər davam etdirilməlidir".

Qeyd etdiyimiz kimi, ziyarətçilər arasında xarici dövlətlərin nümayəndələri də vardı. Jurnalistlərə açıqlama verən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İNSAMER - İnsani və Sosial Araşdırmalar Mərkəzinin dərc etdiyi "Türkiyə İsrail və Azərbaycan münasibətlərindən narahatdır” adlı başlıqlı məqaləyə münasibət bildirib.

Səfir söyləyib ki, Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkə ilə istədiyi şəkildə münasibətlərini qura bilər:"Azərbaycan heç bir vaxt Türkiyəni narahat etməz. Türkiyə də Azərbaycanı heç vaxt narahat etməz. Bizim münasibətlərimiz qardaşlıq münasibətləridir. Bunlar heç bir şeyə bənzəmir. Bizim münasibətlərimizə zərbə vuracaq heç bir şey ola bilməz” - deyə, Özoral vurğulayıb.

Ziyarət sonrası Vəkillər Kollegiyasının sədri Anar Bağırov da jurnalistlərə açıqlama verib. O bildirib ki,  Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir.

A.Bağırov bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Həm Azərbaycan, həm də qarşı tərəfə məlum olduğu kimi bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz Ermənistandır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb”.

A.Bağırov hesab edib ki, məsələ ilə bağlı müsbət nəticələr olacaq: "Çünki həm dövlətin, həm ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir”.

Bağırov həmçinin vəkillərin fəaliyyəti barədə də danışıb. O, bildirib ki, Azərbaycanda xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır: "Bunlar dedi-qodudan başqa bir şey deyil. Azərbaycan Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur. Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər”.

A.Bağırov əlavə edib ki, bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan Vəkillər Kollegiyası qərar qəbul edib: "Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün fəaliyyəti dayandırılıb. 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkilin fəaliyyəti dayandırılır. 1 nəfər də kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə barəsində belə bir qərar qəbul olunub”. /Y.M/


 
Oxşar xəbərlər