PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”

  • 10 dek 2018, 16:55
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın həmmüəllifi və elmi redaktoru olduğu "İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat çıxması sosial şəbəkələrdə geniş müzakirə və mübahisələrə səbəb olub. 

Sözügedən kitabın digər həmmüəllifləri həmin şöbənin əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova,  İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovadır. Ədəbi oğurluq faktı üzrə iddialara görə, professor Sayalı Sadıqova və 4 nəfər işçisi aşağıdakı kitabların üzünü köçürüblər: 1. M.İ. Adilov, Z.N.Verdiyeva,  F.M.Ağayeva. İzahlı dilçilik terminləri. Bakı: Maarif, 1989; 2. Dilçilik ensiklopedaiyası. F.Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanıb. Bakı: Mütərcim, I cild 2006, II cild 2008.  Xatırladaq ki, əqli mülkiyyəti mənimsənilmiş M.Adilov və Z.Verdiyeva bir neçə il əvvəl vəfat ediblər.


Əvvəlcə onu qeyd edək ki, "İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə xəbəri dəyərləndirən Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fəxrəddin Veysəlli mətbuata ilkin açıqlamasında bu haqda geniş məlumatı olmadığını bildirib: "Plagiat çox yaramaz hərəkətdir. Xüsusilə də özünə hörmət edən alim gərək belə hərəkət etməsin. Çünki bu bir alimin etikasına uyğun gəlmir. Eyni zamanda qanun tərəfindən müəllif hüququları qorunur. Bununla bağlı Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Bu biabırçılıqdır. Onlar elə-belə alim, küçədən gələn adam deyillər. İndi əlimdə fakt olmadığı üçün çox söz deyə bilmirəm. Əslində, bu çox yaramaz, alçaq və həddindən artıq pis əməldir. Bütün ölkə miqyasında buna lənət oxunmalıdır”.


Plagiat olayı o qədər böyük qalmaqal yaradıb ki, hətta AMEA-dan da yan keçməyib. Məsələn, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov mətbuata verdiyi açıqlamasında bu hadisənin onu çox sarsıtdığını deyib:"Hər şey ortadadır. Çox təəssüf edirəm və belə halı heç kimə arzulamazdım. Təəssüf ki, plagiat faktı var. Məsələni daha dərindən araşdırmağı düşünürəm. Bu, mövcud qanunvericiliklə tənzimlənməlidir. Yəqin ki, bu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir. Plagiatlığın özü pis davranış, pis əməldir. Bütövlükdə plagiatlıq, elmi geriyə aparır. Bu hadisə ən azı ictimaiyyət tərəfindən qınanmalıdır”.


Şöbə müdirinin plagiat haqqında açıqlamasına görə onu qınayanlara sosial şəbəkədə cavabı belə olub: "Axı, mən bu nəhənglikdə plagiat faktını necə təkzib edə bilərəm?! Plagiat iş sahibləri kimlərdirsə,   qoy ictimaiyyətdən üzr istəsinlər. Faydalı işlə məşğul olsunlar, aldatmasınlar. Axı, mənə qarşı şər kombinasiyasının qurulması hansı məsləkə xidmət edir? Gəlin, faydalı iş görmək uğrunda yarışa girək! Plagiat yox, alın təri, göz nuru ilə ərsəyə gətirilmiş rəqabətə davamlı əsərlər ortaya qoyaq və yenə də   aldatmayaq!”
Plagiat olayının "baş qəhrəmanı”, professor Sayalı Sadıqova isə baş verənləri jurnalist təxəyyülünün məhsulu olduğunu bildirib:

"Bu söhbəti jurnalist açıb. Daha sonra Fəxrəddin müəllimə zəng edib. Fəxrəddin müəllim deyir ki, "mən "İzahlı dilçilik terminləri lüğəti”ni görməmişəm. Lüğət haqqında heç bir söz deyə bilmərəm”. Sonra məndən açıqlama alıb. Mən də bidirmişəm ki, "bizim lüğətimiz birdillidir, prinsipləri tamam başqadır”.

Ona görə mən o yazını məqsədli şəkildə yazılmış yazı hesab edirəm və heç onu şərh eləmək də istəmirəm. Fəxrəddin müəllimin səsyazısını da saxlamışıq. Fəxrəddin müəllim deyir ki, "xəstəydim, evimdə oturduğum yerdə jurnalist zəng etdi və münasibət bildirməyimi istədi. Mən də dedim ki, o lüğətlə tanış deyiləm”. O səsyazısı da bizdədir…


…Fəxrəddin müəllim deyirsə ki, "mən lüğəti görməmişəm”, jurnalistin yazını o cür təqdim etməsini özü bilər.

