Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”

  • 08 dek 2018, 11:04

"Aksiyada azı 20 min adam iştirak edəcək”

Qarabağ Komitəsi 15 dekabrda Yasamal rayonu "İnşaatçılar” metrostansiyası yaxınlığındakı "Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır. Komitənin İşçi Qrupunun üzvü və mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallının "Yeni Müsavat”a verdiyi məlumata görə, 15 dekabr mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edilib. Qarabağ Komitəsi artıq fövqəladə iş rejiminə keçib: "Demək olar ki, hər gün toplaşırıq. Ayın 15-nə çox az zaman qalır. Biz bütün hazırlıqlarımızı tamamlamaq istəyirik ki, BŞİH-in hər hansı bir qərarına hazır olaq. Ümid edirik ki, birinci mitinqə icazə verildiyi kimi bu mitinqə də icazə veriləcək və normal bir mitinq olacaq. Mitinqə hazırlıq toplantıları, görüşlər davam edir, təbliğat aparılır. Qarabağ Komitəsinin dayaq dəstələri yaradılır. Bu yaxınlarda Gəncədə dayaq dəstəsi yaradıldı. Bu gün məlumat gəlib Mingəçevirdə dayaq dəstəsi yaradıldı. Yəni işlər bütün gücü ilə davam edir”.

Həmsöhbətimiz deyib ki, mitinqə icazə veriləcəyi halda 15 dekabr mitinqinə 29 sentyabrda keçirilən birinci mitinqdəkindən çox insan qatılacaq: "Çünki birinci mitinqin təsiri güclü olub. Şəxsən mən ilk mitinqdən öncə pessimist idim, hesab edirdim ki, insanlar çox az gələcək. Amma bəlli oldu ki, insanlar Qarabağ mitinqinə qatılır. Bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verərsə, hökumət də mitinqin əleyhinə xüsusi təbliğat aparmasa 15 dekabr mitinqində ən azı 20 min adamın iştirak edəcəyinə inanıram. Keçən mitinqdən heç olmasa iki dəfə çox adam gələcək. Çünki Qarabağ məsələsi hər kəsin yaralı yeridir, hamı da bu məsələ də həssasdır”.

"Bu gün (dünən) parlamentdə bəzi deputatlar yenidən mitinqin əleyhinə çıxış ediblər. Sizcə, bu yenə də mitinqə razılıq verilməyəcəyinin siqnalı ola bilərmi? Əgər icazə verilməyəcəksə Qarabağ Komitəsi hansı addımı atacaq” sualına Ə.Zeynallı belə cavab verdi: "Artıq deputatlar 15 dekabr mitinqinə qarşı danışmağa başlayıblarsa, deməli hakimiyyət mitinqin əleyhinədir və icazə vermək fikrində deyil. Biz Qarabağ Komitəsi olaraq Qarabağ məsələsinin və Qarabağ mitinqlərinin dayandırılmasının tərəfdarı deyilik. Təbii ki, əgər icazə verməsələr, Komitə olaraq müzakirə aparıb qərar qəbul edəcəyik, hansı işlər görülməlidirsə onları görəcəyik. Amma hakimiyyət ümid eləməsin ki, biz Qarabağ mitinqlərindən geri çəkiləcəyik, geri çəkilmək yoxdur. Qarabağ uğrunda geri çəkilmək niyyətimiz yoxdur”.

"Yerlərdə dayaq dəstələrinin yaradılması işinin getdiyini dediniz. Qarabağ Komitəsinə tanınmış ictimai, siyasi xadimlərin də üzv olması üçün müraciətlər varmı” sualını isə Ə.Zeynallı belə cavablandırdı: "Biz Qarabağ Komitəsinə üzvlüyə özümüzü xüsusi olaraq canfəşanlıq eləmirik. Yəni biz kimdənsə xahiş etmirik. Əslində bu da yollardan biridir. Amma biz hazırda varianta əl atmırıq. Amma Qarabağ Komitəsinə yaxşı bir axın müşahidə olunur. Bizim hələ adını açıqlamadığımız adamlar var ki, onlar da Qarabağ Komitəsinə üzv olmaq istəyir. Fəhmin Hacıyevlə Qurban Məmmədov artıq bu günlərdə üzv qəbul olundular. Təkcə üzv qəbul olunmaqla kifayətlənməyiblər güman ki, Qurban Məmmədovun iştirakçılığı ilə bizim Londonda, Fəhmin Hacıyevin iştirakı ilə isə Kiyevdə dayaq dəstələrimiz yaradılacaq. Sankt-Peterburqdan Elbrus Mustafayev üzv olub. Güman ki, Sankt-Peterburqda da dayaq dəstəsi yaradılacaq. Moskvada dayaq dəstəsinin yaradılması artıq an məsələsidir. Fikrimiz var ki, Qarabağ Komitəsinin içərisində bir sıra şöbələr təsis edək. O şöbələrdən biri Ziyalılar şöbəsi olacaq. Düşünürəm ki, ciddi insanların Qarabağ Komitəsinə gəlməyi davam edəcək. Yəni tendensiya yaxşıdır”.

"Belə iddialar irəli sürənlər var ki, Qarabağ Komitəsi yeni formatda ortaya çıxarılmış müxalifət birliyidir, müxalifətin toparlanması platformasıdır. Belədirmi” sualına cavabında isə Ə.Zeynallı dedi ki, Qarabağ Komitəsi əsla müxalifət birliyi deyil və müxalifət birliyi olmayacaq: "Qarabağ Komitəsində müstəqil insanlar toplaşıb. Müstəqil insanların bəzilərinin fikirlərində ola bilər bir az müxalif fikirlər olsun, amma bu, müxalifət demək deyil. Qarabağ Komitəsində hakimiyyətin siyasətini dəstəkləyən adamlar da var”.

Oxşar xəbərlər