Gəncə “İmamzadə”si qeydiyyata alındı, maşınla təmin olundu

  • 07 dek 2018, 11:39

Hacı Tahir: "Ümumilikdə Gəncədə iki icmaya avtomobil verəcəklər, biri də bizim icmadır”

Azərbaycanda yeni qeydiyyatdan keçmiş dini icmalar arasında Gəncə "İmamzadə ziyarətgah” kompleksi də var. "İmamzadə” ilk dəfə olaraq dini icma kimi qeydiyyata alınıb.

Ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən toplantıda (DQİDK) yeni qeydiyyatdan keçən 30 dini icmaya şəhadətnamələr təqdim edilib. Dövlət Komitəsində təşkil olunan tədbirdə qurumun rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə şəhəri "İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov Azərbaycanda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib. Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Gəncə "İmamzadə”sinin icma kimi dövlət qeydiyyatına alınması ilə bağlı Hacı Tahirlə danışdıq. Yeni Müsavat"a açıqlamasında Hacı Tahir bildirdi ki, ilk dəfə olaraq "İmamzadə” icma kimi dövlət qeydiyyatına alınıb. Onun sözlərinə görə, indi kompleksin bir sıra problemləri aradan qaldırılıb, eləcə də dövlət yardımı edilib. Hacı Tahir bildirdi ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən iki icmaya avtomobil hədiyyə olunub. Bunlardan biri Gəncə "Şah Abbas” məscidi icması və "İmamzadə ziyarətgahı” icmasına verilib. Avtomobillər gələn həftənin əvvəli icmalara təhvil veriləcək.

Sitat: "Neçə ildir mümkün olmurdu, amma icmamız artıq rəsmi dövlət qeydiyyatına alındı. Bəzi problemlər də həllini tapdı. İcmamıza avtomobil də veriləcək. Ümumilikdə Gəncədə iki icmaya maşın verəcəklər, biri də bizim icmadır”.

Oxşar xəbərlər