Kim deyib o sözü ki, bizim lüğət plagiatdır, bax o adam yoxdur ortada. Hər iki müəllif – mən də, Fəxrəddin müəllim də o fikirləri təkzib edirsə, deməli, ortada başqa adam var. İki il ərzində görülmüş işə kölgə salmaq olmaz. O lüğət hər bir dilçinin stolüstü kitbıdır”.

Əməkdaşımız Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli ilə əlaqə saxlayraq plagiat məsələsinə bir daha aydınlıq gətirməsini xahiş edib. Dilçi alim bildirib ki, onun müəllifliyi və redaktəsi ilə hazırlanan iki cildlik "Dilçilik ensiklopedaiyası” kitabını universitet 10 min manata qədər vəsait xərcləyərək çap etdirib. Lüğətdə baş məqalə ruscadır, sonra almanca, ingiliscə, fransızca gəlir. Azərbaycan dilində isə açması verilir. Mən və kollektiv bu lüğətin üzərində düz 10 il işləmişik, nəfis tərtibatlı, fundamental bir kitabdır. İndi Sayalı xanımın dəstəsi – özü və başqa iki-üç nəfər öz adlarından çap ediblər. Çox biabırçılıq, ümumiyyətlə, alim adına yaraşmayan hərəkətlərdir.

– Fəxrəddin müəllim, Sayalı xanım deyir: "Lüğətin plagiat olmasını hər iki müəllif – mən də, Fəxrəddin müəllim də – təkzib edirik”…

– İndi mən durub nə deyim? Deyim oğurluq deyil? Axı bu oğurluqdur, fakt göz qabağındadır. Həmin kitabı mən əldə eləmişəm. Deməli, "Giriş” sözündən tutmuş, qısaltmalara qədər ­– hamısını demək olmaz, özlərinin də əlavələri var, amma kitab özü bütövlükdə köçürmədir.

Siz özünüz də bunu araşdıra bilərsiniz. Onlar həm mənim kitabıbımdan, həm də digər 3 nəfərin həmmüəllif olduqları kitabdan istədikləri kimi köçürüblər. Mən söz tapa bilmirəm, bu alimə yaraşmayan bir sifətdir.

– Bununla bağlı Azərbaycan Respublikası Müəllif Hüquqları   Agentliyinə və ya məhkəməyə müraciət edəcəksinizmi?

– Sayalı xanım özü mənə zəng etmişdi, deyir, "nə qədər çox olsa, o qədər yaxşıdır”. Amma ayıbdır, Azərbaycan aliminə, ümumiyyətlə, dünyada elm adamına yaraşmayan hərəkətdir. Başqasının əziyyətlə yazdığı kitabı köçürəsən, üstündən də adını yazasan ki, "bu mənim lüğətimdir”. Belə şey olmaz axı. Bu arsızlıqdır, elmi cəhətdən etikanın pozulmasıdır. Almaniyanın Müdafiə naziri elmi işindəki bir cümləyə görə istefa verdi. Amma sən heç nədən çəkinmədən min səhifəlik iki cildlik kitabı götürüb köçürürsən. Belə hərəkətinlə özünə necə haqq qazandıra bilərsən?

Mən hər bir məqalənin altında mənbələri göstərmişəm, misallar vermişəm. O kitabda isə heç bir mənbə göstərilməyib, sadəcə, məqalələri götürüb öz adlarından veriblər.

Bu kitab mənim şəxsi yaradıcılığım, mülkiyyətim deyil, universitetin mülkiyyətidir. Ona görə də, hələlik faktları araşdırırıq. Ekspertlərin rəyindən sonra universitetə təqdim edəcəyəm.  Universitet özü məhkəməyə verib hüquqlarını tələb eləsin.

Bir məsələni xüsusi qeyd etmək istəyirəm: normal hallarda belə hadisələrdə, adətən, həmin adamların adları, dosentliyi, professorluğu, bir sözlə, bütün elmi titulları, dərəcələri əlindən alınır. Ayıbdır, axı, elmdə oğurluq olmaz. Çox böyük səhv, böyük yanlışlıq, rüsvayçılıqdır. Mən müəllif kimi bunu yaramaz hərəkət adlandırıram, lənətləmək lazımdır. Baş verən hadisəni rüsvayçı hal kimi ictimailəşdirmək və Azərbaycan cəmiyyətinə çatdırmaq lazımdır.

P.S. Faktla bağlı əməkdaşımız Azərbaycan Respublikası Müəllif Hüquqları  Agentliyinin məsələyə mövqeyini öyrənməyə çalışacaq. (ilkxeber.org)


Oxşar xəbərlər