"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı

  • 15 noy 2018, 21:35

Azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı irəli sürülən itthamların qondarma olması təsdiqini tapıb və "AyBaRus” ticarət evinin sahibi olan həmyerlimiz Rusiyaya qayıdıb. Onun barəsində əsassız ittihamlarla şikayət edən Xəlilov qardaşları – Famil, Namiq və Novruz isə Sankt Peterburqdan qaçıblar. Onların qondarma ittihamla istintaqa üz tutmalarında yönləndirici olmuş "müəllim” ləqəbli Eldar Qasımov da yoxa çıxıb.

Xəlilovlar Şəmkirin Şiştəpə qəsəbəsindəndirlər, illərdir ki, Sankt Peterburqda meyvə-tərəvəz biznesi ilə məşğul olublar. 2015-ci ildə maddi vəziyyətləri qəfil pisləşib. Həmin vaxtlarda özlərinin yaxın qohumu Elbrus Məmmədova və Elçin Əhmədova qarşı heç bir əsası olmayan iddialar, tələblər irəli sürüblər. Onlardan böyük məbləğlər tələb edib şəxsi vzəiyyətlərini düzəltməyə çalışıblar.

Elçin Əhmədov Sankt-Peterburqda yaşayan və daha çox Xəlilovlara yaxın olan şəmkirli ağsaqqalların iştirakı ilə onların tələblərinin araşdırılmasına nail olub.  Həmin araşdırma zamanı Xəlilovların iddialarının əsassızlığı ortaya qoyulub. Lakin Elçin Əhmədov elə həmin toplantıda hər kəsin yanında bəyan edib ki, Xəlilovların maddi durumunu nəzərə alaraq onlara yardım edəcək və edib də. Buna baxmayaraq sonradan ona məlum olub ki, Xəlilovlar onu, onun ailə üzvlərini güdürlər. Elə həmin günlərdə Elçin Əhmədova imzasız bir məktub göndərilib.

Həmin məktubda Xəlilovlar iddia ediblər ki, guya Elçin Əhmədov öz işçisi ilə onların şirkətinə basqın edib. Böyük məbləğdə pul ödəməyəcəyi təqdirdə, şikayətlərini istintaqa verəcəklərini bildiriblər. Elçin Əhmədov isə Xəlilovlara xəbər göndərib ki, hədə-qorxu ilə ondan pul qopara bilməyəcəklər, qondarma şikayətlərinə imza atıb istintaqa yollamaq da öz işləridir.

Beləcə Rusiyada meyvə-tərəvəz tədarükçüləri sırasında öncüllərdən olan iş adamı barəsində Rusiya İstintaq Komitəsi 3 il əvvəl baş verməsi iddia edilən bir cinayət işindən dolayı qiyabi qaydada cinayət işi başlamışdı, barəsində axtarış elan olunmuşdu.

Aylardır davam edən bu işə artıq nöqtə qoyulub. Bir daha təsdiqlənib ki, Elçin Əhmədovun barəsindəki axtarış işinin əsasını təşkil edən cinayət ümumiyyətlə baş verməyib. İstintaq dövründə Bakıda yaşayan Elçin Əhmədov bir neçə gün əvvəl vəkili Aleksandr Narışkinin müşayiəti ilə Moskvaya qayıdıb. Əhmədov Rusiya mətbuatına deyib ki, Moskvaya qayıtması haqda öz ailə üzvlərinə belə deməyib. Onun sözlərinə görə, İstintaq Komitəsi barəsindəki axtarış işinə xitam verəndən sonra o, nəticə etibarı ilə istintaq təcridxanasına göndərilə biləcəyi ehtimalını diqqətə alıb. Sərhəddə onun 1 saata yaxın saxlanılması da ən pis ssenarilərin doğrulama ehtimallarının reallaşa biləcəyini ortaya qoyub. Amma 1 saatlıq narahatlıqdan sonra iş adamına deyiblər ki, gedə bilər, onun barəsində axtarış işi ləğv olunub, sadəcə məlumat bazasında yenilənmə getməyib deyə belə bir narahatçılıq yaranıb.   

Növbəti gün Elçin Əhmədov vəkili ilə birgə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə yollanıblar. Orada vəkil araşdırmasının, təqsirləndirilənin özünün ifadələri və digər istintaq hərəkətlərinin nəticələri bir daha yoxlanılıb və xüsusilə mühüm işlər üzrə müstəntiq cinayət təqibinə son qoyulması haqda qərar çıxarıb.

Bu qərar iş adamına qarşı ittihamların əsassızlığını  təsdiqləyib.

Həmyerlimizə qarşı cinayət təqibinin başlanması haqda "Yeni Müsavat”ın 5 iyul tarixli sayında məlumat vermişdik: http://musavat.com/news/piter-qalmaqalinda-adi-hallanan-biznesmen-elcin-ehmedov-danisdi_539072.html  

Rusiya mətbuatı yazırdı ki, kriminaldan uzaq, Sankt-Peterburqun ictimai-mədəni həyatında yer alan Elçin Əhmədov adları dəfələrlə kriminalda hallanan Xəlilov qardaşlarının şər-böhtanı ilə üzləşib. Ona şər atmaqla 250 min dollar pul qoparmaq istəyiblər. Bu alınmayanda isə Xəlilovlar hüquq mühafizə orqanlarındakı əlaqələrindən istifadə etməklə barəsində qondarma cinayət işi başlanmasına nail olublar.

Şərlənmə necə baş vermişdi?  

Rusiyada milyardlıq dövriyyəyə malik şirkətə sahib olan Elçin Əhmədov qiyabi olaraq bu ilin mayında, İstintaq Komitəsinin Sankt-Peterbuq üzrə Baş İstintaq İdarəsi tərəfindən quldurluq ittihamı ilə axtarışa verilmişdi. Bu ittihamın əsasını Şəmkirin Şiştəpə qəsəbəsindən olan, Sankt-Peterburqda meyvə biznesi ilə məşğul olmuş Novruz Xəlilovun şikayət ərizəsi təşkil etmişdi.

Novruz Xəlilov Sankt-Peterburq bazarında höcətləşməni sevən bir bazar adamı kimi tanınır. O, şikayətində 2015-ci ildə Sankt-Peterburqda "Royal” ASC-yə basqın edilməsini, nəticədə Elçin Əhmədov və işçisi Cavid Mansurzadənin olduğu basqınçı dəstənin silahla hədələməklə 12 milyon rubl pulunun aparılmasını qeyd etmişdi.

Elçin Əhmədov və vəkilinin qeyd olunan cinayətin ümumiyyətlə baş verməməsi, şər-böhtan olması haqda  Rusiya hakimiyyət orqanlarına çoxsaylı müraciətlərindən sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin müavinlərindən biri işi tələb edib. Moskvada istintaqın obyektiv aparılması təmin olunub.

Yeni müstəntiq müəyyən edib ki, Xəlilov Elçin Əhmədov barəsində şikayəti onunla əvvəllər baş vermiş bir konfliktə görə yazıb. Belə ki, Xəlilov özünün şəriklərindən birinin Elçin Əhmədovun şirkətinə əsassız olaraq yarım milyon dollar pul köçürməsini iddia edib.  Halbuki həmin pul Elçin Əhmədovun şirkətindən alınmış meyvə-tərəvəzə görə ödənilməli olub. Bu zəmində iş adamları arasında münasibətlər gərginləşib və Elçin Əhmədovun barəsində qondarma ittihamla dolu şikayət ərizəsi yazılıb, ortaya cinayət işi çıxıb. Müstəntiq işi araşdırarkən belə bir nəticəyə gəlib ki, Xəlilovun şikayətində təsvir etdiyi basqın yalnız özünün və yaxın qohumlarının, ondan asılı olan qadın işçisinin sözlərinə əsaslanıb.

Buna görə də Elçin Əhmədovla işçisinin yalanla dolu, əsassız ittiham edilməsinə vəsilə olmuş şikayətin şəxsi maraqlardan doğduğunu istisna etməyiblər. Eyni zamanda Elçin Əhmədovla işçisinin, digər sorğulanmış şəxslərin, həmçinin "Royal” ASC əməkdaşlarının ifadələri də şikayətin əsassız olmasını ortaya qoyub. Elçin Əhmədovla işçisi heç bir basqında iştirak etmədiklərini, digər şəxslər isə ümumiyyətlə basqın olmadığını istintaqçılara bildiriblər.

Bundan başqa istintaqla müəyyən olunub ki, obyektiv nəzarət sistemləri vasitəsi ilə də Xəlilovun iddia etdiyi ildə, gündə, saatda hər hansı bir basqının baş verməsi təsdiq olunmayıb. Qeyd edilən ASC-nin ofisində, həmin ofisə gedən yollarda çoxsaylı videokameralar olsa da, həmin kameralardan çıxarışları Xəlilov nədənsə şikayətinə əlavə etməyi "unudub”. Obyektiv istintaq araşdırmasında isə bu "unutqanlığı” Xəlilovun xeyrinə olmayıb. Bundan başqa müstəntiq aydınlaşdırıb ki, Xəlilov olmayan basqın haqda böhtan şikayəti verməzdən əvvəl Elçin Əhmədovun yaxın qohumu hüquq-mühafizə orqanlarına müraciət edib, müraciətində Xəlilov qardaşlarına bağlı olan şəxslərin onlardan hədə-qorxu ilə 30 milyon rubl tələb etmələrini bildirib.

Nəticədə müstəntiq belə qənaətə gəlib ki,toplanmış materiallar Elçin Əhmədovla işçisinin basqına hər hansı bir aidiyyatlarının olmadığı təsdiqləyir. Onların basqına aidiyyatı haqda dəlillər toplanmış materiallarla bütünlüklə təkzib edilib. Buna görə də hər iki şəxs haqda cinayət təqibinə son qoyulub və cinayət işinə xitam verilib.

2018-ci il noyabrın 12-də Ruisya İstintaq Komitəsinin Sankt-Peterbuq üzrə Baş İstintaq İdarəsi belə qərar verib ki, basqın haqda şikayət sadəcə maraqlı şəxslərin özlərinin əsassız fikirlərinə söykənib və buna görə də cinayət işi xitam olunub.

Müstəntiq "belə bir cinayət hadisəsi olmayıb” qənaətinə gələrək işin bağlanmasına qərar verib. Cinayət işi üzrə fiqurantlar Elçin Əhmədov və işçisi Mansurzadənin reblitasiya hüquqları və baş verənlərə görə maddi, mənəvi kompensasiya tələb etmək hüquqlarının olması da açıqlanıb.

Elçin Əhmədov ailəsinə məxsus olan və istintaqçıların bu ilin mayında götürərək üzərinə həbs qoyulmuş maşın, kompüterlər və telefonların ailəsinə qaytarılacağına ümid etdiyini gizlətməyib. Hazırda Elçin Əhmədov kompensasiya haqda düşünmədiyini deyib. Bildirib ki, onun basqında iştirakı haqda böhtana şərikləri, şirkətinə kredit vermiş banklar inanmayıblar, ona olan inamları sarsılmayıb.

İstintaqın ilkin qənaətlərinin yanlışlığı Sankt-Peterburq iş aləmində olan və Elçin Əhmədovun şəxsiyyətinə bələd olan hər kəsə aydın olub. Cinayət təqibinə baxmayaraq, Elçin Əhmədov özünün biznesini qoruya bilib.

E.MƏMMƏDƏLİYEV
"Yeni Müsavat”

Oxşar xəbərlər